Məhkəmə qərarları › İş №3(060)-282/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-282/2024

09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-282/2024 09.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Firmasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqqında 16 yanvar 2024cü il tarixli, EP seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Firması (VÖEN **********) – (bundan sonra mətndə «XİMEKSPRESS-2000” FİRMASİ) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, "xxxx" FİRMASİ 4002000.00 Rusiya rublu məbləğində olan vəsaiti 27 dekabr 2021-ci il tarixində xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 2652000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. "xxxx" FİRMASİ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, "xxxx" Firması xarici şirkətlə 2021-ci il tarixdə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən onlar xarici şirkətə pul ödəyir, xarici şirkət isə onlara materiallar göndərir. Adətən pulu öncədən ödəyirlər, mal isə sonradan göndərilir. Bu günədək bununla bağlı heç bir problem yaşanmamışdır. Lakin 27 dekabr 2021-ci il tarixdə tərəflərindən həmin şirkətə ******* Rusiya rublu ödənilmiş, həmin məbləğin ******* miqdarında mal 26 yanvar 2022-ci il tarixdə göndərilmiş, qalan hissəsi isə hələ çatdırılmamışdır. Bunun səbəbi isə xarici şirkətin daxilində yaranmış problemlərlə əlaqədar olmuşdur. Bununla bağlı onlara məktub göndərilmişdir. Hazırda həmin problemlər aradan qaldırılmış və 15 yanvar 2024-cü il tarixdən mallar göndərilməyə başlanılmış, lakin inzibati xətaya səbəb olan müqavilə üzrə göstərilən məbləğdə mal hələ gəlməmişdir. İki il müddət keçsə də burada Firmanın günahı yoxdur. Məhkəmədən nəzərə alaraq iş üzrə icraat xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, “BANK BTB” tərəfindən AR Mərkəzi Bankına ünvanlanmış İH-2023/5666 saylı, 27 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, məktuba əlavə edilmiş siyahıda göstərilən müştəri ("xxxx" Firması) tərəfindən Bank "BTB” ASC vasitəsilə idxal olunan malların, xidmətlərin ödənilməsi üzrə qabaqcadan ödəniş aparılmış və ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində “Azərbaycan Respublikası rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına müvafiq olaraq ölkəyə idxalını təsdiq edən sənəd təqdim edilməmişdir. Müştərilərin siyahısı və əməliyatları təsdiq edən sənədlər AR Mərkəzi Bankına təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" FİRMASİ (VÖEN **********) 2 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş «XİMEKSPRESS-2000” FİRMASİ barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: AZ5004, Sumqayıt şəhəri, Səməd Vurğun, məhəllə 14, ev 112-də olan "xxxx" FİRMASİ (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 2652000.00 (iki milyon altı yüz əlli iki min) Rusiya rublu pul vəsaitinin 20 (iyirmi) faizi məbləğində, yəni 530400.00 (beş yüz otuz min dörd yüz) Rusiya rublu məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar