Məhkəmə qərarları › İş №3(060)-2842/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2842/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2842/2023 30.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı Elsevər Ələkbərzadənin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 30 noyabr 2023-cü il tarixli, MN № ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində küçədə qışqıra-qışqıra danışaraq ünvansız nalayiq küçə söyüşləri söymüş, xırda xuliqanlıq əməli törətmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı Elsevər Ələkbərzadə bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilləri ərazidə xidmət aparan zaman Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən bərbərxananın qarşısında bir nəfər şəxsin telefonla qışqıra-qışqıra danışaraq nəlayiq küçə söyüşləri söyməsini görüb ona yaxınlaşaraq, özlərini təqdim etmişlər. Özünü Elşad kimi təqdim edən şəxs kobud və qeyri səmimi olduğu üçün onu sakinləşməyə dəvət etmişlər, şəxs çox aqressiv, eləcə də ictimai asayişi pozduğu üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə 42-ci məhəllə ərazisində işlətdiyi bərbərxananın qarşısında əsəbi halda telefonla danışarkən iki şəxs ona yaxınlaşmış, şəxslərdən biri nə olub qardaş niyə qışqırırsan? demiş, o, ona kobud cavab verərək sənin nəyinə lazımdır, get işinən məşğul ol deyərək cavab vermişdir. Sonradan həmin şəxslər özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirib niyə bu cür agressiv olduğunu soruşdular. Bir neçə dəqiqə söhbət etdikdən sonra polis əməkdaşları ictimai qaydanı pozduğu üçün bölməyə getməli olduqlarını ona izah etmişlər. Sonra polis əməkdaşları ilə Polis Bölməsinə getmişlər. O, qışqıra-qışqıra danışmış, lakin nalayiq ifadələr işlətməmişdir. Əməlindən peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il saat 20:00 radələrində inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində küçədə qışqıra-qışqıra danışaraq ünvansız nalayiq küçə söyüşləri söymüş, xırda xuliqanlıq əməli törətmişdir. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir və onun 01 (bir) gün inzibati qaydada tutulmağı nəzərə alınmalı, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin ona 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən 01 (bir) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 50 (əlli) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar