Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2814/2024 14.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi Qalib Quliyevin, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:40 radələrində Bakı-Quba magistral yolunun Sumqayıt şəhəri, Ceyranbatan bağları, “Asfalt” zavod ərazisində yerləşən köşkə yaxınlaşaraq satıcı X2 “etibarsızdır” yazısı yazılmış 50 manatlıq əskinas verərək aldatmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi Qalib Quliyev öz izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:40 radələrində Bakı-Quba magistral yolunun Sumqayıt şəhəri, Ceyranbatan bağları, “Asfalt” zavod ərazisində yerləşən köşkə yaxınlaşaraq satıcı X2 “etibarsızdır” yazısı yazılmış 50 manatlıq əskinas verərək aldatmışdır. İş üzrə təhqiqat araşdırması aparılmış və baş vermiş hadisədə cinayət tərkibi olmadığı üçün cinayət işnin başlanması rədd edilmişdir. Rədd qərarı ilə hadisəni törədən şəxsin Şəxs olması və həmin şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğu müəyyən edilmişdir. Bundan tərəfindən hadisəni törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Təxminən bir həftə bundan əvvəl Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığıda müştəri gözləyən zaman yerdə 50 manatlıq əskinaz tapmışdır. Əskinazın üzərində olan “etibarsızdır” sözünün üzərinə kağız ilə yapışqan yapışdırmış, daha sonra Bakı-Quba magistral yolunun Sumqayıt şəhəri, Ceyranbatan bağları, “Asfalt” zavod ərazisində yerləşən köşkə yaxınlaşmış, satıcıya həmin əskinazı verərək 6 manatlıq məbləğində siqaret almışdır. Hazırda əməlindən peşmandır və bir daha bu kimi əməllərə yol verməyəcəyinə söz verir. Həmçinin bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, vurulmuş ziyanı tam ödəmişdir, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 bildirmişdir ki, ona vurulmuş ziyan Şəxs tərəfindən ödənilmişdir, sonuncu ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı müvafiq ərizəsini də məhkəməyə təqdim etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxsin müəyyən edilib barəsində inzibati təsir tədbirinin görülməsindən ötrü qəbul olunmuş qəarın surəti aidiyyatı üzrə verilmişdir. İş materiallarında olan inzibati qaydada tutma barədə protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərərçəkmiş şəxs barışmış, vurulmuş ziyan tam ödənilmiş, zərərçəkmiş şəxsin hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351- 1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs ilə barışdığı və ona vurduğu ziyanı tam ödədiyi üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 48-51, 53, 114-117 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bir ədəd 50 manatlıq suvenir əskinas iş materiallarında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2814/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2814/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver