Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2827/2025 30.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan FİN (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 30 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5557/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5557/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə İcra İdarəsinin icraatına daxil olmuşdur. Borclu İcra İdarəsinə dəvət olunmuş, ona hüquq və vəzifələri izah edilmiş, izahatı alınmış, icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi halda barəsində məcburi icra tədbirlərinin görüləcəyi bildirilmişdir. Borclu borcundan çox az miqdarda qismən ödənişlər etmişdir. Lakin son 2 ildir ki, borclu tələbkara heç bir ödəniş etməmiş, buna görə də tələbkar ərizə ilə müraciət etmişdir. Belə ki, borclu sonuncu dəfə 11 yanvar tarixində 100 manat, 08 oktyabr tarixində isə 50 manat olmaqla alimnet borcundan ödəniş etmişdir. Borclunun mobil telefon nömrəsinə İcra İdarəsinə dəvət olunması ilə bağlı “sms” bildirişlər və “Elektron İcra” informasiya sistemi vasitəsilə bildirişlər göndərilsə də, Qubada olduğu üçün gələ bilmədiyini bildirmişdir. Buna görə də barəsində axtarış qərarı qəbul edilmiş və icrası Sumqayıt ŞPİ-nə həvalə olunmuşdur. Borclu bu gün İcra İdarəsinə təqdim olunmuşdur. Borclunun tələbkara cəmi 9747 manat aliment borcu var və izahatında bildirmişdir ki, borcunu 5-6 ay sonra ödəyə bilər. Buna görə də borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir və təmin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, iş üzrə özünü təqsirli bilir. Aliment borcunu ödəyə bilməməsinin səbəbi işləməməyidir. Sonuncu dəfə borcundan keçən ay 50 manat ödəniş edib. Əvvəllər az-az olsa da, ödənişlər edirdi. Lakin keçən ilin 2-ci yarısından bəri işləmədiyi üçün ödəniş edə bilmir. Məhkəmədən ona borcunu ödəmək üçün 5-6 ay vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu 1 ildən çoxdur ki, ödəniş etmir. Ayda 400 manat olmasa da, 150-200 manat ödəməyinə belə razıdır. 4 övladını təkbaşına böyüdür. Borclu sonuncu dəfə ona 50 manat övladının dərman xərclərini qarşılamaq üçün ödəniş edib. Ondan əvvəl isə yanvar ayında 100 manat borcundan ödəniş edib. Borclu işləmədiyini bildirsə də, övladları onun səhər evdən çıxıb axşam saat 12-də işdən evə gəldiyini bildirirlər. Məhkəmədən borclunun ona borcunu ödəməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X11 bildirmişdir ki, borclu barəsində ağır inzibati tənbeh tədbiri tətbiq edilərsə, borclunun vəziyyəti ağırlaşa bilər. Buna görə də borclu barəsində maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, ərizəçi Şəxs maraqlı şəxs Zərərçəkmiş şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, tərəflər arasında 15 aprel 2023-cü tarixdə bağlanmış MŞS/MT030/2023-000665 nömrəli barışıq sazişi təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər razılaşır kı, hər ikisi xx.xx.2010-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış nikahlarına xitam verilməsi barədə razıdırlar və bu barədə iddia ərizəsi Şəxs tərəfindən məhkəməyə təqdim edilsin. Tərəflər razılaşırlar ki, onların birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Ağakişiyev Hüseyn Pərvinoğlu, 18.08 2012-ci il təvəllüdlü X6, 20.03 2017-ci il təvəllüdlü X9 oğlu və 20,03.2017-ci il təvəllüdlü X2 Esmira Vəli qızının himayəsində saxlanılsın. Tərəflər razılaşırlar ki, onların birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Ağakişiyev Hüseyn Pərvin oğlu, 18.08 2012-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X9 oğlu və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər uşağa 100 (bir yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat aliment məbləği müəyyən edilsin və alimetin ödənilməsi hər ayın 25-30 tarixləri aralığında Şəxs tərəfindən icra ediləcəkdir. İlk ödəniş may ayının 25-30 tarixlərində icra ediləcəkdir. Alimentin ödənilməsinin təmini üçün X7 bank hesabı məlumatlarını 5 iş gün müddətində Şəxs təqdim edəcəkdir. Şəxs həftənin şənbə günu saat 10:00-dan uşaqları götürməklə həftənin bazar günü saat 20:00-da qaytarmaqla uşaqları ilə maneəsiz görüşəcək. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-55572023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcluya icra sənədində göstərilmiş tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Borclu qərar və bildirişlə xx.xx.2023-cü ildə tanış olmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, icra sənədi üzrə indiyə qədər 2023-cü ilin may ayından başlayaraq müəyyən qədər ödənişlər edib. Bundan sonrakı ödənişlərini vaxtında edəcək. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, çağırışlara gəlməməsinin səbəbi Qubada dostugilə qonaq getməsi olmuşdur. İşsiz olduğuna və maddi imkanı olmadığına görə borcunu ödəyə bilmir. Hazırda borcundan ödəniş edə bilmir. Məhkəmə iş materiallarına və tərəflərin izahatına əsasən müəyyən etmişdir ki, borclu tərəfindən müəyyən miqdarda ödənişlər olsa da, tam icra edilməmiş, nəticədə kifayət qədər yüksək məbləğdə aliment borcu (9747 manat) yaranmışdır. Borclunun müəyyən məbləğlərdə ödənişlər etməsi və iş yerinin olmaması üçün ödənişləri tam etməməsi onun inzibati məsuliyyətdən azad edilmə əsası deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs özünü təqsirli bilməsi yüngülləşdirən hal kimi qiymətləndirilir. Ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 30 oktyabr 2025-ci il tarixdən saat 16.20-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X8 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx.xx.2025-ci il, saat 16.20-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2827/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2827/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver