Məhkəmə qərarları › İş №3(060)-2849/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2849/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2849/2024 02.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt ŞPİ DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, 02 sentyabr 2024-cü il tarixdə, saat 14:10 radələrində sürücü Şəxs idarə etdiyi “X2” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsi ilə üzü N.Nərimanov küçəsi istiqamətində hərəkətdə olan zaman “Express Bank”-ın yaxınlığında ara məsafəsini tənzimləyə bilmədiyindən işıqforun qırmızı işığında dayanmış “Khazar” markalı avtomobilin arxa hissəsindən ehtiyyatsızlıqdan vurmuş, bu zaman “Khazar” markalı avtomobil onun qarşısında dayanıqlı vəziyyətdə olan “Hyundai” markalı avtomobilin arxa hissəsinə dəymişdir. “Khazar” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 baş-beyin silkələnməsinə, sol alın-təpə nahiyyəsinin dərialtı hematomasına səbəb olan yüngül bədən xəsarəti almışdır. Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq protokolu tərtib etmiş şəxs polis kapitanı Niyanməddin Həsənov məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibai xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o, hadisəni sürücüsü olduğu “Kia Rio” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Sülh küçəsi ilə N.Nərimanov küçəsi istiqamətində orta zolaqla təxminən 40-50 km saat sürətlə hərərkətdə olan zaman əyləcə bassa da lakin tormozlama edə bilməmiş, nəticədə “Express Bank”-ın yaxınlığında işıqforun qırmızı işığında dayanmış “Khazar” markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Zərbənin təsirindən “Khazar” markalı avtomobilin ön hissəsi onun qarşısında dayanıqlı vəziyyətdə olan “Hyundai” markalı avtomobilin arxa hissəsinə dəymişdir. Baş vermiş hadisədə özünü təqsirli bilir, əməlindən peşmandır. Yeni işə daxil olmasını, işinin avtomobillə əlaqədar olmasını əsas gətirərək, məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 14-15 radələrində “Khazar” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə işıqforun qırmızı işığında dayanan zaman Göyərçin istiqamətindən gələn “Kia Rio” markalı avtomobil arxadan onun avtomobilinə dəymişdir. Zərbənin təsirindən onun avtomobilinin ön hissəsi “Hyundai” markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Qeyd edir ki, “Kia Rio” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil çox sürətlə hərərkət etdiyindən ara məsafəsin tənzimləyə bilməmişdir. “Kia Rio” markalı avtomobilin sürətin təsvir edərək bildirir ki, əgər ən öndə onun avtomobili dayansaydı, o, zərbənin təsirindən idarəetməni itirə və piyada keçidi olduğu üçün bir neçə piyadanın həyatını təhlükə altında qalmasına səbəb ola bilərdi. Hadisə baş verən vaxt avtomobilində 2 nəfər sərnişin olmuş, lakin onlar hadisə nəticəsində xəsarət almamışdır. Zərbənin təsirindən onun başı alın şüşəyə dəymiş, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarət almışdır. Qeyd edir ki Çernobil əlilidir və prezident təqüdçüsüdür. Hadisə zamanı aldığı xəsarətlə bağlı xeyli müalicə almışdır. Narazılığını onunla əsaslandırır ki, hadisəyə səbəb olmuş “Kia Rio” markalı avtomobilin sürücüsü Şəxs həmin yol-nəqliyyat hadisəsindən sonra 1 dəfə də olsun gəlib onun səhhəti ilə maraqlanmamışdır. Avtomobilinə dəymiş ziyan isə 3000 manat məbləğində sığorta şirkəti tərəfindən ödənilmişdir. Şəxs şikayətçi deyil. Ona dəymiş ziyanla bağlı müalicə xərclərinin Şəxs tərəfindən ödənilməsini tələb edir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında izahatından görünür ki, o, Zərərçəkmiş şəxs1 izahatınında qeyd edilənləri təsdiq edir. Hadisə nəticəsində sürücüsü olduğu “Hyundai” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Sığorta şirkəti tərəfindən ona 900 manat məbləğində pul ödənilmişdir. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 13 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, yol-nəqliyyat hadisəsi faktına dair aparılmış araşdırma zamanı toplanmış sübutların məcmusuna əsasən material üzrə cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törətmiş Şəxs əməlində İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğunsuzluq olduğuna görə onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. “MTE və PA Birliyi” X1 Sumqayıt şəhər Şöbəsinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 1525 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş – “QKBT, baş beyin silkələnməsi, sol alın-təpə nalıiyyəsinin dərialtı hematoması” xəsarəti küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zorərçəkmişin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddir. Yol-nəqliyyat hadisəsi yerinə baxışın nəticələrindən, alınmış izahatlardan “Kia Rio” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs məlum yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının olduğu və onun hərəkətlərində Yol hərəkəti haqqında AR Qanununun tələblərinə uyğunsuzluq olduğu sübut olunduğundan, material üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə zərurət yaranmamışdır. Məhkəmə hesab edir, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan digər sübutlarla bərabər həm özünün həm də zərəçəkmiş şəxslərin izahatları tam sübut olunur. Ona görə də Şəxs İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 327.8-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmamasını, Şəxs səmimi peşmanlığını məsuliyyəti yüngüləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin polis kapitanı Niyaməddin Həsənovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hər hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Fariz oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar