Məhkəmə qərarları › İş №3(060)-2840/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2840/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2840/2024 28.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Daxili İşlər Nazirliyi Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Şahin Həmzəyev şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahin Həmzəyev şikayətini onunla əsaslandırdı ki, özünə məxsus HYUNDAİ İ30 minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman 4-cü mikr ərazisində, Cəfər Cabbarlı küçəsində 4 yol kimi tanınan, 45-in işıqforu adlanan yerdə işıqforun yaşıl işığı yanarkən hərəkətini davam etdirmişdir. Həmin yerdə polis əməkdaşı olmamışdır. Polis əməkdaşının sonradan gəlib onu saxlamasından təxmin edir ki, yol polisi ondan 300-500 metr uzaqda, eyni zamanda yolun hərəkət istiqamətinin əks tərəfində olmuş, buna görə də düzgün qərar verilməmişdir. Qeyd edir ki, yaşıl işığın yanıb-sönmə məqamında stop xəttin keçə, piyada keçidinin ortasında ola bilər. O, işıqforun qırmızı işığı yanarkən hərəkət etmədiyini bildirir. Sarı işıqda artıq yolu tərk etmişdir. Törətdiyi iddia olunan qayda pozuntusu ilə bağlı ona gorüntü təqdim edilməyib. Protokol tərtib olunarkən inspektora qayda pozmadığını bildirmiş, lakin inspektor ona zəng edib kameraya baxan şəxslə əlaqə yaradacağını, qayda pozmuş olsa protokol yazılacağını, pozuntu müşahidə olunmasa protokol yazılmayacağını bildirmişdir. İnspektorla danışıqlarından təxminən 15 dəqiqə sonra ona barəsində protokol tərtib edilməsi barədə sms bildiriş gəlmişdir. Görüntülərə baxmaq üçün polis şöbəsinə getmiş, lakin ona heç bir görüntü təqdim etməmişlər. Qeyd olunanların nəzərə alınmasını, xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən Sumqayıt şəhər DYPŞ--nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Sumqayıt şəhər DYPŞ-ə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Şahin Həmzəyevin şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt şəhər DYPŞnin əməkdaşları tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilməmiş, düzgün hüquqi nəticəyə gəlmək üçün yetərli araşdırılma aparılmamışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanunliyi və asaslılığı iş üzrə və əlavə təqdim edilmiş material əsasında yoxlanılır. Həmin faktın araşdırılması ilə bağlı Sumqayıt şəhər DYPŞ-ə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmiş, o cümlədən hazırki iş materiallarına əlavə edilmiş protokoldan isə həqiqətən də inzibati xəta hadisəsinin olub-olmaması müəyyən etmək qeyri mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, Şahin Həmzəyevin inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün şikayətçinin şikayətində qeyd etdiyi hallar bir daha onun iştirakı ilə araşdırılmalı, həmin ərazidə Təhlükəsiz şəhər kamerası olduğu təqdirdə, hadisənin görüntülərinə baxılması təmin edilməli, bütün şübhə və anlaşılmamazlıqlar aradan qaldırıldıqdan sonra qayda pozuntusunun olub-olmaması müəyyən edilməlidir. İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biri də həmin maddənin 134.1.4-cü bəndində göstərilmiş əsasdır. Həmin bənddə qeyd edilir ki, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilməlidir. Həmin məcəllənin 135-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara eyni zamanda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi aid edilmişdir. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. İXM-nin 8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və göstərilən ziddiyətli və şübhə yaradacaq məqamların aradan qaldırılması məqsədi ilə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt şəhər DYPŞ-ə göndərilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt şəhər DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar