Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-283/2024 05.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının "xxxx" MMC barəsində inzibati xəta haqqında 16 yanvar 2024-cü il tarixli, EP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində 16 yanvar 2024-cü il tarixli, EP ******* saylı protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs 151000 ABŞ dolları məbləğində olan vəsaiti Bankın hesabından 20 dekabr 2021-ci il tarixində xaricə köçürmüş və iki il keçsə də, 151000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarılmamışdır. Xəta 21 dekabr 2023-cü il tarixində hüquqi şəxsin ünvanında törədilmişdir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-"xxxx" MMC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan, "xxxx" ASC tərəfindən AR Mərkəzi Bankına ünvanlanmış 2583 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" ASC vasitəsilə idxal olunan malların, xidmətlərin ödənilməsi üzrə qabaqcadan ödəniş aparılmış və ödənişin aparıldığı gündən iki il müddətində “Azərbaycan Respublikası rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına müvafiq olaraq ölkəyə idxalını təsdiq edən sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasına idxal olunan nalların və xidmətlərin ödənilməsi üzrə rezident və qeyrirezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən iki il müddətində mal və xidmətlərin ölkəyə idxalını təsdiq edən sənədləri "xxxx" ASC-yə təqdim etməyən müştərilərin ödəniş əməliyyatlarının sənədləri təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş ödəniş tapşırığının surətindən görünür ki, AZ-LEAD” MMC xx.xx.2021-ci il tarixində 151 000 ABŞ dollarını xaricə köçürmüşdür. REMET METAL SAN ve TİC.LTD.ŞTİ şirkəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən REMET METAL SAN ve TİC.LTD.ŞTİ şirkəti ümumilikdə 500 000 ABŞ dolları məbləğində malları "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna əsasən maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, maliyyə bazarlarında tənzimləmə və nəzarətin, o cümlədən makroprudensial tənzimləmə və nəzarətin həyata keçirilməsi (5.1.6.), maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması ( 5.1.8.), “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valyuta tənziminin və nəzarətinin həyata keçirilməsi (5.1.9.) Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) funksiyaları sırasına aid edilmişdir. Həmin qanunun 8.1-ci maddəsinə əsasən Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə nəzarət etdiyi bütün subyektlər, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.3-cü maddəsində göstərilmişdir ki, normativ xarakterli akt – bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanununun 4.1.3-cü maddəsində maliyyə bazarları tənzimləyicisinin qərarları normativ xarakterli aktlar sırasına aid edilmişdir. Göründüyü kimi Mərkəzi Bank maliyyə bazarları tənzimləyicisi olmaqla, onun qəbul etdiyi normativ xarakterli aktlar maliyyə bazarlarının bütün iştirakçıları üçün məcburi hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasi Mərkəzi X1 20 fevral 2020-ci il tarixi 06/1 №li qərarı ilə dəyişikliklər edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə “qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi “"xxxx" MMC 151 000 ABŞ dolları məbləğində vəsait hesabına alının malları ölkəyə idxal etməmişdir. Bu səbəbdən həmin hüquqi şəxs inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizi məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: AZ 5002, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 45300 (qırx beş min üç yüz) ABŞ dolları məbləğində (ödəniş vaxtına olan Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla) cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-283/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-283/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver