Məhkəmə qərarları › İş №3(060)-2848/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2848/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2848/2023 01.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru – X1, Tələbkar – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 tərəfindən xx.xx.2023cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5354/2019 saylı icra vərəqəsi üzrə üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərinə əməl etməmiş və nəticədə 9854 manat borcu yaranmışdır. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 5354/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 5179 manat pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X4, 4615 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X5 ödənilməlidir. Lakin borclu icra vərəqəsi üzrə üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərinə əməl etməmiş və nəticədə 9854 manat borcu yaranmışdır. Borclu axtarışla icra idarəsinə gətirilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X6 bildirdi ki, borclu iki il əvvəl ona icra sənədi üzrə borcundan cəmi 200 manat ödəniş etmiş, sonra heç bir ödəniş olmamışdır. Borclunun həbs edilməsini istəmir, lakin pulunu tələb edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, bir şəxs pulu ödəyəcəyi barədə ona söz vermiş, sonradan məlumatı olmuşdur ki, həmin şəxs pulu ödəməmişdir. Hazırda özü evini girov qoyaraq, bankdan pul götürərək ödəniş etmək istəyir. Məhkəmədən ona vaxt verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tələbkar X7 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunu, barəsində protokol tərtib edilmiş şəxsi və tələbkarı dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5354/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 5179 manat pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X4, 4615 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X5 ödənilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, borclu Şəxs barəsində Sumqayıt ŞPİ-si tərəfindən xx.xx.2022-ci il tarixdə 731440 saylı axtarış işi açılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs barəsində Sumqayıt ŞPİ-si tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə axtarış elan edildiyi üçün onun barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli 1919/6 saylı məktubuna əsasən borclu şəxs kimi açılmış 731440 saylı axtarış işi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs tərəfindən məhkəmə qərarının lazimi qaydada icra edilməməsi Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəfiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar