Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2809/2024 15.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 483-cü maddəsində qeyd olunan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli EP ******* saylı protokolu və ona əlavə edilmiş sənədlər Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Abşeron rayon Məhkəməsinin 3(012)-1949/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Abşeron rayon Məhkəməsinin bununla bağlı Azərbaycan Respublikası İXM-nin 109.1.7 və 110.1-ci maddələrinə istinad etmiş və qərardadını onunla əsaslandırmışdır ki, hazırkı inzibati xətanın törədildiyi yer, inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən səlahiyyəti orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin yerləşdiyi yer hesab olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, qeyd olunan səlahiyyətli orqanın hüquqi ünvanı ünvan 1 baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək Abşeron rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, hazırkı işə Abşeron rayon Məhkəməsində baxılmalıdır. Belə ki, İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixli Qərarına qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan inzibati xətalar fəslində nəzərdə tutulan inzibati xətaların törədilmə vaxtının və yerinin müəyyən edilməsi özünəməxsusluğu ilə seçilir. Belə ki, bu əməllər həm hərəkətlə (bəyannaməyə bilə-bilə yanlış məlumat daxil etmə), həm də hərəkətsizliklə (müəyyən edilmiş vaxtda bəyannaməni təqdim etməmə) törədilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında vurğulanmışdır ki, “... İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük qaydaları əleyhinə olan inzibati xətaların təhlili belə nəticəyə gəlməyə imkan verir ki, inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi həmin əməlin hərəkət və ya hərəkətsizliklə baş verməsi ilə şərtləndirilmişdir. Beləliklə, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Gömrük qaydaları əleyhinə olan inzibati xətaların hərəkətsizliklə baş verdiyi hallarda onların törədildiyi yer kimi Gömrük Məcəlləsinin tələblərinə müvafiq olaraq gömrük bəyannaməsinin gömrük orqanlarına təqdim edilməli olduğu yeri, bütün başqa hallarda gömrük borcunun yaranmasına səbəb olan halların baş verdiyi yeri, malların aidiyyəti gömrük proseduru altında yerləşdirilməli olduğu yeri, həmin prosedur daxilində gömrük ərazisinə gətirilməli olduğu yeri və ya gömrük orqanlarında olan məlumatlar inzibati xətanın bir neçə yerdə törədilməsini müəyyənləşdirməyə imkan verdiyi hallarda, gömrük borcunun yarandığı ilk yeri göstərmək olar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən hazırki iş üzrə törədilməsi istinad olunan inzibati xəta əməli hərəkətsizliklə ifadə olunduğundan inzibati xətanın törədildiyi yer hüquqi şəxsin olduğu yer hesab edilməlidir. İş materiallarından görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2 ki, Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən protokol və ona əlavə edilmiş sənədlər düzgün olaraq Abşeron rayon Məhkəməsinə verilmişdir. Məhz bu baxımdan və Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsaslanaraq, məhkəmə işi aidiyyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmiş Abşeron rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, bununla bağlı fikir ayrılığı var, bu fikir ayrılığı məsələsi Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən həll edilməlidir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, İXM-də məhkəmələr arasında məhkəmə aidiyyatı ilə bağlı fikir ayrılığı olduqda inzibati xəta haqqında işin bir məhkəmədən digərinə göndərilməsi ilə bağlı müddəa yoxdur. Ancaq məhkəmə “İXM-nin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında göstərilən hüquqi mövqeyə istinad edərək hesab edir ki, qanunun analogiyası tətbiq edilməli və Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından hazırkı iş üzrə məhkəmə aidiyyatı ilə bağlı fikir ayrılığı məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İXM-nin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 129, 118-cı maddələrini, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarı, Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə Şəxs MMC barəsində tərtib edilmiş protokola dair 3(060)-2809/2024 saylı iş materialları məhkəmə aidiyyatının müəyyən edilməsi məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2809/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2809/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver