Məhkəmə qərarları › İş №3(060)-2850/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2850/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2850/2024 02.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx.xx.1981-ci ildə Ermənistan Respublikası, Çəmbərək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt ŞPİ DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində sürücü Şəxs idarə etdiyi “FORD TRANSİT YÜK” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, Sahil küçəsi, “Gəmi Qaya” restoranının yaxınlığında “VAZ 2106” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “FORD TRANSİT YÜK” markalı avtomobil zərbənin təsirindən yerində fırlanmış daha sonra avtomobilin arxa hissəsi “Gəmi Qaya” restoranından çıxaraq əsas yola düzəlməyə hazırlaşan “Mercedes Benz ML 320” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsinə dəymişdir. Daxil olmuş tibbi ekspertiza rəylərindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 “Yüngül”, Zərərçəkmiş şəxs3 və Şəxs isə dərəcəsi təyin olunmayan bədən xəsarətləri almışlar. DYPŞ tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxs X1 məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında idarə etdiyi “VAZ 2106” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman “Gəmi Qaya” restoranının yaxınlığında anidən həmin istirahət mərkəzi ilə üzbəüz məhlə yolundan “FORD TRANSİT YÜK” markalı avtomobil onun hərərkət istiqamətinə çıxdığını bildirmişdir. Həmin avtomobil anidən onun qarşısına çıxdığından o, hadisənin qarşısını ala bilməmiş və bu zaman onun avtomobilinin qabaq hissəsi “FORD TRANSİT” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı sərnişinlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 onun avtomobilində olmuşlar. Qeyd edir ki, müvafiq tibbi ekspertizadan keçmişdir. Sol qaş nahiyyəsinin cərahi tikişə ehtiyacı olan əzilmiş yarası və hər iki dizin sıyrıqları kimi xəsarət almışdır. Həmin xəsarətlər xx.xx.2024-cü il tarixli 1135 saylı tibbi rəylə öz təsdiqini tapmışdır. Hazırda sığorta şirkəti tərəfindən ona vurulmuş ziyana görə 2320 manat olmaqla dəymiş ziyan tam ödənilmişdir. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 izahatından görünür ki, o “VAZ 2106” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olmuşdur. Sürücü Zərərçəkmiş şəxs2 izahatında qeyd edilənləri təsdiq edir. Hadisə nəticəsində alt çənənin, alt dodağının cərrahi tikişə ehtiyac olan əzilmiş yaralar aldığını bildirir. Həmin xəsarətlər xx.xx.2024-cü il tarixli 1138 saylı tibbi rəylə öz təsdiqini tapmışdır. Ona dəymiş ziyan məbləği 750 manat sığorta şirkəti tərəfindən ödənilmişdir. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, o “VAZ 2106” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olmuşdur. Sürücü Zərərçəkmiş şəxs2 izahatında qeyd edilənləri təsdiq edir. Hadisə nəticəsində alın nahiyyəsi sıyrılmışdır. Həmin xəsarət tibbi rəydə öz təsdiqini tapmışdır. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 26 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, yol-nəqliyyat hadisəsi faktına dair aparılmış araşdırma zamanı toplanmış sübutların məcmusuna əsasən material üzrə cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törətmiş Şəxs əməlində İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğunsuzluq olduğuna görə onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Qeyd olunan qərarda göstərilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, əmisi oğlu Zərərçəkmiş şəxs1 “FORD TRANSİT” markalı markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Onlar bir yerdə işlədiklərindən və özünün sürücülük hüququ olduğundan çox hallarda avtomobili özü idarə edir. xx.xx.2024-ci il tarixdə təxminən saat 22:30 radələrində o, Eyvazla birlikdə olan zaman idarə etdiyi həmin avtomobillə Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən "Gəmi qaya" istirahət mərkəzi ilə üzbəüz məhəllə yolundan Sahil küçəsinə, yəni baş yola daxil olub sola Sumqayıt şəhərinə doğru istiqamət almaq istəyən zaman ilkin olaraq dönmək istədiyi sol tərəfə baxaraq avtomobillərin uzaq məsafədə olduğunu görmüş, bu zaman əsas yola daxil olub qırıq-qırıq xəttin üzərində saxlayıb daha sonra sağdan gələn avtomobilləri buraxıb hərəkətini davam etdirən zaman soldan sürətlə gələn “VAZ 2106” markalı avtomobil tormoz edərək qabaq sol hissəsi ilə avtomobilinin arxa sol hissəsindən toqquşmuş, bu zaman zərbənin təsirindən avtomobili yerində fırlanıb daha sonra arxa hissəsi ilə geriyə doğru hərəkət edib "Gəmi qaya" istirahət mərkəzinin qarşısında dayanaraq yola düzəlmək istəyən Mercedes Benz markalı avtomobilin sol hissəsindən dəymişdir. Hadisə baş verdikdən sonra oraya TTYS avtomobili, həmçinin polis əməkdaşları gəlmiş, bir qədər sonra isə xəsarət alanlar olduğundan TTYS avtomobili ilə müayinə olunmaqdan ötrü xəstəxanaya çatdırılmışdırlar. Hadisə baş verən zaman spirtli içki, narkotik vasitə və s. təsiri altında olmamış, hadisə zamanı avtomobildə əmisi oğlu Zərərçəkmiş şəxs1 olmuş, hadisənin səhəri gün isə o ağrıları olduğundan Sumqayıt şəhər TTYX-na müraciət etmişdir. Verilmiş suallara cavab olaraq o ilkin olaraq məhəllə yolundan Sahil küçəsinə daxil olan zaman ikitərəfli hərəkət yolunda soldan gələn avtomobillərin olmadığını görüb yola daxil olmuş, daha sonra qırıq-qırıq xəttin üzərində dayanıb sağdan gələn avtomobili buraxdıqdan sonra dönmək istəyən anda təxminən 20-30 metr məsafədə solundan “VAZ 2106” markalı avtomobilin tormoz verib sürüşərək gəldiyini görmüşdür. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 26 sentyabr 2024-cü il tarixli qərarda Zərərçəkmiş şəxs5 Sumqayıt ŞPİ-nə verdiyi izahatında bildirmişdir ki, o, “Mercedes Benz ML 320” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024-cii il tarixdə təxminən saat 22:30 radələrində o idarə etdiyi avtomobillə Sumqayıt şəhəri. Sahil küçəsində yerləşən "Gəmi qaya” istirahət mərkəzindən çıxaraq əsas yola düzəlməyə hazırlaşan zaman anidən qarşısında “Ford Transit” markalı avtomobillə “VAZ 2106” markalı avtomobillər toqquşmuş və daha sonra “FORD TRANSİT” markalı avtomobil zərbənin təsirindən yerində fırlanıb daha sonra arxa hissəsi o dayandığı istiqamətə doğru yönəlmiş və sonra avtomobilinin sol hissəsinə dəymişdir. Hadisə baş verdikdən sonra xəsarət alan olduğundan oraya TTYS avtomobili həmçinin polis əməkdaşları gəlmiş, hadisə baş verən zaman spirtli içki, narkotik vasitə və s. təsiri altında olmamış, hadisə zamanı avtomobildə tək olmuş, hadisə zamanı hər hansı xəsarət almamış, avtomobilinə maddi ziyan dəymişdir. “MTE və PA Birliyi” X4 Sumqayıt şəhər Şöbəsinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 1135 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş - "sol qaş nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, hər iki dizin sıyrıqları” xəsarəti bərk küt əşyanın təsirindən yaranmışdırlar. Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cii il tarixdə yol-nəqliyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddir. “MTE və PA Birliyi” X4 Sumqayıt şəhər Şöbəsinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 1137 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş - "alın nahiyyəsinin sıyrığı” xəsarəti bərk küt əşyanın təsirindən yaranmışdır. Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. “MTE və PA Birliyi” X4 Sumqayıt şəhər Şöbəsinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 1138 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs4 bədən səthində aşkar edilmiş - "alt çənənin ön səthinin qançırı, alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası” xəsarəti bərk küt əşyanın təsirindən yaranmışdırlar. Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa "YÜNGÜL.” zərər vurmaya aiddir. “MTE və PA Birliyi” X4 Sumqayıt şəhər Şöbəsinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 1139 saylı ekspert rəyinə əsasən Şəxs bədən səthində aşkar edilmiş - "alın nahiyyəsinin sıyrığı döş qəfəsinin sol yan səthinin və sol baldırın qançırları” xəsarəti bərk küt əşyanın təsirindən yaranmışdırlar. Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təvin edilmir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 3477 və 3482 nömrəli aktlardan görünür ki “FORD TRANSİT” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs və “VAZ 2106” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 alkoqol sərxoşluğu vəziyyətinin olmaması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 8/2001 saylı ekspret rəyinə əsasən aparılmış tədqiq nəticəsində “FORD TRANSİT” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" AR Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə təhqiqat tərəfindən göstərilən təhlükə yaranan andan “VAZ 2106” markalı 50EB942 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerinə kimi qət etdiyi məsafə real hadisə mexanizminə uyğun olmadığından və “FORD TRANSİT” markalı avtomobilin hərəkət sürəti təqdim edilmədiyindən “VAZ 2106” markalı 50EB942 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qrşısını alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün olmamışdır. Məhkəmə hesab edir, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi zərəçəkmiş şəxslərin izahatları və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır, ona görə də, o, İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 327.8-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin İ hissəsinə görə Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmamasını Şəxs əməlini yüngüləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin polis kapitanı Niyaməddin Həsənovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hər hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar