Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2856/2021 14.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs Ələkbərov Nicat Qalib oğlunun, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin nümayəndəsi X1 iştirakları ilə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 19.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Ələkbərov Nicat Qalib oğlunun tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Ələkbərov Nicat Qalib oğlu şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 19.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Ələkbərov Nicat Qalib oğlu şikayəti onunla əsaslandırdı ki, Sumqayıt şəhəri Polis İdarəsinin 3-cü Polis Bölməsi 19 avqust 2021-ci il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 4000 (dörd min) manat məbləğində cərimə edilməsi barədə qərar qəbul etmişdir. O, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Grandmart” mağazasında mağaza müdiri vəzifəsində çalışır. “Grandmart” mağazalar şəbəkəsi Azərbaycan Respublikasında ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı ilə məşğuldur. 19.08.2021-ci il tarixdə istirahət günü olduğu üçün (sənəd ilə təsdiqini tapır) ailəsi ilə birgə bağda istirahət edirdi. Günorta saatlarında mağazadan ona zəng gəldi və bildirildi ki,mağazaya polis əməkdaşları daxil olub və onlar mağazanın 2 (iki) əməkdaşını fərdi qoruyucu vasitələrdən istifadə etmədikləri üçün AR İXM-nin 211.2-ci maddəsi ilə cərimə ediblər. Cərimə olanlardan biri onla birgə mağazada müdir müavini vəzifəsində çalışan X2r. Eyni zamanda polis əməkdaşları onun da Polis Bölməsinə gəlməyisini istədilər. Onlara istirahət günü (icazə blankı ilə təsdiq olunur) olduğunu bir daha bildirsə də, onlar bölməyə gəlməsini israr ilə tələb etdilər. Bölməyə gəldikdə polis əməkdaşı qanunsuz olaraq onu orada bir neçə saat saxladı və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə vəzifəli şəxs olaraq cərimə tədbiq etdi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən pandemiya dövründə ticarət obyektləri,mağazalar, ölkədə fəaliyyəti icazə olan subyektlərə aiddir və barəsində 211.1-ci maddəni (Epidemiya əleyhinə rejimin,sanitar-gigiyena və karantin rejimin pozulması) tətbiq etmək heç bir məntiqə uyğun deyil. 19.08.2021-ci il tarixdə onun üçün qeyri-iş günü olduğuna görə və iş başında olmadığı üçün barəsində hər hansı bir maddənin tədbiqi qeyri-qanunidir. Qəbul olunmuş qərar əsassız və qanunsuzdur. Bütün bunları nəzərə alaraq məhkəmədən Sumqayıt şəhəri Polis İdarəsinin 3-cü Polis Bölməsinin 19 avqust 2021-ci il tarixli MN №1073960 qərarının ləğv edilməsi və barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin nümayəndəsi sahə rəisi, polis leytenantı X4 bildirdi ki, işçilər maskadan istifadə etmədiyinə və qanunvericiliyin tələblərini pozduqlarına görə tərəflərindən Polis Bölməsinə dəvət olunmuşdur. Ələkbərov Nicat Qalib oğlu şifahi şəkildə icazəli olduğunu bildirməsinə baxmayaraq bunu təsdiqləyəcək heç bir sənəd təqdim etməmişdir. Bununla əlaqədar Ələkbərov Nicat Qalib oğlu barəsində 19.08.2021-ci il tarixli, MN1138240 №-li protokol tərtib olunaraq MN seriyalı, ******* №-li inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, “Grandmart”-da müdir müavini vəzifəsində işləyir. Həmin gün Nicatın işdə olmamasına baxmayaraq polis əməkdaşları tərəfindən Bölməyə dəvət olunmuş və orada 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət,prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvan inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, tərəflərin izahatı, şahidin ifadəsi və iş materiallarından müəyyən olunur ki, Ələkbərov Nicat Qalib oğlu ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Grandmart” mağazasında mağaza müdiri vəzifəsində çalışır və “Grandmart” mağazalar şəbəkəsi Azərbaycan Respublikasında ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı ilə məşğuldur. 19.08.2021-ci il tarixdə icazəli olmasına baxmayaraq barəsində 19.08.2021-ci il tarixli MN №1138225 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 19.08.2021-ci il tarixli MN №1073960 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Ələkbərov Nicat Qalib oğlunun şikayəti təmin olunmalı, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 19.08.2021ci il tarixli MN №1138225 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 19.08.2021-ci il tarixli MN №1073960 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Ələkbərov Nicat Qalib oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 19.08.2021-ci il tarixli, MN №1073960 saylı inzibati tənbeh vermə haqqında qərar İXM-nin 134.1.3-cü və 53.0.2-ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2856/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2856/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver