Məhkəmə qərarları › İş №3(060)-2845/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2845/2022

18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2845/2022 18.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Naxçıvan MR, Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 2022-ci ilin sentyabr-oktyabr aylarında ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi evi sökərək həyəti yararsız hala salmış və ona 2000 (iki min) manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 2022-ci ilin avqust ayının əvvəlində tanışı Hafiz adlı şəxs ona zəng vuraraq Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, 74-cü məhəllə, 99 ünvanında köhnə tikili olduğunu və ev sahibinin onu sökmək niyyətində olduğunu, tanışı Nüsrətlə əlaqə saxlamasını və bu barədə ona məlumat verməsini bildirmişdir. Bundan bir neçə gün sonra Hafiz, Nüsrət və o birlikdə həmin evə baxış keçirmiş, ev sahibi Zərərçəkmiş şəxs ilə aralarında razılaşma olmuşdur. Razılaşmaya əsasən ev sahibi darvazanı, plazma televizoru və 16 ədəd kombi radiatorunu onlara verməli, onlar isə bunun qarşılığında ona 1000 manat pul verməli olsalar da, evi sökən zamanı materialların yararsız vəziyyətdə olduğunu gördüklərindən Zərərçəkmiş şəxs görəcəkləri işin müqabilində 600 manat verməklə razılaşmışlar. Həmin vaxt Cavidə 300 manat pul vermiş, evi sökdükdən sonra 2500 ədəd kubiki hərəsi 20 qəpikdən olmaqla ona satmaları barədə aralarında razılaşmışlar. Bundan sonra o kubiklərin yararsız vəziyyətdə olduğunu, pulu, eləcə də qabaqcadan razılaşdıqları darvaza, 16 ədəd kombi radiatorlarını, plazma televizoru və digər tikinti materiallarını onlara verməyəcəyini bildirmişdir. Buna görə də onlar Cavidin həyətini təmizləməkdən imtina etmişlər. Zərərçəkmiş şəxs şikayət ərizəsində qeyd etdiyi xüsusatlar tamamilə yalandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, 74-cü məhəllə, 99 ünvanında olan köhnə tikilini sökmək üçün iş yoldaşının tanışı olan tikinti işləri ilə məşğul olan Nüsrət və Rüstəm adlı şəxslərlə əlaqə yaratmışdır. Bundan bir neçə gün sonra birlikdə həmin evə baxış keçirmiş və aralarında razılaşma olmuşdur. Razılaşmaya əsasən evin sökülərək, tikinti materiallarının götürülməsi, söküntü tullantılarının təmizlənməsi və 1000 manat müqabilində darvazanın, plazma televizoru və 16 ədəd kombi radiatorunu onlara verilməsi barədə razılığa gəlmişlər. Lakin söküntüyə başladıqları gün ona 600 manat verəcəkləri, eyni zamanda evdə olan yeni darvaza üçün də 100 manat verəcəkləri barədə razılığa gəlsələr də, bir neçə gün sonra 300 manat pul vermişlər. Evi sökdükdən sonra 2500 ədəd kubiki hərəsi 20 qəpikdən olmaqla ona satmağı təklif etmişlər. O, da öz növbəsində kubiklərin sağlam olacağı təqdirdə alacağını bildirdi. Lakin bu şəxslər onun ölkədə olmamasından istifadə edərək evin bütün materiallarını daşıyaraq aparmış, həyəti yararsız hala salmış və ona 2000 (iki min) manat maddi ziyan vurmuşdur. Ona görə də, Şəxs oğlu barəsində qanuna müvafiq inzibti tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Pərvin Allahverdiyev tərəfindən tərtib olunmuş 25 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilməsi, faktda Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən fərdi evi sökərək həyəti yararsız hala salıb ona maddi ziyan vurmuş Rüstəm adlı şəxsin müəyyən edilərək barəsində inzibati təsir tədirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surətinin aidiyyəti üzrə verilməsi qərara alınmışdır. Belə olan halda cinayət işinin başlanması rədd edilmiş və X1 əməli Azərbaycan Respublikası İXM-nin 232-1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsinin tərkibini yaratdığından onun barələrində inzibati icraat açılması üçün qərarın surəti Sumqayıt ŞPİ-nin 1-ci PB-nə göndərilmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İşin araşdırılan hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələmə ilə müşaiəyət olunan hərəkətlərə yol verilməmişdir. Tərəflər arasında qarşılıqlı razılaşma olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar