Məhkəmə qərarları › İş №3(060)-2832/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2832/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2832/2024 02.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs SRDYNİ-nin DYNŞ-nin inspektoru, baş leytenantı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Sumqayıt regional X6 İdarəsinin inzibati xəta haqqında 07 noyabr 2024-cü il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə Müəyyən etdi: Sumqayıt regional X6 İdarəsi tərəfindən Şəxs MMC (VÖEN **********) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon, C.Cabbarlı küçəsində yerləşən Şəxs MMC-də planlı YTM zamanı YTQ № 01-2001 bənd 9.1-9.12 və YTQ № 01-2001 bənd 4.1-4.17 tələbləri pozulmuş, bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 518.1-ci maddəsinə əsasən tərtib olunmuş, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Sumqayıt regional X6 İdarəsinin (bundan sonra SRDYNİ-nin) inspektoru baş leytenantı Nicat Qarayev izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixli “X1 Haqqında” qərara əsasən plan üzrə Sumqayıt şəhəri, 2-ci mikrorayon, C.Cabbarlı küçəsi, “Hicaz” dönər evinin arxasında yerləşən Şəxs MMC-ə xx.xx.2024-cü il tarixdə həmin müəssisədə illik plana əsasən yoxlama keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin xəbərdarlığa baxmayaraq xx.xx.2024-cü il tarixdə obyektə müayinə zamanı avtomatik yanğın xəbərverici səs siqnalizasiya sisteminə texniki qulluq göstərilmədiyi, obyektdə yanğın təhlükəsizliyi səs siqnalizasiya siteminin tam təmin olunmadığı aşkar edilmişdir. Qeyd edir ki, obyektə giriş hissədə 2-3 detektor quraşdırılmışdır, mətbəx, geyinib-soyunma otağı və anbarda siqnalizasiya sistemləri ümumiyyətlə quraşdırılmamışdır. Quraşdırılmış siqnalizasiya sistemlərinin işlək vəziyyətdə olması haqqında müayinə aktı il ərzində 2 dəfə SRDYNİ-nə təqdim olunmalıdır. Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmadığına dair nöqsanlar aşkar edilmişdir. Belə ki, otaqların girişi əlavə yük, kağız qutu və bu kimi digər əşyalarla məhdudlaşdırılmışdır. Müayinə zamanı çəkilən fətəşəkillərdən bu hal açıq-aşkar görünür. Yoxlama zamanı SRDYNİ-nin böyük inspektoru Saleh Abışov da iştirak etmişdir. Obyektə müayinə zamanı SRDYNİ-nin əməkdaşlarını Şəxs MMC-nin mağazanın müdir müavini kimi özünü təqdim edən X5 qarşılamışdır. Müayinə aktında qeyd edilən pozuntular həmin şəxsə bildirilmiş, lakin o, akta imza atmaqdan imtina etmişdir. Daha sonra Şəxs MMC-də aşkar edilmiş nöqsanlara dair sənədlərin məktubu mağaza müdiri Əli Şirinov tərəfindən qəbul edilmiş və imzalanmışdır. Yuxarıda qeyd olunanlara əsasən Şəxs MMC barəsində tərtib edilmiş protokolu müdafiə etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Kənan Musalının məhkəmə iclasında izahatından görünür ki, yanğın-texniki müayinə aktı və inzibati xəta haqqında protokol onlara təqdim edilməmişdir. Sənədlərə tanış olmaq üçün inspektorla əlaqə saxladıqlarını, sənədlərin onlara təqdim olunacağını bildirsələr də, həmin sənədlər onlara verilməmişdir. İş üzrə özlərini qismən təqsirli bilərək bildirir ki, obyekt yanğın-xəbərverici səs siqnalizasiya sistemi ilə tam təmin olunmamışdır. Həmçinin qeyd edir ki, obyektdə icarə müqaviləsi əsasında fəaliyyət göstərirlər. Müqaviləyə əsasən yanğın təhlükəsizliyinə cavabdeh şəxs obyekt sahibidir və inzibati xəta haqqında protokol obyekt sahibi barəsində də tərtib olunmalıdır. Qeyd edilən pozuntuların tam aradan qaldırılması üçün məhkəmədən 20 gün müddətində vaxt verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt regional DYNİ-nin 2424saylı, xx.xx.2024-cü il tarixli “X1” haqqında qərara əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, C.Cabbarlı küçəsində yerləşən Şəxs MMC-yə məxsus obyektdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək plan üzrə (növbəti) yoxlama aparılması qərara alınmışdır. AR Ədliyyə Nazirliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Sumqayıt şəhəri, 2-ci mikrorayon, C.Cabbarlı küçəsində yerləşən Şəxs MMC-yə məxsus obyektdə məxsus obyektdə qərarda qeyd edilən müddətdə plan üzrə (növbəti) yoxlama aparılması məqsədilə xx.xx.2024-cü tarixli KY ********* nömrəli Çıxarış əldə edilmişdir. xx.xx.2024-cü il tarixli, 2424 saylı “Yanğın-texniki müayinə” aktına əsasən Şəxs MMC-yə məxsus obyektin avtomatik yanğın xəbərverici səs siqnalizasiya sisteminə texniki qulluq göstərilməmiş, binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmamışdır. (YTQ № 01-2001 bənd 9.1-9.12 və YTQ № 01-2001 bənd 9.1-9.12) Bu barədə həmin tarixli, 2424 nömrəli yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, C.Cabbarlı küçəsində yerləşən Şəxs MMC-yə məxsus obyektdə müayinə aparılan zaman avtomatik yanğın xəbərverici səs siqnalizasiya sisteminə texniki qulluq göstərilməsi, binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmasına dair tələblərin pozulması halları aşkar olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 518.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi haqqında Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. Həmin Qanunun 24-cü maddəsinin 5-ci bəndinə əsasən binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. İXM-nin 518.1-ci maddəsinə görə Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarından görünür ki, Sumqayıt regional X6 İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon, C.Cabbarlı küçəsində yerləşən Şəxs MMC-yə məxsus obyektdə planlı yanğın texniki müayinə zamanı 02 iyul 2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələblərinə (maddə 14,15,17, 18,19, 20) riayət olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt regional X6 İdarəsinin inspektoru ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs MMC-nin İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar