Məhkəmə qərarları › İş №3(060)-2833/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2833/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2833/2024 03.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakı ilə, Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli TP6861449 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6861449 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar ona görə qəbul edilmişdir ki, guya o ötmə əməliyyatı aparmışdır. Lakin, o heç bir ötmə əməliyyatı aparmamışdır. Ona görə də barəsində qəbul edilmiş xx.xx.2024cü il tarixli TP6861449 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsinin mahiyyətinə uyğun çıxış etmiş, həmçinin bildirmişdir ki, “Opel” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü ildə saat Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsində hərəkətdə olarkən sağ tərəfində hərəkətdə olan “Kia” markalı avtomobil ani sola manevr edib onun qarşısına çıxmış, o da hadisədən yayınmaq üçün sola manevr edərək əks hərəkət istiqamətli yola çıxmışdır. Qarşıdan avtomobil gəldiyinə görə qəzadan yayına bilməmiş, “Kia” markalı avtomobil isə sola onun yoluna keçdiyi üçün qəza baş vermişdir. Hadisə ilə bağlı Sumqayıt ŞPİ-nin X10 Şöbəsində araşdırma aparılsa da, düzgün və dəqiq araşdırma aparılmamışdır. Belə ki, inspektor ekspertiza təyin etdiyini bildirsə də, bu barədə heç bir sənəd mövcud deyil. Həmçinin hadisə yerinin video görüntüləri götürülməmişdir. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. 28 noyabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin inspektoru X5 bildirmişdir ki, hadisə ilə bağlı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı hər iki sürücünün izahatı alınmış, yol nəqliyyat hadisəsinin sxemi çəkilmiş və ekspertiza təyin edilmişdir. Lakin, ekspert məlumatların natamamlığı səbəbindən rəy verməkdən imtina etmişdir. Bundan sonra araşdırma tərəfindən davam etdirilmiş və belə qənaətə gəlmişdir ki, yol nəqliyyat hadisəsinin baş vermə səbəbi “Opel” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 düzgün ara məsafəsi seçməməsi və əks hərəkət yoluna çıxması olmuşdur. Bundan əlavə bildirmişdir ki, növbəti məhkəmə prosesində işin ekspertizaya göndərilməsi və ekspertin rəy verməkdən imtina etməsi barədə sənədləri də təqdim edə bilər. 28 noyabr 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində məhkəmə prosesində iştirak edən X7 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə “Kia Forte” markalı **- SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsində “Megahand” geyim mağazasının qarşısından hərəkətə başlamış, hərəkətə başladıqdan sonra dönmə işığını yandırıb sol zolağa keçmiş, sol zolağa keçdikdən sonra sola dönmə işığını yandırıb sola dönən zaman “Xan” Restoranın yanında “Opel” markalı avtomobil əks yola çıxaraq onunla toqqouşmuşdur. Hadisədən öncə “Opel” markalı avtomobil onun arxasınca hərəkətdə olmuşdur, o sola dönmə edərkən “Opel” markalı avtomobil əks yola çıxaraq ötmə əməliyyatı etmək istədiyi üçün hadisə baş vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6861449 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X10 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6861449 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, X3 “Opel Meriva-A Minik” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü ildə saat 19:30 radələrində Sumqayıt şəhəri, Bədəlbəyli küçəsində idarə edərkən araməsafəsi qaydalarını və əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydalarını pozmuş və buna görə də Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü ildə saat 19:30 radələrində Sumqayıt şəhəri, Bədəlbəyli küçəsində “Opel Meriva-A Minik” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı və “Kia Forte” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Sumqayıt ŞPİ-nin X10 Şöbəsində araşdırma aparılmış və “Opel Meriva-A Minik” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan “Kia Forte” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Sumqayıt ŞPİ-nin X10 Şöbəsində verdiyi izahatdan görünür ki, o yolun sağ hissəsindən hərəkətə başlamış, sonra dönmə işığını yandıraraq sol zolağa keçmiş və 30-40 km/saat sürətlə 10 metr məsafə qət edib solda, yəni əks yolun kənarında olan həyətə daxil olmaq istəyərkən ondan arxada hərəkətdə olan “Opel” markalı avtomobil əks yola çıxaraq onunla toqquşmuşdur. Göründüyü kimi hər iki sürücünün izahatı ilə, “Kia Forte” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ hissəsindən hərəkətə başlaması müəyyən edilir. Ziddiyyətli məqam ondan ibarətdir ki, “Opel Meriva-A Minik” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 izahatında bildirir ki, digər sürücü anidən sola manevr onun hərəkət zolağına daxil olmuş, o da hadisədən yayınmaq üçün sola əks zolağa çıxmış, lakin qarşıdan avtomobil gəldiyi üçün hadisənin qarşısını ala bilməmiş və “Kia Forte” markalı avtomobillə toqquşmuşdur. “Kia Forte” markalı avtomobilin sürücüsü isə izahatında bildirir ki, o yolun sağ hissəsindən hərəkətə başlamış, daha sonra dönmə işığını yandırıb sol zolağa keçmiş, sol yolda 10 metr hərəkət edib əks yola bitişik həyətə daxil olmaq üçün yenidən sola manevr edərkən digər avtomobilin əks yola çıxaraq onunla toqquşmuşdur. Həmin vaxt isə sürəti 30-40 km/saat olmuşdur. Məhkəmə qeyd edir ki, sürücülərin izahatlarında ziddiyyətli məqamlar olsa da, iş üzrə yol-nəqliyyat hadisəsi üzrə ekspertiza təyin edilərək müvafiq rəy alınmaqla yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücünün müəyyən edilməsi mümkündür. Lakin, indiki halda inspektor tərəfindən müvafiq rəy alınmadan qərar qəbul edilmişdir. Qərar qəbul etmiş inspektor məhkəmə iclasında bildirmişdir ki, iş üzrə tərəfindən yolnəqliyyat hadisələri üzrə ekspertiza təyin edilmiş, lakin ekspert rəy verməkdən imtina etmişdir. Lakin, müvafiq ekspertizanın təyin edilməsi və rəy verilməsindən imtinaya dair sənədləri məhkəməyə təqdim etməmiş, bu səbəbdən də ekspert tərəfindən imtina verilmişdirsə bunun səbəblərinin nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi Sumqayıt ŞPİ-nin X10 Şöbəsində aparılan araşdırma zamanı ətraflı araşdırma aparılmamış və iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6861449 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X10 Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli TP6861449 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ-nin X10 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar