Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2861/2023 05.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, X2 Sumqayıt RPİ-nin X7 Şöbəsinin xx.xx.2023-cü il tarixli TP6052261 saylı inzibati tənbeh tətbiq etmə barədə qərarından verdiyi şikayətin baxmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏNETDİ: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək qızı Samirə Əliyevanın barəsində olan Sumqayıt RPİ-nin X7 Şöbəsinin xx.xx.2023-cü il tarixli TP6052261 saylı inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, müəyyən edilmişdir ki, inzibati tənbeh tətbiq etmə barədə qərar X3 barəsində qəbul edilmişdir. Lakin, şikayəti X4 vermiş və imzalamışdır. İş materiallarına isə etibarnamə əlavə edərək barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X1 nümayəndəsi olmasını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin olması nəzərdə tutulmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yetkinlik yaşına çatmadıqda onun qanuni nümayəndəsi ola bilər. Şəxs tam fəaliyyət qabiliyyətli olduqda isə onun müdafiəçisi ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində şahidin, zərərçəkmiş şəxsin, həmçinin hüquqi şəxsin nümayəndəsinin olması nəzərdə tutulmuş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün müdafiəçi nəzərdə tutulmuşdur. Müdafiəçi qismində isə yalnız vəkilin iştirak edə biləcəyi müəyyən edilmişdir. İndiki halda isə şikayət barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nə özü, nə də qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli müdafiəçisi tərəfindən verilməmişdir. Şikayəti yetkinlik yaşına çatmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin atası verərək onun nümayəndəsi olmasını bildirmişdir. Qeyd edildiyi kimi barəsində icraat aparılan şəxsin atasının hazırki iş üzrə nümayəndə qismində çıxış etməsini qanunverilik müəyyən etməmişdir. Beləliklə də, hazırkı müraciət şikayət etmək hüququ olmayan şəxs tərəfindən verilmişdir. Digər tərəfdən müəyyən edilmişdir ki, inzibati tənbeh tətbiq etmə barədə qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, şikayət isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayətin özündə də qeyd edilmişdir ki, qərarın surəti xx.xx.2023-cü il tarixdə saat 17:20-də alınmışdır. Qeyd edilən qərardan isə şikayət vermə müddəti qanunverilciklə 20 gün müəyyən edilmişdir. Beləliklə də, müəəyyən edilir ki, şikayət vermə müddəti də ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən şikayət subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyi, həmçinin şikayət vermə müddəti ötürüldüyü üçün geri qaytarılmalı, həmçinin izah edilməlidir ki, müvafiq subyektiv hüququ olan şəxs tərəfindən ötürülmüş prosessual müddətin bərpası barədə vəsatətlə birlikdə şikayət verilə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Sumqayıt RPİ-nin X7 Şöbəsinin xx.xx.2023-cü il tarixli TP6052261 saylı inzibati tənbeh tətbiq etmə barədə qərarından X4 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qeyd edilən qərardan qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş subyektiv hüququ olan şəxs (şəxslər) tərəfindən müddətin bərpasına dair vəsatətlə birlikdə məhkəməyə şikayət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2861/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2861/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver