Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-282/2025 30.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 30 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(060)-1604/2008 saylı icra sənədi üzrə borclu Şəxs üzürlü səbəb olmadan icra məmurunun qanuni tələbini yerinə yetirməmiş və nəticədə X1 xeyrinə 12000 (on iki min) manat ödənilməmiş aliment borcu yaranmışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(060)- 1604/2008 saylı icra sənədinə əsasən Şəxs hər ay 60 (altmış) manat sabit pul məbləğində aliment xx.xx.2008-ci il tarixdən başlayaraq tutulub xx.xx.2007-ci il təvəllüdlü Aysunun yetkinlik yaşına çatana kimi saxlanması üçün X5 verilməlidir. İcra sənədi xx.xx.2008-ci il tarixdə İcra İdarəsinin icraatına daxil olmuşdur. Borclu barəsində olan məhkəmə qərarı üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsində izahat vermiş və borcluya müxtəlif vaxtlarda xəbərdarlıq göndərilmişdir. İcra materiallarından görünür ki, tələbkar X6 müxtəlif vaxtlarda alimentin ödənilməsi üçün müraciətlər etmişdir. Eyni zamanda tələbkar xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət etmiş, tələbkarın 11940 (on bir min doqquz yüz qırx) manat aliment borcunu ödəmədiyini, bu günədək heç bir aliment ödənişi etmədiyini bildirmiş və borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu İcra İdarəsinə dəvət olunmuş, ödənilməmiş aliment miqdarı hesablanmış və 12000 (on iki min) manat müəyyən olunmuş, borcluya həmin borcunun ödənilməsi bildirilsə də, o, həmin məbləği ödəməyə maddi imkanının olmadığını bildirmiş, bu səbəbdən barəsində icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, tələbkarla aralarında olan münasibət pozulduqdan sonra uşaq 40 günlük olan zaman tələbkarın atası və anası uşağı götürmüş, dəfələrlə uşağı görmək üçün getmiş, lakin uşağı görməyə imkan yaradılmamışdır. Ona aliment ödənilməsi üçün kart hesabı verilməmişdir. Bir dəfə məhkəmə olmuş, borc silinmişdir. Həmin məhkəmə zamanı uşağın ona verilməsini bildirmiş və həmişə uşaqla maraqlanmışdır. Bir iki dəfə uşaqla görüşmüş və ona 200 (iki yüz) manat pul da vermişdir. Birdəfəlik ödəniş etməyə imkanının olmadığını, fərdi əməklə məşğul olduğunu borcu gələcəkdə hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X6 izahatında bildirmişdir ki, uşağa atası baxmış, lakin borclu uşaqla maraqlanmamış, aliment ödəməmişdir. Atası artıq təqaüdçüdür, xəstədir, ona görə də uşağa baxa bilmir. Uşağın gözlərində problem var, əməliyyat olunmalıdır, külli miqdarda pul lazımdır. Övladının 15 yaşı tamam olduqdan sonra gedib atası ilə görüşmüş, alimentin tam ödənilməsini tələb edir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, icra sənədinin İcra İdarəsinə daxil olmasından xeyli müddət keçməsinə baxmayaraq icra məmuru borclunu idarəyə dəvət etməmiş, izahatı alınmamış və hüquqları ona izah olunmamışdır. Yəni, hüquqlarını müdafiə etdiyi şəxs borcdan xəbərsiz olmuşdur. İcra vərəqi başqa icra məmurunun icraatına daxil olmuş və o, borclunu xx.xx.2025-ci il tarixdə İcra İdarəsinə dəvət etmiş və borclu o zaman icra sənədindən xəbərdar olmuşdur. Borclu uşaq 14 yaşına çatdıqdan sonra onunla görüşmüşdür. Hesab edir ki, burada inzibati xəta hadisəsi yoxdur və borclunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi yaranmamışdır. Ona görə də, borclu barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(060)-1604/2008 saylı icra sənədindən görünür ki, Şəxs hər ay 60 (altmış) manat sabit pul məbləğində aliment xx.xx.2008-ci il tarixdən başlayaraq tutulub xx.xx.2007-ci il təvəllüdlü Aysunun yetkinlik yaşına çatana kimi saxlanması üçün X5 verilməlidir. İş materiallarında olan xx.xx.2008-ci il il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(060)-1604/2008 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan X1 Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanladığı ərizələrindən görünür ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəməmiş, alimentin vaxtı-vaxtında tutularaq ona verilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan borclu Şəxs xx.xx.2008-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli izahatlarından görünür ki, onun icra sənədindən məlumatı olmuş və alment ödəməyə imkanının olmadığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(060)-1604/2008 saylı icra sənədinə əsasən Şəxs hər ay 60 (altmış) manat sabit pul məbləğində aliment xx.xx.2008-ci il tarixdən başlayaraq tutulub xx.xx.2007-ci il təvəllüdlü Aysunun yetkinlik yaşına çatana kimi saxlanması üçün X5 verilməlidir. İş üzrə 12 iyun 2008-ci ildə icraata başlama barədə qərar qəbul edilmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, Şəxs tərəfindən bu günədək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarından heç bir ödəniş edilməmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında da, yığılmış aliment borcunu birdəfəlik ödəməyə imkanının olmadığını bildirmişdir. Bununla da, bu günə kimi 12000 (on iki min) manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri etməməsi, həmçinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. İcra sənədindən məlumatı olmaması barədə bildirdiklər isə özünü müdafiə xarakteri daşıyır. Cünki, borclu icra sənədi haqqında məlumatlı olmadığını və ona aliment məbləğini ödəmək üçün kart hesabı verilmədiyini bildirsə də, iş materiallarında olan xx.xx.2008-ci il tarixli izahatından görünür ki, ondan aliment tutulması barədə məhkəmə qətnaməsindən məlumatlı olmuşdur. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 30 yanvar 2025-ci il tarixdən saat 11.20-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 04 (dörd) saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 30 yanvar 2025-ci il, saat 11.20-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-282/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-282/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver