Məhkəmə qərarları › İş №3(060)-2860/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2860/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2860/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3, Tələbkar Həsənova (Ramazanova) Ayidə Qasım qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1972-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Azəriqaz” İB-də fəhlə işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs barəsində 05 dekabr 2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-156/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 52845 (əlli iki min səkkiz yüz qırx beş) manat borcu Şəxs üzürsüz səbəbdən ödəməkdən yayınır. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 izahatında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-156/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(060)-2349/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ünvan 2 ünvanda yerləşən özbaşına tikilinin inşa və təmirinə sərf edilmiş vəsaitin 1/2 hissəsinə iddiaçı X1 payı tanınmış və evin dəyəri olan 105690 (bir yüz beş min altı yüz doxsan) manatın 2/1 hissəsi, yəni 52845 (əlli iki min səkkiz yüz qırx beş) manat cavabdeh Şəxs tutularaq iddiaçı X2 verilməlidir. İcra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya qərar və bildiriş göndərilmişdir. Tələbkar borclu tərəfindən ödəniş edilmədiyini və onun barəsində icra tədbirlərinin görülməsi barədə İdarəyə müraciət etmişdir. Borclu İdarəyə dəvət olunmuş və borcun ödənilməsi barədə ona xəbərdarlıq edilmişdir. O, evi dostuna hədiyyə etdiyini və borcu ödəyə bilmədiyini demişdir. Lakin borclu borcun ödənilməsini tələb edir. Ona görə də, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bidirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-156/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(060)- 2349/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ünvan 2 ünvanda yerləşən özbaşına tikilinin inşa və təmirinə sərf edilmiş vəsaitin 1/2 hissəsinə iddiaçı X1 payı tanınmış və evin dəyəri olan 105690 (bir yüz beş min altı yüz doxsan) manatın 2/1 hissəsi, yəni 52845 (əlli iki min səkkiz yüz qırx beş) manat ondan tutularaq X2 verilməlidir. Həmin tikilini dostuna hədiyyə etdiyini və borcu ödəməyə imkanının olmadığını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Həsənova (Ramazanova) Ayidə Qasım qızı izahat verərək bidirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-156/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(060)-2349/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ünvan 2 ünvanda yerləşən özbaşına tikilinin inşa və təmirinə sərf edilmiş vəsaitin 1/2 hissəsinə iddiaçı X1 payı tanınmış və evin dəyəri olan 105690 (bir yüz beş min altı yüz doxsan) manatın 2/1 hissəsi, yəni 52845 (əlli iki min səkkiz yüz qırx beş) manat Şəxs tutularaq iddiaçı ona verilməlidir. Dəfələrlə borcluya borcun ödənilməsi barədə bildirsə də, o, borcu ödəməkdən imtina edərək həmin tikilini dostuna hədiyyə etdiyini demişdir. O, kirayədə yaşadığını və boc məbləğini tələb etdiyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər heç bir ödəniş etməmişdir. Buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs tərəfindən icra sənədi üzrə borcun tam ödənilməməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 06 dekabr 2023-cü il, saat 17:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar