Məhkəmə qərarları › İş №3(060)-2811/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2811/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2811/2025 12.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31564612 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31564612 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, EQ31564612 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinib, 80 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. İnzibati xəta o, “Karvan Ticarət Mərkəzi”-nin Nərimanov küçəsi istiqamətində parklanma etmək istəyən zaman tərtib olunmuşdur. O, avtomobilini göstərilən ünvanda park etmək üçün saxlamış, boş yerin olub-olmamasını müşahidə etmiş və boş yer olmadığına görə hərəkətinə davam etmişdir. Orda olan zaman avtomobilindən enmədiyini və çəkilən şəkillərdə arxa əyləc işıqları yanan zaman olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli EQ 31564612 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi və qərardan şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin və şikayət verən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31564612 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 həmin tarixdə, saat 11:19-da “FORD FUSİON MİNİK” markalı, **-ET-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu səbəbdən də həmin maddə ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ31564612 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının DİN BDYPİ-yə X1 barəsində xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarının (foto, video materiallar və s.) təqdim edilməsi barədə sorğu göndərilsə də, qeyd edilən sorğuya cavab verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X1 xx.xx.2025-ci il tarixdə saat 11:19-da Sumqayıt şəhəri, Nərimanov küçəsində ona məxsus “FORD FUSİON MİNİK” markalı, **-ET-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə İXM-nin 346.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan yol hərəkəti qaydasını pozması faktı araşdırılmadan, onun həmin ərazidə yolun hərəkət hissəsinin ikinci və sonrakı cərgələrdə dayanıb-dayanmaması (eyni zamanda durması faktı) müəyyən edilmədən iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən halların müəyyən edilməsi üçün X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31564612 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün mühüm faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polis İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31564612 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar