Məhkəmə qərarları › İş №3(060)-2855/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2855/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2855/2025 17.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 28 oktyabr 2025-ci il tarixli, EP № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən (bundan sonra BBGİ) Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 485.1-ci maddəsinə əsasən tərtib edilmiş 28 oktyabr 2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012\032311 saylı xx.xx.2025-ci il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC (VÖEN **********) ünvanına İran İslam Respublikasıdan göndərilən, 50/25 saylı xx.xx.2025-ci il tarixli invoys sənədi ilə müşayiət edilən, 99AK535/39AAAA810 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə daşınan mallar **********8035 saylı xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsinin 22-ci qrafasında qeyd olunan malların ümumi invoys dəyəri ilə həmin mal partiyasına dair əvvəlcədən gömrük orqanına təqdim olunan **********4644 saylı xx.xx.2025-ci il tarixli qısa idxal bəyannaməsinin 22-ci qrafasında qeyd olunan malların ümumi invoys dəyərinin eynilik təşkil etmədiyi 3-33- 1100/012/032311 nömrəli xx.xx.2025-ci il tarixli raportda göstərilmişdir. Aparılan araşdırma zamanı qeyd olunan bəyannamələrə və həmin bəyannamələrə əlavə edilmiş sənədlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, idxal edilən malların ümumi invoys dəyəri **********8035 saylı xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsində düzgün göstərilmiş, həmin ümumi invoys dəyəri əsasında malların gömrük rəsmiləşdirilməsi aparılmış, **********4644 saylı xx.xx.2025-ci il tarixli qısa idxal bəyannaməsinin 22-ci qrafasında qeyd olunan malların ümumi invoysu düzgün göstərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş BBGİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirmişdir ki, həmin MMC-də hüquqşünas vəzifəsində işləyir və etibarnamə əsasında gömrük bəyannamələrini tərtib edir. Şəxs MMC-nin əməllərində inzibati xəta hadisəsi yoxdur. Belə ki, invoys sənədində 2 malın adı yazılmış və o yuxarıdakı malın ümumi invoys dəyərini qısa idxal bəyannaməsinə daxil etmişdir. Buna baxmayaraq, o, gömrük bəyannaməsində həmin malın ümumi invoys dəyərini düzgün qeyd etmişdir. Beləliklə, texniki səhvə görə gömrük bəyannaməsi ilə qısa idxal bəyannaməsi arasında ziddiyyət yaranmışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, invoys əsasında qısa idxal bəyannaməsini tərtib edir, həmin bəyannamədə idxalçının adı, VÖEN-i, idxalçı ölkə haqqında məlumatlar və s. qeyd olunur. Məhkəmədən MMC-nin inzibati xəta hadisəsi törətməməsini nəzərə alaraq inzibati xəta haqqında protokolun ləğv olunmağını xahiş edir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012\032311 saylı xx.xx.2025-ci il tarixli raporta əsasən Fin-Plast İnternational” MMC-nin ünvanına gələn yük **********8035 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsinin 22-ci qrafasında qeyd olunan invoys dəyəri, **********4644 saylı qısa idxal bəyannaməsinin 22-ci qrafasıyla uyğunsuzluq təşkil edir. xx.xx.2025-ci il tarixli **********8035 saylı gömrük bəyannaməsindən görünür ki, valyuta və malların ümumi invoys dəyəri 21505 ABŞ dolları təşkil edir. xx.xx.2025-ci il tarixli **********4644 saylı qısa idxal bəyannaməsindən görünür ki, valyuta və malların ümumi invoys dəyəri 24660 ABŞ dolları təşkil edir. Nümayəndə xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Şəxs MMC ünvanına İran İslam Respublikasından göndərilən mallar **********8035 saylı xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edildi. Həmin mallara dair **********4644 saylı xx.xx.2025-ci il tarixli qısa idxal bəyannaməsi əvvəlcədən gömrük orqanına təqdim edilmişdir. Qısa idxal bəyannaməsini tərtib edən zaman texniki səhv edib. Belə ki, 50/25 saylı xx.xx.2025-ci il tarixli invoys sənədində 2 növ mal var idi, hər malın çəkisi və çəkisinə görə dəyəri fərqli idi. İnvoys sənədini hər iki bəyannaməyə düzgün formada qoşma etsə də, qısa idxal bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dəyərini yazan zaman idxal edilən malların yerini qarışdırdığından səhv hesablama aparıb və malların ümumi invoys dəyərini qısa idxal bəyannaməsinə səhv yazıb, bu səhvi **********8035 saylı xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsini tərtib edən zaman aradan qaldırıb. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Fin-Plast İnternational” MMC tərəfindən İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, o cümlədən işdəki digər sübutlarla təsdiq edilir. İşdə bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bu sübutların mötəbərliyi şübhə doğurmur. Ona görə də Şəxs MMC İXM-nin 485.1-ci maddəsilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 485.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə qeyd edir ki, Gömrük Məcəlləsinin 113-cü maddəsində qısa idxal bəyannaməsinin əsas əhəmiyyəti qeyd edilmişdir. Həmin maddəyə əsasən qısa idxal bəyənnaməsi risklərin təhlili və gömrük nəzarətinin düzgün aparılmasını həyata keçirən vasitələrdən biridir. Qısa idxal bəyannaməsində ümumi invoys dəyərinin 24660 ABŞ dolları qeyd edilməsinə baxmayaraq gömrük bəyənnaməsində invoys dəyərinin 21505 ABŞ dolları qeyd edilməsi ilkin olaraq ictimai münasibətlərə qəsd etməyən əməl təəssüratı yaratsa da, məbləğlər arasındakı fərq risklərin təhlili və gömrük nəzarətinin düzgün aparılmasına mane olan hal kimi qiymətləndirilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Şəxs MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar