Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2817/2024 15.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, İcra sənədi üzrə tələbkar X1 iştirakları ilə, xx.xx.1980-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Orxan Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6507/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ödəməli olduğu 22240 manat pulu üzürsüz səbəbdən icra etməmiş, icra məmurunun qanuni tələblərinə məhəl qoymamış və bir il ərzində həmin xətanı təkrar törətmiş, bununla da, o, İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş böyük icra məmuru Orxan Məmmədov izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6507/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 50000 manat və dövlət rüsumu üçün ödənilmiş 240 manat 40 qəpik, cəmi 50240 manat 40 qəpik məbləğində pul vəsaitinin tutularaq iddiaçı Elman Həsənova ödənilməsi qət edilmişdir. İcra sənədi onun icraatına 2024-cü ilin ayında verilmişdir. Borclu ilə əlaqə saxlanılmış, o, may ayında çağırışa gəlmiş, ondan sonra borclu nə telefonlara cavab vermiş, nə də çağırışlara gəlmişdir. Borclu barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş, axtarışla gətirilməsi üçün polisə axtarış qərarı göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Pİ-dən məktub daxil olaraq borclu xx.xx.2024-cü il tarixdə həbs olunduğu üçün onu təqdim edə bilməyəcəkləri göstərilmişdir. Dəfələrlə borclu ilə telefon əlaqəsi saxlanılmış, ayda bir dəfə onunla telefonla danışmaq imkanları olmuşdur. Sonra yenidən borclu barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. Tələbkar məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar Xidmət rəisinin qəbuluna yazılmışdır. Bununla əlaqədar borclu İdarəyə dəvət olunmuş, lakin gəlmədiyi üçün bu gün 08:00 radələrində borclunun yaşadığı ünvanda olmuşlar. Hazırda borclu tərəfindən ödənilməmiş 22240 manat borc qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən borclu İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə olunmasına baxmayaraq nə həmin cərimə məbləğini, nə də borcdan heç bir ödəniş etməmişdir. Borclunun CM-nin 178-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında cinayət işi vardır. Növbəti məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmiş, buna görə də Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü qismən təqsirli bilərək izahatında borcu ödəməyə imkanının olmadığını, işləmədiyini, borcu aldığı zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, 4 yerdə mağaza və restoran işlətdiyini sonradan imkansız duruma düşdüyünü bildirmişdir. 2022-ci ilin fevral ayında onkoloji xəstə olduğu aşkar olunmuş, ondan sonra mağaza və restoranları bağlamışdır. Məhkəmə zamanı Azərbaycan Respublikası ərazisində olmamış, əslində tələbkara 50000 manat deyil, 28000 manat borcu olmuş və həmin məbləği də 2023-cü ilin may ayında qaytarmışdır. Dəfələrlə insult olmuş və Sumqayıt şəhərində yerləşən xəstəxanalarda müalicə almışdır. xx.xx.2024-cü il tarixdə Orxan müəllim evinə gəlmiş, heç zaman həbs olunmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan işlə əlaqədar bildirir ki, o, heç kimdən heçnə almamış və heç kimə heçnə verməmişdir. Dövlət ittihamçısı noyabr ayının 4-də ona 6 il cəza istəmiş, həmin zaman digər təqsirləndirilən şəxs Hicran xanım zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmiş və cinayət əməlinin özü tərəfindən törədildiyini bildirdikdən sonra proses təxirə salınmış, 07 noyabr tarixdə olan məhkəmə iclasında dövlət ittihamçı onun barəsində bəraət hökmü çıxarılması barədə çıxış etmiş və məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Hal-hazırda heç bir ödəniş etməyə imkanı yoxdur, lakin tələbkar razılaşarsa hər ay 150-200 manat ödəniş edə biləcəyini göstərdi. Barəsində inzibati təhbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə icra sənədi üzrə tələbkar Elman Həsənov izahatında göstərdi ki, pulu iş görməsi üçün müqavilə ilə verdiyini, həmin 50000 manat məbləğində borcdan 28000 manat ödəniş etdiyini və 22240 manat məbləğində borc qaldığını bildirdi. Borclunun borcu hissə-hissə ödəniş etməyinə, yəni 150-200 manat deyil daha yüksək məbləğə razı olduğunu göstərdi. Borcun tam ödənilməsini tələb edir. Qeyd olunanlara əsəsən borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Şəxs icra sənədi üzrə ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona şəxsən təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6507/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 2023-cü ilin may ayının 15dək 25000 manat ödəniş edəcəyini öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6507/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 28000 manat ödəniş etmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında görünür ki, Şəxs həmin tarixdə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. “Borclunun axtarılması haqqında” xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, icra məmuru tərəfindən borclunun faktiki yaşayış yeri müəyyən edilmədiyindən barəsində axtarış qərarı qəbul edilmişdir. Sumqayıt ŞPİ-nin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanladığı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü Şəxs barəsində daxil olmuş materialın yoxlanılması zamanı KOMBİ (Yasamal) tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4 312.2-ci maddələri ilə xx.xx.2024-cü il tarixdə həbs edilmişdir. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs subaydır, himayəsində xx.xx.2005-ci il təvəllüdlü Nəzrin Əliyeva və xx.xx.2009-cu il təvəllüdlü Nicat İbrahimov adlı övladları var. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. AR MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən bir il ərzində təkrar icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Göründüyü kimi Şəxs eyni icra sənədinə münasibətdə qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzrlü səbəb olmadan icra sənədini inzibati məsuliyyətə cəlb edildiyi gündən bu günədək olan müddətdə icra etməmiş, məhkəmə qərarının icrasından yayınmışdır. “İXM-nin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Orxan Məmmədovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən maddəsi ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi icra məmuru tərəfindən borcun ödənilməsi məqsədilə qanunda nəzərdə tutulan yuxarıda sadalanan qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının təmin edilməsi mümkün olmamışdır. Şəxs tərəfindən İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin və borclunun verilmiş olduğu izahatları, o cümlədən icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs qadınlığını, onkoloji xəstəlikdən əziyyət çəkməsini, himayəsində iki övladının olmasını İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Əməli ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanunun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, əməlini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun İXM-nin 528.1-1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, hüquqi yardım göstərilməsini vəkil X4 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və 1000 (min) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2817/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2817/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver