Məhkəmə qərarları › İş №3(060)-2834/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2834/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2834/2023 14.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 13 noyabr 2023-cü il tarixli 00700-00222/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs MMC tərəfindən 5411 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Ona görə də Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmmasına baxmayaraq Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən, işə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan 29 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərar Sumqayıt Gömrük İdarəsinə göndərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən 5411 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Aparılan araşdırma zamanı, Dövlət Gömrük Komitəsinin X3ması və Audit Baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 34/160/026962 qeydiyyat nömrəli məktubuna əsasən, xx.xx.2023-cü il tarixdə Mazımqara gömrük postundan keçməklə Türkiyə Respublikasından ölkə ərazisinə 77JH246/99ZG464 dövlət qeydiyyat nişanlı nəgliyyat vasitəsilə daşınan **********0381 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumgayit Gömrük İdarəsinə bəyan olunan yüklərə dair xx.xx.2023-cü il tarixdə aparılan fiziki yoxlamanın nəticələri Baş İdarə tərəfindən təhlil edilmiş və yuxarıda geyd olunan gömrük bəyannaməsi üzrə gömrük organına dəyərin yanlış bəyan olunması nəticəsində 6 mal mögveyi üzrə cəmi 5411 manat məbləğində əlavə vəsaitin büdcə ödənişinə cəlb edilmədiyi müəyyən edilmişdir. 21 sentyabr 2023-cü il tarixdə Şəxs MMC-nin nümayəndəsi olan X1 və təhqiqat şöbəsində verdiyi izahatında, gömrük ödənişlərini ödəmək niyyəti olduğunu, lakin mallar artıq satıldığına görə və Dövlət Vergi Xidmətinə satışla bağlı hesabatlar verildiyi üçün sonradan ödəyəcəkləri gömrük ödənişləri üçün problemlər yaşana biləcəyini, həmçinin MMC-lər ziyana düşəcəyi üçün bu məsələnin həlli istiqamətində müəyyən tədbirlər görülməsini xahiş etmişdir. 05 oktyabr 2023-cü il tarixdə Şəxs MMC-nin ünvanına gömrük borcunun məbləği barədə bildiriş göndərilmiş, həmçinin əlavə yaranmış gömrük ödənişləri ödəniləcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə inzibati məsuliyyətdən azad edilmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 505-ci maddəsinə əsasən, gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinin 1-ci bəndinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və MMC barəsində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğində inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə təqsirli bilinsin və ödənilməli olan 5.411 (beş min dörd yüz on bir) manat gömrük ödənişləri məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 3.787 (üç min yeddi yüz səksən yeddi) manat 70 (yetmiş) qəpik məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya bir başa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar