Məhkəmə qərarları › İş №3(060)-283/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-283/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-283/2025 24.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin 20 yanvar 2025-ci il tarixli, EQ 25644051 saylı protokol və onun əsasında qəbul olunmuş eyni tarixli elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən barəsində inzibati tənbehin tətbiqi barədə tərtib edilmiş 20 yanvar 2025-ci il tarixli, EQ 25644051 saylı qərarı ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 20 yanvar, 2025-ci il tarixdə saat 13:56-da onun mobil nömrəsinə mesaj gələrək xx.xx.2025-ci il tarixdə saat 00:07-də idarə etdiyi **-FA-*** nömrəli avtomobilimin 50 azn, 2 bal cərimə olunduğu bildirilmişdir. Sms vasitəsilə gələn mesajın tarixlərində uyğunsuzluq olması onda müəyyən şübhələr yaratdığı və həmin vaxt o avtomobil idarə etmədiyi üçün dərhal məsələni araşdırmaq məqsədilə sms radar mobil tətbiqinə daxil olmuş və bu barədə məlumatın olmadığını görmüşdür. Cərimə olunma saatı 00:07, smsin gəlmə vaxtı isə 13:56 olduğu üçün belə bir halın faktiki olaraq mümkün olmamasını, eyni zamanda mobil tətbiqdə də heç bir məlumat aşkarlanmadığının səhvlik olduğunu düşünmüşdür. Lakin, 2-3 saat sonra mobil tətbiqə də bu barədə də məlumat gəldiyini görmüşdür. Mobil tətbiqi tədqiq edərkən əslində avtomobilin onun idarə etdiyi avtomobil yox, PRADO markalı avtomobil olduğu və rənginin isə ağ rəng olduğu müəyyən olunmuşdur. Şəkildə isə tarix və vaxt olaraq xx.xx.2025-ci il saat 00:07:01 göstərildiyi məlum olmuşdur. Onun idarə etdiyi avtomobilin isə ümumiyyətlə markası, rəngi və s. xüsusiyyətləri tamamilə fərqlidir və qeyd olunan şəkillərin heç birində onun avtomobilinin şəkili yoxdur. Belə ki, o həmin gün ümumiyyətlə qeyd olunan ərazidə hərəkətdə olmamışdır. Qeyd olunan protokol bütün fizika qanunlarını, eyni zamanda zaman və məkan anlayışlarını alt - üst edir, inkar edir. Saat 13.56-da 00.07-də cərimə olunması ilə bağlı informasiya heç vaxt ola bilməz. O, hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən barəsində inzibati tənbehin tətbiqi barədə tərtib edilmiş 20 yanvar 2025-ci il tarixli, EQ 25644051 saylı qərarın hər hansı hüquqi əsasları olmadığından və inzibati xəta törətməkdə təqsiri sübuta yetirilmədiyindən, sözügedən qərar ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin mahiyyətinə uyğun çıxış edərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25644051 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 25644051 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 həmin tarixdə **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu səbəbdən də həmin maddə ilə təqsirli bilinərək 50 azn, 2 bal cərimə edilmişdir. Müəyyən edilmişdir ki, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı qeydə alınmış inzibati xətalara görə şikayətçi X2 təqsirli bilinərək inzibati qaydada cərimə edilsə də, onun təqsirli olması sübuta yetirilməmişdir. İş materiallarına şikayətçi tərəfindən əlavə edilmiş şəkildən görünür ki, sözügedən inzibati məsuliyyətə səbəb olan avtomobilin, onun qeydiyyat nömrəsinin və sürücüsünün görüntüsü müəyyən edilməsi qeyri-mümkündür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25644051 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25644051 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin 20 yanvar 2025-ci il tarixli, EQ 25644051 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 adına qeyd edilmiş 20 yanvar 2025-ci il tarixli, EQ 25644051 saylı elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar