Məhkəmə qərarları › İş №3(060)-2831/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2831/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2831/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə 30 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, vətəndaş X2 Şəxs MMC-də əmək hüquqlarının pozulması, yəni son haqq hesab ödənişinin edilməməsi barədə müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən xx.xx.2025-ci il tarixli 3-17-5/2-85708/2025 nömrəli məktubla cəmiyyət rəhbərliyindən 07 (yeddi) iş günü müddətində aidiyyəti sənədlər tələb edilsə də, həmin müddət ərzində sənədlər təqdim edilməmiş, eyni zamanda müraciətə rəsmi cavab verilməmişdir. Ona görədə 21 oktyabr 2025-ci il tarixli 3-17-5/2-96929/2025 nömrəli bildirişlə Şəxs MMC-nin direktoru xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə araşdırmada iştiraka dəvət edilmişdir. Qeyd edilən məktublar rəsmi qaydada MMC-nin ünvanına göndərilmiş və çatdırılmışdır. Məktubların çatdırılmasını təsdiq edən çıxarışlar iş materiallarına da əlavə edilmişdir. Lakin, MMC-nin nümayəndəsi araşdırma prosesində iştirak etməmiş, ona görə də onların iştirakı olmadan Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Aradan bu qədər müddət keçməsinə baxmayaraq MMC tərəfindən bu günə kimi də hər hansı sənəd müfəttişliyə təqdim edilməmişdir. X1 və digər şəxslərin həmin MMC-də işləyibişləməməsi ilə bağlı müvafiq araşdırmanın aparılması mümkün olmamışdır. Göstərilən halları nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 64.3 və 112.1.4-cü maddələrinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarındaolan və məhkəmə baxışında tədqiq edilmiş: - vətəndaş X2 ayrı-ayrı dövlət oqanlarına ünvanlanmış şikayətindən görünür ki, xx.xx.2025-ci il tarixindən “Qərb-F2-O5" MMC-da "fəhlə" vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb olunmuşdur. xx.xx.2025-ci il tarixində tarixində əmək müqaviləsinə 68.2(a) səbəbilə xitam verilmişdir. Lakin, cari tarixədək son haqq-hesab ödənişi ödənilməmişdir. Mövcud haldan narazıdır, araşdırılmasını və müvafiq köməklik göstərilməsini xahiş edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-85708/2025 nömrəli məktubdan görünür ki, X2 Şəxs MMCdə əmək hüquqlarının pozulması barədə müraciəti üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən 07 iş günü ərzində aşağıdakı sənədlərin təqdim edilməsi tələb edilmişdir: yazılı əmək müqaviləsi, işə qəbul əmri və işçinin ərizəsi, işlədiyi dövrlərdə məzuniyyətlərdən istifadə etməsi barədə əmrlərin surətləri və ərizələri, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr və xitam verilməsini təsdiq edən təsdiqedici sənədlər (xitam verilibsə), iş vaxtının uçot tabelləri, işçinin son haqqhesabının hesablanmasının tam açıqlanması ilə bağlı açılışı və ödənilməsini təsdiq edən sənədlər, müraciətlə bağlı tam ətraflı cavab məktubu. - çıxarışlardan görünür ki, X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-85708/2025 nömrəli məktubu 29 sentyabr 2025-ci il tarixdə poçt vasitəsi ilə MMC-yə çatdırılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Şəxs MMC-nin direktoruna ünvanlanmış 21 oktyabr 2025-ci il tarixli 3-17-5/2-96929/2025 nömrəli bildirişdən görünür ki, MMC-nin direktoru barəsində protokolun tərtib edilməsində iştirak məqsədi ilə 30 oktyabr 2025-ci il tarixdə saat 11:30-da X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət edilmişdir. - çıxarışlardan görünür ki, X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 21 oktyabr 2025-ci il tarixli 3-17-5/2-96929/2025 nömrəli bildiriş xx.xx.2025-ci il tarixdə MMC-yə çatdırılmışdır. - 30 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli 3-17-5/2-85708/2025 nömrəli məktubla cəmiyyət rəhbərliyindən 07 (yeddi) iş günü müddətində aidiyyəti sənədlər tələb edilsə də, həmin müddət ərzində sənədlər təqdim edilməmiş, eyni zamanda müraciətə rəsmi cavab verilməmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə inzibati xəta haqqında protokol, sənədlərin tələb edilməsi barədə məktub və digər sənədlərlə Şəxs MMC-nin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatları (sənədləri) təqdim etməməsi tam sübuta yetirilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə icraata xitam verilməsi və MMC-nin məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası İXM-in 114.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İXM-in: - 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. - 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in: - 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi xarakretizə edən halları nəzərə alaraq edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar