Məhkəmə qərarları › İş №3(060)-2852/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2852/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2852/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Suqmayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 4, otaq 7 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tətib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur.Polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokol əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 05:00da radələrində Sumqayıt şəhəri, Sülh küçəsində xidmət aparan PPX-ti əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında işirak edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi E.Ə.Qədirov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2023cü il tarixdə, saat 05:00-da polis əməkdaşları Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazində xidmət apararkən mühafizə formasında olan bir nəfər vətəndaşın binanın yanında avtomobillərin yanında dayandığını görmüşlər. Polis əməkdaşlarından biri həmin şəxsə yaxınlaşdıqda sonuncu polis əməkdaşını görüb təhsil İdarəsi istiqamətində qaçmağa başlamışdır. Polis əməkdaşları həmin vətəndaşın arxasınca qaçanda həmin vətəndaş yerə yıxılmış və əlində olan telefonu yerə düşərək zədələnmişdir. Onlar həmin şəxsi tutan zaman o, polisin qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxs polis əməkdaşları ilə söhbət edən zaman ondan kəskin spirtli içki qoxusu gəlmişdir. Daha sonra polis əməkdaşları onu avtopatrul maşınına əyləşdirib həmin ərazidə baş vermiş oğurluq hadisələrinin olub-olmaması üçün ərazi aidiyyatı üzrə 4-cü bölməyə təhvil vermişlər. Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Daha sonra onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində Sülh küçəsi ilə evə gedərkən yolda PPX əməkdaşları yaxınlaşmışdır. Bu zaman o, içkili olduğu üçün qorxaraq qaçmağa başlamış, qaçan zaman yıxılmış və polis əməkdaşları onu qaldırmağa kömək etmişlər. O, içkili olduğu üçün polis əməkdaşları ilə arasında anlaşılmazlıq olmuşdur. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair söz verir. Göstərilənləri nəzərə alaraq barəsində lan inizbati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsin heç bir tabesizlik göstərmədiyini, şəxsin sadəcə qorxub qaçdığını, daha sonra isə polisin tələbinə əməl edərək bölməyə gəldiyini, bu səbəbdən də onun əməlində heç bir inzibati xəta tərkibinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər 4-cü PB-nin polis nəfəri X4 izahatında göstərmişdir ki, o, xidmət yoldaşı Elnur Sayılov ilə xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazində xidmət apararkən mühafizə formasında olan bir nəfər vətəndaşın binanın ətrafında avtomobillərin yanında dayandığını görmüşlər. O, həmin şəxsə yaxınlaşdıqda sonuncu onları görüb Təhsil İdarəsi istiqamətində qaçmağa başlamışdır. Onlar həmin vətəndaşın arxasınca qaçanda həmin vətəndaş yerə yıxılmış və əlində olan telefonu yerə düşərək zədələnmişdir. Onlar həmin şəxsi tutan zaman o, polisin qanuni tələblərinə tabe olmamışdır. Bu zaman onlar həmin şəxs aqressiv olduğu üçün və özünə xəsarət yetirməməsi üçün onun əl-qolunu bağlayıcı vasitəsi ilə bağlamışlar. Həmin şəxs onlarla söhbət edən zaman ondan kəskin spirtli içki qoxusu gəlmişdir. Həmin şəxsin üz və qol nahiyələrində yüngül xəsarətlər var imiş. Daha sonra onlar həmin şəxsi avtopatrul maşınına əyləşdirib həmin ərazidə baş vermiş oğurluq hadisələrinin olub-olmaması üçün ərazi aidiyyatı üzrə 4-cü bölməyə təhvil vermişlər. Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Şahid ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, şəxsə yaxınlaşdıqda onları görüb qaçmışdır. Nə qədər dayan desələr də qaçmağa davam etmiş, yalnız yıxıldıqdan sonra onu saxlaya bilmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 ondan öncə şahid qismində dindirilmiş X2 izahatına oxşar, eyni məzmunlu izahat vermişdir. Məhkəmə proses iştirakçılarının, şahidlərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 05:00-da Sumqayıt şəhəri, Sülh küçəsində xidmət aparan PPX-ti əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq xx.xx.2023-cü il tarixdən, saat 07:00-dan məhdudlaşdırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı, şahidlərin izahatları və digər iş materialları ilə onun polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. AR İXM-nın 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə eyni zamanda inzibati xəta törədən şəxsin xx.xx.2023-cü il tarixdən, saat 07:00-da tutulmasını nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş cərimə növündə tənbehin həddi 150 manat müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli biliərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar