Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2841/2023 30.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Sumqayıt Şəhər Polis İdarəsinin Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi X3, müdafiəçi Sumqayıt Regional Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Novxanı bağları, Mirzə İbrahimov 5 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci PB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunarq baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 12:00 radələrində Sumqayıt şəhəri Novxanı bağları ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin polis sahə rəisi X6 tərtib etdiyi protokola uyğun izahat verərək, bildirmişdir ki, Şəxs qardaşı Kamil Xudiyev barəsində təhqiqat materialı vardır. Kamilin yerinin müəyyən edilməsi məqsədi ilə Kamranla əlaqə saxlanılmış, lakin Kamran bölməyə gəlməmişdir. Daha sonra Kamranın yaşadığı ünvana getmişlər, zəng edərək onu dəvət etmişlər. Belə ki, Kamran həmin vaxt evinin yaxınlığında işləyirmiş. Şəxs əmisi Bəhruz Xudiyev ilə əraziyə gəldikdə qardaşının yerini soruşmuşlar. Lakin, Şəxs və əmisi polis əməkdaşlarının tələblərini yerinə yetirməyərək səs-küy salmaqla ictimai qaydanı pozmuşlar. Bu səbəbdən də tərəflərindən avtomobilə əyləşdirilərək bölməyə gətirilmişdir. Bəhruz Xudiyev azad edilsə də Şəxs əməllərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğu üçün barəsində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə polis sahə rəisi X6 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs və əmisi küçədə səs-küy salarkən ətrafda başqa şəxslərin olmasını müşahidə etməmişdir. Şəxs əsassız olaraq qardaşının yerini bilmədiyini qeyd edərək onlara məlumat verməkdən imtina etmişdir. Həmçinin bildirmişdir ki, Şəxs könüllü olaraq onlarla gəlmədiyi üçün məcburi avtomobillə bölməyə gətirilən zaman sifəti avtomobilə dəymiş və bu zaman gözünün altında qaraltı əmələ gəlmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, qardaşının işi ilə bağlı polis əməkdaşları onunla əlaqə saxlamış, o isə qardaşı Kamillə birgə yaşamadığını və yerini də bilmədiyini qeyd etmişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş, həmin vaxt isə o yaxınlıqda işdə olmuşdur. Polis əməkdaşlarının zənginə əsasən öz avtomobili ilə yaşadığı yerə gəlmiş, avtomobildən düşən kimi polis əməkdaşları ona və əmisinə hücum edərək onları döymüşlər. Daha sonra isə bölməyə gətirmişlər. Onun döyülməsinin səbəbi qardaşının yeri barədə məlumatlı olmaması və polislərə də məlumat verə bilməməsi olmuşdur. Gözünün altında olan qaraltı da polis əməkdaşları tərəfindən yetirilmişdir. Həmçinin onun bədənin müxtəlif nahiyyələrinə də vurmuşlar. Bununla bağlı hazırda başında, qabırğalarında və ayağında ağırlar vardır. Həmin hissələrdə ağrılar olsa da gözlə görünən xəsarətlər yoxdur. Bölmədə ona məcburi izahat yazdımışlar ki, guya gözünün altında olan xəsarət əvvəlcədən hörgü hörən zaman yaranmışdır, həmçinin qanun pozuntusuna yol vermişdir. Əslində isə həmin xəsarəti ona polis əməkdaşları yetirmişlər. O polis əməkdaşlarının heç bir tələbinə tabesizlik göstərməmiş, sadəcə qardaşının yerini bilmədiyini bildirmişdir. Polis əməkdaşlarının zəngi ilə işlədiyi yerdən yaşadığı yerə də könüllü gəlmişdir. Polis əməkdaşlarının onu heç bir səbəb olmadan avtomobildən düşən kimi döymələri avtomobilində olan video registratorla da qeydə alınmışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Bürosunun vəkili X2 bildirmişdir ki, müdafiə etdiyi şəxsin əməllərində inzibati xəta tərkibi yoxdur. Belə ki, polis əməkdaşlarının Şəxsdən olan tələblərinin özü qeyri-qanuni olmuşdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin əməliyyat müvəkkili X4 izahatında göstərmişdir ki, Şəxslə əlaqə saxlayaraq qardaşının yeri barədə məlumat almaq istəsələr də Kamran heç bir məlumat vermədiyi üçün onun yaşadığı ünvana getmişlər. Orada da Şəxs qardaşının təqsirsiz olduğunu, həmçinin yerini bilmədiyini qeyd edərək səs-küy salmış və onların tələblərinə tabesizlik göstərmişdir. Həmin vaxt Kamranın əmisi Bəhruz Xudiyev də orada olmuş və o da Kamilin yerini deməmişdir. Həm Kamran, həm də əmisi səs-küy salaraq onların tələblərinə tabesizlik göstərdikləri üçün məcburi olaraq PB-nə gətirilmişlər. Kamranın gözünün altındakı xəsarət isə məcburi olaraq avtomobilə əyləşdirilərkən avtomobilə dəyərək əmələ gəlmişdir. Onlar Kamranı vurmamışlar. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, polis əməkdaşları Şəxs ilə əlaqə saxlayaraq sonuncunun qardaşı Kamil Xudiyev barəsində olan təhqiqat materialı üzrə sonuncunun yerini maraqlanmışlar, telefon vasitəsi ilə Şəxs heç bir məlumat ala bilmədikləri üçün onun yaşadığı ünvana gedərək sonuncunu telefon vasitəsi ilə işlədiyi yerdən oraya dəvət etmişlər. Şəxs isə əmisi Bəhruz Xudiyev ilə birlikdə yaşadığı ünvana gəlmişdir. Hazırda polis əməkdaşlarının iddiasına görə Şəxs isə əmisi Bəhruz Xudiyev həmin ərazidə səs-küy salaraq Kamil Xudiyevin yeri barədə məlumat verməmişlər, həmçinin Şəxs həmin məsələ ilə bağlı PB-nə dəvət edilməsinə baxmayaraq onların tələblərini icra etməyərək tabesizlik göstərmişlər. Məhkəmə qeyd edir ki, əvvəla ictimai qaydanın pozulmasına görə heç bir şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdir, ptotokol yalnız İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş və belə olan halda ictimai qaydanın pozulması ilə bağlı həmin şəxslərin PB-nə dəvət edilməsi özü əsassız olmuşdur. Digər tərəfdən Kamil Xudiyev barəsində olan təhqiqat materialı üzrə onun qardaşı, yəni yaxın qohumu hesab edilən şəxs Şəxs məcburi məlumat almağa çalışmaq, bununla bağlı məlumat vermədikdə qeyd edilən halların tabesizlik kimi qiymətləndirilməsi də əsssızdır. Nəzərə almaq lazımdır ki, yaxın qohumların bir-birini ifşa etməkdə sərbəstliyi vardır və bu bir konstitusion prinsipdir. Bu baxımdan məhkəmə qeyd edir ki, polis əməkdaşlarının Şəxs qardaşı ilə bağlı təhqiqat materialı üzrə məcburi, iradəsi ziddinə məlumat almağa çalışmaq kimi hərəkətləri özü-özlüyündə qanuni tələb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın ən zəruri şərti isə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaq kimi nəzərədə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qaraşı Kamil Xudiyev barəsində məlumatsız olması və ya məlumatlı olsa da bu məlumat verməmək istəməməsi onun polis işçisinin qanuni tələbinə qəsdən tabe olmaması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməli, eyni zamanda Şəxs bədənində olan xəsarətlərin hansı şəraitdə və necə almasını müəyyən etmək üçün Sumqayıt şəhər prokurorluğuna məlumat göndərilməldir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma üzrə sərf edilmiş 3 sata görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməldir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Şəxs bədənində olan xəsarətlərin hansı şəraitdə və necə alması araşdırılması üçün Sumqayıt şəhər prokurorluğuna məlumat göndərilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2841/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2841/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver