Məhkəmə qərarları › İş №3(060)-2839/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2839/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2839/2024 03.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş Xızı RPŞ DYPB-nin baş inspektoru, polis leytenantı X2 iştirakı ilə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xızı rayon X5 X7 tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 04 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Protokolu tərtib etmiş Xızı RPŞ DYPB-nin baş inspektoru, polis leytenantı X3 izahat verərək bildirdi ki, dəfələrlə Xızı rayon Mədəniyyət İdarəsinə məktub göndərərək balansında olan **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin kim tərəfindən idarə olunması haqqında yol vərəqəsinin DYPB-yə göndərilməsini bildirmiş, lakin Mədəniyyət İdarəsindən heç bir məlumat daxil olmamışdır. Bu hal keçən ildə də olmuş, sonradan yol vərəqəsi göndərilmişdir. Həmin avtomobil Xızı ərazisində idarə olunur, cəriməsi olduğuna görə texniki baxışdan keçirilməsi mümkün deyildir. Xızı rayon Mədəniyyət İdarəsinə göndərilmiş məktuba cavab gəlmədiyi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Protokolu tərtib etmiş Xızı RPŞ DYPB-nin baş inspektoru, polis leytenantı X3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin elekton portalında avtomobil Xızı rayon Mədəniyyət evi və Turizm Şöbəsinin balansında görsəndiyi üçün ilk olaraq tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla birlikdə Xızı Rayon Məhkəməsinə müraciət olunmuş, lakin Xızı rayon Mədəniyyət evi və Turizm Şöbəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinin tərkibində olduğu üçün material baxılması aidiyyətı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil Xızı rayon ərazisində Xızı rayon Mədəniyyət evi və Turizm Şöbəsinin baş məsləhətçi və ya müdiri vəzifəsində işləyən Cavad adlı şəxs tərəfindən idarə olunur. Bir gün əvvəl eyni maddə ilə Sumqayıt şəhər Məhkəməsinin icratında inzibati xəta materialına baxılmış, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etmiş, Xızı rayon DYPB-dən göndərilən məktub Xızı rayon Mədəniyyət evi və Turizm Şöbəsi tərəfindən onlara göndərilməli olduğu halda, göndərilmədiyi üçün avtomobilin kimin tərəfindən idarə olunması barədə məlumatı DYPB-yə göndərə bilməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, protokolu tərtib etmiş Xızı rayon DYPB-nin baş inspektoru, polis leytenantı X2 izahatını dinləyərək toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan reyestrdən və xəbərnamənin surətindən görünür ki, Xızı rayon DYPB-si tərəfindən Xızı rayon Mədəniyyət evi və Turizm Şöbəsinə xx.xx.2024cü il tarixdə məktub göndərilmiş və xx.xx.2024-cü il tarixdə həmin məktub xəbərnaməyə imza olunaraq qəbul edilmişdir. İş materiallarında olan 04 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması törədilən inzibati xətalara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati xəta haqqında protokolun tərtib olunmasında elektron sistemdən istifadə edilməsi, yəni nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı əlavə edildikdən sonra sistem vasitəsi ilə aid olduğu qurumun və ya şəxsin protokola yerləşdirilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Xızı rayon Mədəniyyət və Turizm şöbəsinə sorğunun göndərilməsi və həmin sorğu əsasında şöbənin bir başa tabe olduğu, X1 İdarəsinin barəsində protokolun tərtib olunması inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallara aid deyil. Belə ki, X1 İdarəsini təmsil etmək, adından qərarlar qəbul etmək və ya fəaliyyətinə nəzarəti həyata keçirmək səlahiyyətinə malik olan vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Xızı rayon Mədəniyyət və Turizm şöbəsinin məsul şəxs(lər)i hüquqi şəxsin işçisi olaraq hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün sorğuya cavab verməmiş və ya cavab verilməsi üçün aidiyyəti üzrə məlumatlandırmamışdır. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar