Məhkəmə qərarları › İş №3(060)-2815/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2815/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2815/2024 03.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ23958967 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ23958967 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, onun barəsində hazırki inzibati tənbeh tətbiq etmə barədə qərar ona görə qəbul edilmişdir ki, o idarə etdiyi nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin ikinci və sonrakı cərgəsində saxlamışdır. Lakin, həmin vaxt onun dayanması məcburi olmuşdur. Belə ki, inzibati xətanın qeydə alındığ vaxt onun iştirakı ilə başqa bir yol nəqliyyat hadisəsi baş vermiş və ona görə məcburi dayanmışdır. Həmin vaxt dayanmasına görə isə hazırki inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında iştirak edən X4 şikayətinin maiyyətinə uyğun çıxış edərək Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ23958967 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ23958967 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ23958967 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09:16 radələrində “Hyundai İ30” minik markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, Babək küçəsində yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgədə dayanmasına (durmasına) görə X4 Azərbaycan Respublikasının İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin X6 Şöbəsi tərəfindən verilmiş arayış və “Asan Pay” ödəniş portalından çıxarışa əsasən müəyyən edilir ki, sürücü X2 idarə etdiyi “Hyundai İ30” minik markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində Sumqayıt şəhəri, Babək küçəsində yolnəqliyyat hadisəsi baş vermiş və buna görə X4 Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, indiki halda “Hyundai İ30” minik markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətləri dayanma və durma qaydalarının pozulması kimi deyil, qəza-dayanma kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə həmin vaxt sürücü X2 qəza ilə bağlı məcburi dayanması öz təsdiqini tapır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci madddəsinin İV hissəsinin 1-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir. Göstərilən səbəbdən də məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, EQ23958967 saylı elektron inzibati tənbeh vermə haqqında qərar üzrə sürücü X2 əməllərində inzibati xəta tərkibi mövcud olmamışdır. Belə ki, həmin vaxt sürücünün hərəkətləri qəza ilə bağlı məcburi dayanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-in 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ23958967 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ23958967 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 adına qeyd edilmiş xx.xx.2024-cü il tarixli, EQ23958967 saylı elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar