Məhkəmə qərarları › İş №3(060)-2832/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2832/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2832/2023 14.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X15, baş məsləhətçi-müfəttişi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə1, nümayəndəsi X4, maliyyə məsələləri üzrə direktor müavini Nümayəndə2 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələri ilə tərtib edilmiş 23 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən "xxxx" MMC-ə məxsus Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsindəki obyektdə formalaşan tullantıların emalı, zərərsizləşdirmə yerlərinin müəyyən olunmaması, əmələ gələn tullantıların ərazidə qalaqlanması müəyyən olunduğuna görə "xxxx" MMC barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X9 bildirdi ki, Sumqayıt şəhəri ərazisində “Tullantılar haqqında” AR Qanunun və bu sahədə mövcud hüquqi normativ sənədlərin tələblərinə riayət olunması vəziyəti ilə bağlı 4 saylı RETSİ-nin nümayəndələri və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis kapitanı Elvin Bayramovun iştirakı ilə aparılan birgə araşdırma zamanı Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən "xxxx" MMC-ə məxsus obyektin giriş qapısının yanında müxtəlif tərkibli tullantıların (məişət və qablaşdırma) ətraf mühitin mühafizəsi tələblərinə zidd olaraq əraziyə atılaraq qalaqlanması faktı müəyyən edilmişdir. Özünü "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi kimi təqdim edən X3 iştirakı ilə birgə araşdırma zamanı formalaşan tullantıların müvəqqəti saxlanılması üçün tutumların olmadığı, xüsusi yerin ayrılmadığı səbəbindən tullantıların ərazidə qalaqlandığı, əmələ gələn tullantıların daşınaraq zərərsizləşdirilməsi, emal yerinin müəyyən edilmədiyi aşkar olunmuşdur. Qeyd edir ki, həmin vaxt Eldar Məmmədov rəsmi izahat verməkdən imtina etsə də, "xxxx" MMCyə məxsus polietilən məmulatları istehsalı sahəsinin və anbarın fəaliyyət göstərdiyini, tullantıların qalaqlandığı obyektin anbar olduğunu və yaxın müddətdə ərazinin təmizlənəcəyini, tullantıların daşınmasına dair müqavilə bağlanılacığını şifahi olaraq bildirmişdir. Bununla da "xxxx" MMC tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 47-ci maddəsinin, “Tullantılar haqqında” Qanunun 11- 12 maddəsinin, ”Azərbaycan Respublikası NK-nin xx.xx.2005-ci il tarixli, 74 saylı Qərarı ilə təsdiq olunmuş “Şəhərlər və digər yaşayış məntəqələri ərazilərinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” qaydalarının tələbləri pozulmuşdur. Qeyd olunan bu hallar iş materiallarına əlavə edilmiş fotoşəkildən də aydın görünür. Bundan başqa Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi "xxxx" MMC-dən alınmış 23 noyabr 2023-cü il tarixli məktubdan da görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında məişət tullantılarının daşınması ilə bağlı heç bir müqavilə bağlanılmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Taleh Əzizov iş materialına əlavə edilmiş fotoşəkildə olan məişət tullantılarının "xxxx" MMC-də fəhlə kimi çalışan Şahid tərəfindən həmin yerdə qalaqlanması barədə onun məlumatı olmadığını bildirmişdir. Bundan başqa tullantıların qalaqlandığı ərazinin "xxxx" MMC-yə məxsus olub-olmaması barədə onda hər hansı məlumat olmamışdır. Göstərilənlərə əsasən qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X6 bildirdi ki, "xxxx" MMC barəsində protokolu o tərtib etmişdir. Aşkar edilmiş pozuntular barəsində elə həmin yerdə 23 noyabr 2023-cü il tarixli, 83086 nömrəli akt tərtib etmişdir. O, özünü "xxxx" MMC-nin nümayəndəsi kimi təqdim edən Eldar adlı şəxsdən məişət tullantılarının daşınması ilə bağlı "xxxx" MMC ilə aralarında hər hansı müqavilənin olub-olmaması barədə soruşduqda, sonuncu heç bir müqavilənin olmadığını bildirmişdir. O, MMC-nin iş fəaliyyətinə müdaxilə olunmaması üçün anbarın içərisinə daxil olmamış, qapıdan içəriyə göz gəzdirmiş, anbarda hər hansı fotoşəkil çəkməmişdir. Həmin vaxt onlara "xxxx" MMC-nin əməkdaşları tərəfindən "xxxx" MMC-yə göstərilən xidmətə görə ödəniş ödədiklərini təsdiq edən hər hansı qəbz təqdim edilməmişdir. Əgər onlara qəbzlər təqdim edilsə idi o, daha sonra bu barədə müvafiq müqaviləni tələb etməli olcaqdı. Qeyd edir ki, anbarın yerləşdiyi yerdən təxminən bir kilometr aralıda "xxxx" MMC-nin istehsal müəssisəsi fəaliyyət göstərir. Ola bilsin ki, iclasda təqdim edilən qəbzlər həmin istehsal müəssisəsinin təmizlənməsi üçün ödənilən vəsaitlərə aid qəbzlər olsun. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq X12 bildirmişdir ki, anbarın içərisinə daxil olmamış, fotoşəkil çəkməmiş, bu səbəbdən anbarda tullantıların yığılması üçün qutuların yerləşdirilməsindən məlumatı olmamışdır. Bundan başqa qeyd edir ki, araşdırma zamanı fotoşəkilləri çəkilmiş ağ rəngli yeşiklərə yığılmış məişət tullantıların Şahid tərəfindən həmin yerdə qalaqlanmasından məlumatı olmamışdır. Protokol tərtib edərkən ona bu haqda nə Eldar adlı şəxs, nə orda olan digər şəxslər nə də Şahid məlumat verməmişdir. Həmin vaxt Şahid hadisə yerində görməmişdir. Göstərilənlərə əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X8 tərtib edilmiş protokol üzrə özlərini təqsirli bilməyərək 11 dekabr 2023-cü il tarixdə məhkəməyə etiraz göndərərək etirazında qeyd etmişdir ki, "xxxx" MMC öz fəaliyyətində daim mövcud qanunvericilikdə nəzərdə tutulan ekoloji tələblərə tam əməl etmiş, şəhər rəhbərliyi tərəfindən həyata keçirilən yaşıllaşdırma, iməcilik və digər ekoloji tədbirlərdə yaxından iştirak etmiş, MMC-də əmələ gələn məişət tullantılarının bunun üçün nəzərdə tutulmuş yeşiklərə səliqəli şəkildə toplanması və tullanması təşkil edilmiş, müvafiq rüsumların ödənilməsi təmin edilmişdir. ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 2 nəfər əməkdaşının 23 noyabr 2023-cü il tarixdə olduqları ərazidə yerləşən obyekt "xxxx" MMC-yə məxsus deyildir, MMC tərəfindən müvəqqəti olaraq icarəyə götürülərək anbar kimi istifadə edilir. Həmin obyektdə heç bir istehsal prosesi və ya hər hansı tullantıların emalı, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması həyata keçirilmir. Anbar müvəqqəti olaraq icarəyə götürüldüyündən həmin obyektə dair ekologiya idarəsi ilə ayrıca müqavilə bağlanmamış, tərəflərində qeyd olunan anbara, giriş darvazasından içəridə girişdə zibil yeşiyi qoyulmuş, toplanmış məişət tullantısı MMC-nin məişət tullantıları ilə birlikdə atılmışdır. İşin faktki halları ondan ibarətdir ki, ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 2 nəfər əməkdaşı polis sahə inspektoru ilə birlikdə 23 noyabr 2023-cü il tarixdə "xxxx" MMC-nin icarəyə götürdüyü, magistral şosse yolunun kənarında yerləşən anbara yaxınlaşaraq MMC-nin anbarında işləyən əməkdaşlarından magistral yolun kənarına qoyulmuş bir neçə ədəd məişət tullantısının kimə məxsus olmasını soruşmuş, cavabında əməkdaşlar həmin ərazininin icarəyə götürdükləri anbara heç bir aidiyyəti olmadığını, tullantının naməlum şəxslər tərəfindən qoyulduğunu bildirmişdir. Bundan sonra qeyd olunan əməkdaşlar ərazini tərk etmişlər. Həmin vaxt 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən heç bir akt tərtib edilməmiş və ya hər hansı sənədləşmə aparılmamışdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında razılaşmaya əsasən, onlar tərəfindən məişət tullantılarının təmizlənməsi ilə əlaqədar hər ay 75 manat pul "xxxx" MMC-ə ödənilir. Bu barədə ödəniş qəbzləri materiala əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı İlham Nuriyev əlavə olaraq bildirmişdir ki, müəssisədə işçilər arasında edilmiş sorğu-sualdan sonra AR ETSN 4 saylı RETSİ-nin əməkdaşları tərəfindən araşdırma aparılan zaman anbarın giriş qapsının yanında aşkar edilmiş və fotoşəkilləri çəkilmiş məişət tullantılarının Şahid tərəfindən atılması məlum olmuşdur. Yoxlama aparılan zaman Şahid orada olmamış, bu səbəbdən yoxlama aparılan şəxslərə bu haqda məlumat verilməmişdir. Bundan başqa həmin anbarda məişət tullantısı çox olmadığından "xxxx" MMC ilə müqavilə bağlanılmamış, aralarında olan razılığa əsasən departament nümayəndələri həftədə iki dəfə oraya gələrək təmizlik işləri aparılmış, əvəzində "xxxx" MMC hər ay 75 manat vəsaiti "xxxx" MMC-ə ödənilmişdir. Göstərdikləri hal etiraza əlavə etdiyi ödəniş qəbzləri ilə sübut olunur. Əlavə olaraq bildirir ki, anbarın daxilində tulantıların yığılması üçün nəzərdə tutulmuş xüsusi sarı rəngli yeşiklər yerləşdirilmiş və formalaşan bütün tullantılar həmin yeşiklərə toplanır. Odur ki, "xxxx" MMC barəsində hər iki maddə üzrə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, Şahid əməlində inzibati xəta tərkibinin olub-olmasının müəyyən edilməsi üçün yenidən araşdırılma aparılması üçün materialı ETSN 4 saylı RETSİ-nə göndərilməsini xahiş edir. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru Nümayəndə1 və maliyyə məsələləri üzrə direktor müavini Nümayəndə2 da şirkətin hüquqşünası X7 ilə eyni məzmunlu izahatlar verdi. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Şahid bildirdi ki, o, iş materiallarındakı fotoşəkildə öz əksini tapmış, anbarın giriş qapsının yanında içərisində məişət tullantıları olan ağ rəngli torbaları o, həmin yerə qoymuşdur. Belə ki, həmin torbalar anbarın içərisində olarkən ona mane olduğundan anbarın bayır tərəfdən girişin qapısının yanına qoymuşdur. Lakin unutduğundan həmin məişət tullantılarını atmamış, orada qalmışdır. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ünvana baxış keçirilərkən özü orada olmamış, həmin günü axşam ona bu haqda məlumat verilmişdir. Hadisələrin belə cərəyan etdiyi üçün peşmandır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən "xxxx" MMC-ə məxsus obyektdə yoxlama keçirilmiş, bu barədə 23 noyabr 2023-cü il tarixli, 83086 saylı Akt tərtib olunmuşdur. Hadisə yerində çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi "xxxx" MMCnin 23 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında məişət tullantılarının daşınması ilə bağlı müqavilə bağlanılmamışdır. “Ödəniş qəbz”-lərindən görünür ki, Məmmədzadə Rəşad tərəfindən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 tarixlərdə "xxxx" MMC-ə 75 manat ödəniş edilmişdir. 01 iyul 2021-ci il tarixli, 221/KŞ saylı “Əmr”dən görünür ki, X5 "xxxx" MMC-də mühasibət-xəzinədar vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixli “İcarə” müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən obyekt "xxxx" MMC tərəfindən X1 icarəyə götürülmüş, ödənişlər edilmişdir. "xxxx" MMC-nin nümayəndəsi X8 tərəfindən 11 dekabr 2023-cü il tarixdə məhkəməyə göndərilmiş etiraza əlavə edilmiş fotoşəkillərdən görünür ki, "xxxx" MMC-nin Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən anbarın içərisində zibil qutuları yerləşdirilmişdir. Beləliklə, məhkəmə işin hallarını, protokol tərtib etmiş orqanın nümayəndəsini, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə görə Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə- vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 271-ci maddəsinə görə Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən məhz tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması və Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi kimi hərəkətlərə yol verildiyi halda bu maddələr üzrə məsuliyyət yarana bilərdi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu hüquqi şəxsin məsuliyyətə cəlb olunması və tənbeh edilməsi əsası kimi çıxış edir. Məhkəmə tərtib edilmiş protokolun İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsindəki yerləşən icarə əsasında "xxxx" MMC-ə məxsus anbardan "xxxx" MMC tərəfindən tullantılar daşınması təmin edilmiş, bu məqsədlə müəssisənin mühasibi tərəfindən Departamentə hər ay 75 manat xidmət haqqı ödənilmiş və ödəniş tapşırıqları "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. Bundan başqa İlham Nuriyev tərəfindən etiraza əlavə edilmiş fotoşəkillərdən görünür ki, anbarın içərisində tullantıların atılması üçün zibil yeşikləri yerləşdirilmişdir. Məhkəmə istintaqı zamanı protokolu tərtib etmiş ETSN 4 saylı RETSİ-nin baş məsləhətçi-müfəttişi X6 anbara daxil olmadığını bildirmiş, bu halı təkzib edən hər hansı sübut təqdim edə bilməmişdir. Fotoşəkillərdən görünür ki, həmin yeşiklər anbarın daxilində olmaqla müxtəlif yerlərdə yerləşdirilmişdir. Odur ki, Aysəf Bayramovun anbara daxil olmadığı təqdirdə təyinatı məişət tullantılarının atılmasından ibarət olan yeşiyin görülməsi mümkünsüzdür. Məhkəmə tərtib edilmiş protokolun İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı məlum oldu ki, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən "xxxx" MMC-in icarə əsasında işlətdiyi anbarın giriş qapısının yanında müxtəlif tərkibli tullantılar (məişət və qablaşdırma) Şahid tərəfindən ona maneə olmaması üçün fotoşəkildə göstərilən yerə qoyulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şahid tərəfindən anbarın giriş qapısına yanına qalaqlanmış məişət tullantılarına münasibətdə "xxxx" MMC inzibati məsuliyyətə məsuliyyətə cəlb oluna bilməz. "xxxx" MMC inzibati məsuliyyəti cəlb ediləcəyi təqdirdə bu hal əslində təqsirli şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnmiş olacaqdır. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən araşdırma aparılarkən araşdırma aparılmasının və inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə əməl edilməmiş, İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin "xxxx" MMC-nin İnzibati xətalar Məcəlləsinin qeyd edilən normaları ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş, və təqdim edilmiş sübtular işin digər halları ilə təkzib edilmişdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən, iş üzrə icraata xitam verilməli, Hüquqi şəxsə məxsus anbarın giriş qapısının yanında qalaqlanmış məişət tullantılarına münasibətdə təqsirli şəxsin müəyyən edilməsi məqsədilə xx.xx.1980-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Şabran ray., Günəşli kəndində qeydiyyatda olan Şahid hərəkətlərinə inzibati xəta tərkibinin olub-olmamasının araşdırılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. xx.xx.1980-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Şabran ray., Günəşli kəndində qeydiyyatda olan, Şahid hərəkətlərində inzibati xəta tərkibinin olub-olmaması hissəsində araşdırılma aparılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar