Məhkəmə qərarları › İş №3(060)-2858/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2858/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2858/2025 21.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət verən X1 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat, 3 bal cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat 3 bal cərimə edilmişdir. Ona bu inzibati xəta haqqında qərar Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə qəbul edilmişdir. Bu halı təsdiq edən maşında olan videoqeydiyyatçı görüntüləri vardır. Əlavə olaraq maşında ondan başqa hal şahidi kimi 2 nəfər sürücülük vəsiqəsi olan sərnişin olmuşdur. xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara yenidən baxaraq verilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, hadisə 28 avqust tarixində Sumqayıt şəhəri , Sülh və Koroğlu küçələrinin kəsişməsində baş vermişdir. Svetoforun yaşıl işığının yanıb-sönməsinə baxmayaraq yol polisi onu qırmızı işıqda keçdiyinə görə saxlayaraq barəsində inzibati cərimə haqqında qərar qəbul etmişdir. Bu halı təsdiq edən maşında olan videoqeydiyyat görüntüləri vardır. Əlavə olaraq maşında ondan başqa hal şahidi kimi 2 nəfər sürücülük vəsiqəsi olan sərnişin olmuşdur. İlk olaraq elektron qaydada şikayətini bildirmiş, daha sonra 102-yə zəng vurmuşdur. Ona qərardan məhkəmə qaydasında şikayət verə biləcəyi bildirilmişdir. O, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qararından şikayət verilmiş orqana, həmçinin inzibati xəta haqqında qərarı tərtib etmiş şəxsə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iştirakı təmin edilməmiş, məhkəmə tərəfin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə barədə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını, şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, inzibati tənbeh vermə qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt şəhər DYPŞ-yə göndərilməlidir. Belə ki, şikayət verən şəxs şikayətində və izahatında xx.xx.2025-ci il tarixində saat 18:40 radələrində hərəkətdə olarkən svetoforun yaşıl işığında keçməsinə baxmayaraq, Sumqayıt DYPŞ-nin əməkdaşı tərəfindən saxlanılaraq ona svetoforun qadağanedici siqnalının yandığı vaxt hərəkət etdiyini bildirilmişdir. Lakin, bu barədə foto və ya video görüntülərin təqdim edilmədiyini qeyd etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 3(060)-2858/2025 nömrəli sorğusu ilə Sumqayıt ŞPİ-nin DYPŞ-yə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan inzibati icraat materiallarının (foto, video materialların və s) təqdim edilməsi və nümayəndənin, qərarından şikayət vermiş şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş edilsə də, Sumqayıt DYPŞ-nin nümayəndəsi və qərarından şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş və inzibati icraat materialları (foto, videogörüntü və s.) məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X1 xx.xx.2025-ci il tarixdə saat 18:40-da Sülh və Koroğlu küçələrinin kəsişməsində “MERCEDES BENZ C200 minik” markalı, **-LX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə İXM-nin 327.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan yol hərəkəti qaydasını pozması faktı araşdırılmadan, onun həmin ərazidə “svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi” faktı müəyyən edilmədən iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən halların müəyyən edilməsi üçün X1 barəsində qəbul edilmiş Sumqayıt DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Sumqayıt DYPŞ-yə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün mühüm faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Sumqayıt şəhər DYPŞ-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin olunsun. Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7467677 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt şəhər DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar