Məhkəmə qərarları › İş №3(060)-2810/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2810/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2810/2021 23.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Oruczadə Urfan Eynur oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhəri 4-cü PB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Qubadlı rayonu Hal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İnzibati xətaya dair işin materiallarından görünür ki, Şəxs 21.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, Xəzər bağlar massivi, “Simurq” restoranının qarşısında vətəndaş X5 ilə mübahisə edərkən hadisə yerinə yaxınlaşmış PPXT əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Şəxs barəsində tərtib olunmuş 23 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və 23.08.2021-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şahmar Qəhrəmanov məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs 21.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, Xəzər bağlar massivi, “Simurq” restoranının qarşısında vətəndaş X5 ilə mübahisə edərkən hadisə yerinə yaxınlaşmış PPXT əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Belə ki, Şəxs avtopatrula əyləşərək bölməyə getməkdən imtina etmişdir. Nəticədə əməkdaşlar onu məcburi şəkildə avtopatrula əyləşdirərək bölməyə təmin etmişlər. Digər vətəndaş isə könüllü şəkildə avtopatrula əyləşmişdir. Həmin vaxt Şəxs heç bir zor tətbiq etməmişdir. Onun polisin qanuni tələbinə tabe olmaması yalnız avtopatrula əyləşməkdən imtina etməkdən ibarət olmuşdur. Qeyd olunan fakt əsasında Şəxs barəsində 23 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, 21.08.2021-ci il tarixdə saat təxminən 13:15 radələrində Sumqayıt şəhəri, Xəzər bağlar massivi, “Simurq” restoranının qarşısında özünə məxsus olan avtomobildə hərəkətdə olan zaman avtomobildə olan nasazlığa görə qarşıdan hərəkətdə olan avtomobilin sürücüsü ilə aralarında anlaşılmazlıq yaranmış, həmin vaxt o və digər sürücü avtomobildən yerə enmişdir. Hadisə vaxtı onların aralarında dava-dalaş olmamış, ancaq söz mübahisələri olmuşdur. Bu zaman PPXT-nin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və onları bölməyə dəvət etmişdir. O isə aralarrında heç bir davadalaş olmadığı üçün nə səbəbə bölməyə getməli olduğunu bildirərək etiraz etmiş, ona baş vermiş hadisənin bölmədə aydınlaşdırılacağı bildirilmiş və avtopatrula əyləşdirilmişdir. Hadisə vaxtı onun tərəfindən PPXT əməkdaşlarına qarşı hər hansı zor tətbiq edilməmişdir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid Sumqayıt şəhər Polis İdarəsi PPXT-nin 1-ci bölüyünün polis nəfəri, polis serjantı X2 izahatında göstərdi ki, 21.08.2021-ci il tarixdə təxminən saat 13:30 radələrində 91-38 saylı avtopatrulda xidmət aparan zaman 3303 efir vasitəsilə “Simurq” şadlıq sarayının qarşısında dava-dalaş olduğu bildirilərək hadisə yerinə çağırılmış, postaçı yoldaşı X3 ilə birgə hadisə yerinə yaxınlaşmışlar, həmin vaxt 2 nəfər şəxsin bir-biri ilə söz mübahisəsi etdiyinin şahidi olmuş, onları nizam-intizama dəvət etmişlər, onları ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər, həmin vaxt Şəxs polisin qanuni tələbini pozaraq onların göstərişinə əməl etməmiş, digər şəxs isə göstərişdən dərhal sonra avtopatrul maşınında əyləşmiş, nəhayət hər iki vətəndaş aidiyyəti üzrə polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, araşdırma zamanı izahatı alınmış X5 21.08.2021-ci il tarixdə təxminən saat 13:30 radələrində Sumqayıt şəhəri, Xəzər bağlar massivi, “Simurq” restoranının qarşısında özünə məxsus olan avtomobildə hərəkətdə olan zaman köməkçi yoldan hərəkətdə olan digər avtomobil ona yol vermədiyini, bu zaman həmin şəxs ona qarşı nalayiq ifadə səsləndirdiyini, bu söyüşü eşidib avtomobildən endiyini, həmin şəxs də avtomobildən endiyini, aralarında sözlü mübahisə yarandığını, hadisə zamanı bir-biri ilə dalaşmadıqlarını, əsəbləşdikləri üçün belə bir hadisənin baş verdiyini göstərmişdir. İş materiallarından görünür ki, araşdırma zamanı izahatı alınmış X3 da şahid X2 ilə oxşar məzmunlu izahat vermişdir. İnzibati xətaya dair iş materiallarında olan 23.08.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surəti Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq, inzibati protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi, şahidi və müdafiəçini dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs təqsirli bilindiyi AR İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Beləliklə, Məhkəmə, törədilmiş inzibati xətanın ağırlığını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: "xxxx" Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar