Məhkəmə qərarları › İş №3(060)-2838/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2838/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2838/2024 02.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Xızı Rayon Polis X8 Polis Bölməsinin inspektoru, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs-Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xızı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi mülkiyyətində olan “VAZ-21043” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi barəsində Xızı Rayon DYPŞ-nin inspektoru, polis leytenantı X3 tərəfindən İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş, Xızı PŞ-nin DYPB-nin inspektoru Elvin Şəfiyev məhkəmə iclasında izahatında bildirdi ki, o, Xızı Rayon Mədəniyyət İdarəsinə xx.xx.2024-cu il tarixdə məktub ünvanlayaraq həmin İdarənin balansında olan “VAZ 21043” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda idarə etmək hüququna malik şəxs barədə məlumatı 5 gün müddətində Xızı Rayon DYPB-nə gönədirilməsini xahiş etmişdir. Həmin məktub xx.xx.2024-cü il tarixdə idarənin əməkdaşı və nümayəndəsi Mövsüm adlı şəxs tərəfindən şəxsən qəbul edilsə də, müvafiq məlumatlar DYPB-nə təqdim edilməmişdir. Bu səbəbdən həmin idarə barəsində protokol tərtib edilmişdir. Odur ki, həmin İdarənin inzibati qaydada cərimə edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və İdarə rəisinin müavini Şabili Həsrət məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, hazırda Xızı Rayon Mədəniyyət İdarəsi adlı bir İdarə yoxdur. Belə ki, 2023-cü ilin iyul ayında ölkə Prezidentinin sərəncamına əsasən Sumqayıt Regional Mədəniyyət İdarəsinin adı dəyişdirilərək X7 Mədəniyyət İdarəsi adlandırılmış və Rayon mədəniyyət şöbələri ləğv edilmişdir. Qeyd edir ki, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Sumqayıt şəhəri H.Əliyev prospekti ünvanında olan Kimyaçılar mədəniyyət Sarayında yerləşir. Göndərilən məktub onlara çatdırılmamışdır. İzahatında onu da bildirir ki, hal-hazırda Xızı Rayonunda Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi və baş məsləhətçisi vəzifəsi üzrə Mövsüm Bağırov fəaliyyət göstərir. Nümayəndəlik həmin Rayonda yerləşir. Məhkəmədən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Xızı Rayon DYPB tərəfindən Xızı Rayon Mədəniyyət və Turizm Şöbəsinə “VAZ 21043” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə 5 gün müddətində məlumat verilməsi xahiş olunmuşdur. Həmin məktub xx.xx.2024-cü il tarixdə sənədin kötüyünə imza edilərək qəbul edilmişdir. Təqdim edilmiş çıxarışdan görünür ki, “VAZ 21043” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtombilin sahibi Xızı Rayon Mədəniyyət və Turizm şöbəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.2-ci maddəyə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.5-ci maddəyə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1-ci maddəyə uyğun olaraq bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Xızı Rayon Polis şöbəsinin DYPB-nin inspektoru Elvin Şəfiyev “VAZ 21043” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququna malik olan şəxs barədə məlumat verilməsi üçün X7 Mədəniyyət İdarəsinin Xızı Rayonunda yerləşən nümayəndəliyinə məktub göndərmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə həmin idarənin vəzifə üzrə baş məsləhətiçi və nümayəndəsi Mövsüm Bağırov tərəfindən qəbul edilsə də, sonuncu səhlənkarlıq edərək qanunla müəyyən edilmiş 5 gün müdətində bu barədə nə özü, nə da rəhbərliyi vasitəsilə Xızı Rayon DYPB-nə məlumat verməmişdır. Belə ki, X4 Xızı Regional Mədəniyyət İdarəsinin əməkdaşı olduğunu həmin idarənin idarə rəisi Həsrət Şabili şəxsən təsdiq etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istfadəsində olan nəqliyyat vəsitəsini inzibati törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 (yüz əlli) manat məbləğində, hüquqi şəxs 300 (üç yüz) manat məbləğində cərimə edilir. Həmin məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Xızı Rayon PŞ DYPB-nin inspektoru Elvin Şəfiyevin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron- Xızı Regional Mədəniyyət İdarəsi İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri bilinməli və həmin maddənin sanksiyası həddində inzibati qaydada cərimə edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar