Məhkəmə qərarları › İş №3(060)-2828/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2828/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2828/2024 25.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Daxili İşlər Nazirliyi Sumqayıt şəhər X4 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Şərafət Nemətov şikayətlə məhkəməyə müraciət edərək qəbul olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şərafət Nemətov şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə özünəməxsus “Nissan Sunny” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi ilə Sülh küçəsinin kəsişməsində sveteforun və ya nizamlayıcının hərəkət işarəsi verilərkən, yol nişanının düzünə və sağa tələbinə baxmayaraq sola hərəkət etmişdir. YPX-nin əməkdaşı ona saxla əmri verib və İXM-nin 327.1-ci maddəsini əsas tutaraq qayda pozduğunu bildirmiş, lakin, yerində heç bir inzibati protokol tərtib etməmişdir. O, həmin ərazidən uzaqlaşdıqdan sonra ona sms vasitəsilə İXM-nin 327.2-ci maddəsinə əsasən şəkil və videogörüntü olmadan, həmçinin başqa ərazidə yəni H.Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində qayda pozması ilə bağlı cərimə olunmasına dair mobil nömrəsinə məlumat gəlmişdir. Həmin cərimə xx.xx.2024-cü il tarixidək qərarsız olmuşdur. xx.xx.2024-cü il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Qeyd olunanların nəzərə alınmasını mübahisləndirdiyi qərarın ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq Şərafət Nəmətov dirmişdir ki, hadisə əslində qərarda qeyd olunan ünvanda deyil, N.ünvan 17.2-ci maddəsi ilə deyil, həmin məcəllənin 327.1-ci maddəsiu ilə təqsirli bilir. Hadisə xx.xx.2024-cü il tarixdə baş versə də, uzun müddətdən sonra barəsində qərar qəbul edilmiş, halbuki bu müddət ərzində onu DYPŞ-nə dəvət etməmişlər və ya hər hansı görüntü təqdim etməmişlər. Bildirir ki, qərar qanunsuzdur, ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün həmin Şöbəyə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Şərafət Nemətovun şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt şəhər DYPŞnin əməkdaşları tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilməmiş, düzgün hüquqi nəticəyə gəlmək üçün uzun müddət keçməsinə baxmayaraq yetərli araşdırılma aparılmadan müvafiq qərar qəbul edilmişdir. Belə ki, Şərafət Nemətov məhkəmə iclasında əmredici nişanın tələblərini pozaraq düzünə və sağa dönməli oduğu halda sola dönərək hərəkət etdiyini bildirsə də, Sumqayıt ŞDYP-nin əməkdaşı həmin şəxsi şöbəyə dəvət etmədən, qeyd edilən xüsuatları araşdırmadan formal mülahizələrə əsaslanmaqla sözügedən qərarı qəbul etmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hallar araşdırılmadan, iş materiallarında olan sənədlər vasitəsi ilə həqiqətən də inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək qeyri mümkündür. Həmin faktın araşdırılması ilə bağlı Sumqayıt şəhər DYPŞ-ə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara eyni zamanda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi aid edilmişdir. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, AR İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və göstərilən ziddiyətli və şübhə yaradacaq məqamların aradan qaldırılması məqsədi ilə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt şəhər DYPŞ-ə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt şəhər DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar