Məhkəmə qərarları › İş №3(060)-2830/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2830/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2830/2024 26.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X3, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, 105 nömrəli qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, 105 nömrəli qərarının 1500 (min beş yüz) manat dəbbə pulu ödənilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü tarixli, MN seriyalı ******* nömrəli qərarına əsasən 2500 (iki min beş yüz) manat məbləğində cərimə və 1500 (bir min beş yüz) manat məbləğində dəbbə pulu hesablanmaqla, cəmi 4000 (dörd min) manat məbləğində vəsaitin məndən alınaraq ödənilməsinə dair qərarın icra olunması üçün Sumqayıt şəhər İcra İdarəsinə göndərilməsi qərara alınmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli qərarının 1500 (bir min beş yüz) manat məbləğində dəbbə pulu hesablanması hissəsindən narazı qaldığı üçün şikayət vermək qərarına gəlmişdir. İşin mahiyyəti ondan ibarət olmuşdur ki, xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın nümayəndəsi guya, “Dədə Qorqud” şadlıq sarayına gələrək, İnzibati Xəta haqqında MN seriyalı 77957 nömrəli akt tərtib etmişdir. Akt və Protokolda göstərilən hallar həqiqətə uyğun deyil. Əvvəllər də cavabdeh təşkilat tərəfindən yoxlama aparılmış, lakin hər hansı bir pozuntu aşkar edilməmişdir. Şadlıq evinin yerləşdiyi ərazi yaşayış evlərinin ətarfında yerləşmir. Protokol yazılan gün şadlıq evində hər hansı bir kütləvi tədbir keçirilməmişdir. Protokolda göstərilmişdir ki, guya şadlıq evin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən normadan artıq olmuşdur. Lakin, bunu necə müəyyən ediblərsə, onu protokolda göstərməyiblər. Həmçinin onun iştirakını təmin etməyiblər. Hətta protokolda onun imzasının qabağına imtina sözü yazıblar ki, guya imza etməkdən imtina etmişdir. Həmin tarixdə o ümumiyyətlə ölkədə olmamışdır. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü tarixli, MN seriyalı ******* nömrəli qərarına əsasən, o İXM-in 233.1-ci maddəsinə əsasən, 2500 manat məbləğində cərimə edilmişdir. Qərar qəbul edilərkən də heç bir araşdırma aparılmamış, yalnız bir nəfərin tərtib etdiyi protokola əsaslanmışlar. Hal-hazırki, dövrdə şadlıq evindən ətraf mühiti çirkləndirəcək heç bir hadisə baş verməmişdir. İddiaçı təşkilatın iddiası da tam absurd və əsassızdır. Həmin təşkilat bu barədə şadlıq evinə müraciət etməmiş və heç bir akt yazılmamışdır. Bu hal sadəcə olaraq ona qarşı təzyiq forması kimi istifadə edilir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ekologiya və Təbii Sərvtlər Nazirliyinin 4 saylı Ərazi Regional Ekologiya və X5 təklif etdiyi qurğunun yerləşdirilməsi barədə onlarla müqavilə bağlamışdır. Şadlıq evində qurğu yerləşdirilmiş, həmin qurğuya vaxtlı-vaxtında qulluq göstərilmişdir. Bu barədə cavabdeh təşkilat da məlumatlıdır. Lakin, bütün bunlara baxmayaraq sonradan cavabdeh təşkilatla razılığa gəlmişlər ki, məbləği hissə-hissə ödəsin. 2023-cü ilin may ayından “Dədə Qorqud” Şadlıq evinin yenidən qurulması və təmiri ilə əlaqədar fəaliyyəti tam dayandırılmışdır. Təmir işləri 1 il davam etdirilmiş və bir neçə aydır ki, fəaliyyətə başlamışdır. Uzun zaman fasilə verdikləri üçün yenidən müştəri kontenginin səfərbər edilməsi ilə müraciətlərin başlanması artıq qaydaya düşüb və qərar qəbul edən təşkilata da bütün yuxarıda qeyd etdikləri barədə məlumat vermişdir. Hətta bildirmişdir ki, çox yaxın zamanda əvvəl təyin edilmiş 2500 manatlıq cəriməni ödəyib başa çatdıracaq. Cavabdeh təşkilat məlumatlı olduğu halda xx.xx.2024-cü il tarixli qərarı ilə qərarın icrasının gecikdirilməsinə görə 1500 manat dəbbə pulu hesablaması onun maliyyə vəziyyətinin daha da pisləşməsinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. İşin hallarından görünür ki, qərar qəbul edən təşkilatla bizim aralarında müəyyən razılaşma olmuşdur. Əgər belə bir razılıq olmasa idi 2500 manat cərimə olunmasına dair qərarın üzərindən uzun müddət keçdikdən sonra belə bir qərar qəbul edilməsi onu göstərir ki, təşkilat özü də həmin o iki aylıq müddəti ötürmüş, məcburi icraya vaxtında yönəltməmişdir. Göstərilənləri nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ona qarşı tərtib edilmiş xx.xx.2024-cü il tarixli 105 nömrəli qərarın 1500 (min beş yüz) manat dəbbə pulu ödənilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayətin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 şikayətlə razılaşmayaraq bildirmişdir ki, X1 Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü tarixli, MN № ******* nömrəli qərarına əsasən 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. xx.xx.2023cü il tarixdə Rəşad İmanov həmin qərarı rəsmi qaydada qəbul etmişdir. Rəşad İmanov tərəfindən həmin qərardan məhkəməyə şikayət verilmiş, şikayət təmin edilməmiş, daha sonra məhkəmənin qərarından apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti də təmin edilməmişdir. Rəşad İmanov cərimədn 200 manatını ödəmiş ödəmiş, qalan borcu ödəmədiyi üçün orqan tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla 2500 (iki min beş yüz) manat məbləğində cərimənin ödənilmə müddəti gecikdiyi üçün 1500 (bir min beş yüz) manat məbləğində dəbbə pulu hesablanmışdır. Həmçinin bildirmişdir ki, inzibati cərimə üzrə 200 manat da gecikmə ilə ödənilmişdir. Belə ki, qərar 2023-cü ilin aprel ayında qəbul edilsə də, 2023-cü ilin oktyabr və dekabr aylarında müvafiq 100 manat ödəniş edilmişdir. Qəbul edilmiş qərarda ümumi 4000 manat qeyd edilsə də, icra idarəsinə göndərilmiş icra sənədində 200 manat ödəniş olması barədə müvafiq qeyd aparılmışdır. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, 105 nömrəli qərarı 1500 (min beş yüz) manat dəbbə pulunun hesablanması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında” qərarından görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, 05 aprel 2023-cü il qərarına əsasən 2500 (iki min beş yüz) manat məbləğində cərimə və 1500 (bir min beş yüz) manat məbləğində dəbbə pulu hesablanmaqla, cəmi 4000 (dörd min) manat məbləğində vəsaitin X2 alınaraq ödənilməsinə dair qərar icra olunması üçün Sumqayıt şəhər İcra İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 25 may 2023-cü il tarixli 3(060)-1090/2023 saylı qərarından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(105)-406/2023 saylı qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 may 2023-cü il tarixli 3(060)-1090/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi X6 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, 05 aprel 2023-cü il qərarı ilə ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaya görə (İXM-in 233.1-ci maddəsi ilə) təqsirli bilinərək barəsində 2500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmiş, həmin qərardan məhkəməyə verilmiş şikayət isə təmin edilməmişdir. Bundan sonra, yəni qərar qüvvəyə mindikdən sonra 02 ay ərzində heç bir ödəniş olmamışdır. Yalnız 2023-cü ilin oktyabr və dekabr aylarında hər dəfə 100 manat olmaqla 200 manat ödəniş edilmiş, 2300 manat məbləğində cərimə isə ödənilməmişdir. Ona görə də 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra müddəti gecikdirilmiş 2500 manat məbləğində cəriməyə İXM-in 150.13-cü maddəsinə uyğun olaraq hər gün üçün 01 faiz olmaqla 02 ay müddətində (60 %) 1500 manat dəbbə pulu hesablanmışdır. X6 şikayətinin dəlili kimi qeyd etmişdir ki, müddətin gecikməsi inzibati cəriməni tətbiq etmiş orqanla razılaşmaya əsasən olmuşdur. Onlara bu barədə məlumat vermişdir. Bununla bağlı məhkəmə qeyd edir edir ki, şikayətçinin həmin dəlili əsaslı hesab edilə bilməz. Belə ki, inzibati tənbeh tətbiq edən orqanın Azərbaycan Respublikası İXM-in 143cü maddəsinə uyğun olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması və ya onun icrasına möhlət verilməsi barədə hər hansı qərarı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, 105 nömrəli qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 150.13-cü maddəsinə əsasən ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, 105 nömrəli qərarı qanuni və əsaslı olduğundan X3 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, 105 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar