Məhkəmə qərarları › İş №3(060)-2811/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2811/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2811/2024 14.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Mübariz qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1967-ci ildə Ermənistan Respublikası, Qarakilsə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* seriyalı, xx.xx.2024-cü il tarixli protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-410/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş, heç bir ödəniş etməmişdir. Protokolu tərtib etmiş icra məmuru Sənan Qasımlı izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd olunan icra vərəqəsinə əsasən Şəxs 3635 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq tələbkar X3 ödənilməlidir. Həmin icra sənədi əsasında qəbul edilmiş icraata başlamaq haqqında qərar və bildiriş borcluya təqdim edilmiş, lakin tələb könüllü icra müddətində, nə də sonraki vaxtlarda icra edilməmişdir. Qeyd edir ki, borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı əmlak və ya rəsmi gəlir yeri yoxdur. Şəxs “1-cı Qarabağ müharibəsi” iştirakçısı olduğu üçün ona dövlət tərəfindən hər ay 80 manat müavinət ödənilir, icraatda olan digər iş üzrə tələb həmin vəsaitə yönəldilmişdir. Hazırkı iş üzrə tələbkarın özü də tələbin həmin vəsaitə yönəldilməsinə razı olmamış, bu səbəbdən yönəltmə etməmişlər. Əlavə olaraq bildirir ki, tələbkar özünə məxsus bank hesabını təqdim etmədiyi üçün borclu tərəfindən bugünki tarixdə ödəmək istədiyi 200 manat pulu İdarənin depozit hesabına köçürmüşdür. Borclu Şəxs qan xərçəngi xəstəliyindən əziyyət çəkməsindən məlumatı olmuşdur. Protokolu müdafiə edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, tələbkara 3635 manat borcu olduğunu qəbul edir. Hal-hazırda həmin borcdan 200 manat ödəniş etmiş və qalan borcu hər ay 100 manat olmaqla ödəyəcəyinə söz verir. Qeyd edir ki, özü qan xərçəngi xəstəliyindən, yoldaşı isə şəkər xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən borcunu ödəyə bilməmişdir. “1-ci Qarabağ müharibəsi” iştirakçısı olduğu üçün hər ay ona dövlət tərəfindən 80 manat müavinət ödənilir. Xəstəliyi ilə əlaqdar Bakı şəhəri Nəsimi rayonunda yerləşən Hemotologiya xəstəxanasında müalicə alır, sonuncu dəfə təxminən 12 gün orada müalicə almış, sistemlər köçürülmüşdür. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində protokol tərtib edilmiş Şəxs vəkili Səadət Vəliyeva borclunun hərəkətlərində hər hansı qərəz olmadığını, xəstəlik və imkansızlıq səbəbindən borcu ödəyə bilmədiyini bildirmişdir. İcra məmuru tərəfindən qanunamüvafiq bütün icra tədbirləri edilmədən protokol tərtib edilmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Bakı şəhəri Sumqayıt şəhər Məhkəməsinin 2(060)-410/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 3635 manat alınaraq tələbkar X3 ödənilməlidir. Qərarın könüllü icrası barədə bildirişdən görünür ki, Şəxs qərarı və könüllü icra barədə bildirişi xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Milli Hematalogiya və Transfuziologiya Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli EPİKRİZ-dən görünür ki, Şəxs əsas D72.9 AĞ qan hüceyrələrinin dəqiqləşdirilməmiş pozğunluğu diaqnozu ilə xəstəliklə həmin mərkəzdə qeydiyyatdadır. “Borclunun axtarışı haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Sumqayıt Şəhər Hərbi Komissarlığından verilmiş 039150 № li Vəsiqədən Şəxs müharibə veteranı olması müəyyən edilmişdir. Elektron İcra İnformasiya sistemindən işə əlavə edilmiş məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında təqdim edilmiş qəbzdən görünür ki, Şəxs depozit hesabına 200 manat pul ödəmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ağ qan hüceyrələrinin dəqiqləşdirilməmiş pozğunluğu diaqnozu xəstəliyindən əziyyət çəkən, “1-ci Qarabağ müharibəsi” iştirakçısı və veteranı borclu Şəxs qətnamə üzrə borcunun qanunla müəyyən edilmiş vaxtda ödəməmiş, bu günki tarixdə müvafiq depozit hesabına 200 manat ödəmiş, qalıq borcunu isə hər ay 100 manat olmaqla tələbkara ödəyəcəyinə söz vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, icra məmuru “İcra Haqqında” qanunda nəzərdə tutulmuş bütün mümkün icra tədbirləri həyata keçirmədən və borcun ödənilməməsinin nəticələri barədə borclu ilə profilaktik söhbətlər aparmadan daha sərt inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Şəxs ağır xəstəlikdən əziyyət çəkdiyini, yoldaşının şəkər xəstəsi olduğunu, özünün “1-ci Qarabağ Müharibəsi” veteranı olduğunu, 80 manat müavinət aldığını bildirmişdir. Lakin icra məmuru qanunla müəyyən edilmiş qaydada mümkün icra tədbirlərini tam həyata keçirmədən protokol tərtib edərək məhkəməyə göndərmişdir. Belə ki, göründüyü kimi borclunun aldığı müavinətə tələb yönəldilməmiş, borclunun üçüncü şəxslərdə ola biləcək əmlakları barədə icra tədbiri həyata keçirilməmiş, eyni zamanda borclunun yaşadığı ünvana baxış keçrilmədən müvafiq protokol tərtib edilmişdir. İş materiallarından görünür ki, borclu bu günki tarixdə tələbkara 200 manat ödəniş etmiş, qalıq borcu aylıq 100 manat olmaqla ödəyəcəyinə söz vermişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində hazırki vəziyyətdə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X4 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar