Məhkəmə qərarları › İş №3(060)-2862/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2862/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2862/2025 04.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 195 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 41ci məhəllə ərazisində kirayədə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 04 noyabr 2025-ci il tarixli, MN2326462 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)- 3308/2018 nömrəli icra sənədinə əsasən borclu Şəxs iki uşağa görə 2018-ci ildən hesablanmış 28644 manat alimenti üzrsüz səbəbdən ödəməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 protokolu elan etmiş və bildirmişdir ki, borclu Şəxs ilə əlaqə saxlanılmış, idarəyə dəvət olunsa da gəlməmişdir. Şəxsin yaşayış yerində olmadığı müəyyən edilmiş, çağırışlara gəlməmiş, aliment ödənişlərini icra etməkdən yayınmışdır. Bu səbəbdən də borclu barəsində icra sənədi üzrə xx.xx.2018-ci ildə axtarış işi açılmışdır. Borclu aliment börcu üzrə bu günədək heç bir ödəniş etməmişdir. Göstərilən halları nəzərə alaraq protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta üzrə təqsirli olduğunu bildirmiş və qeyd etmişdir ki, o, icra sənədi barədə məlumatlıdır və protokolda göstərilən borc məbləği ilə razıdır. O, 2018-ci ildən Türkiyədə olmuş və 3-4 il olar ki qayıtmışdır. Sənədlərini itirdiyi üçün heç bir iş tapa bilməmişdir. “Google”-da olan tətbiq vasitəsi ilə barəsində axtarış elan olduğunu bilmiş və qorxduğu üçün gizlənmişdir. Ona vaxt verilərsə avtomobilini satıb 4000 manat ödəyə bilər. Hazırda evli olduğunu bildirmiş və məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs qətnamə qəbul edilən vaxtdan indiyə kimi heç bir ödəniş etməmiş və uşaqları ilə maraqlanmamışdır. Onun uşaqlarının üzünü belə tanımadığını və özünün aylıq 500 manat gəlirlə çətinliklə uşaqlara baxdığını bildirmişdir. O, aliment borcundan 4000 manat ödənilməsi üçün borcluya vaxt verilməsi ilə razı olmadığını, borc məbləğinin ən azı yarı məbləğinin ödənilməsini tələb etdiyini bildirmişdir. Borclunun borcu ödəməyəcəyi halda isə məhkəmədən şəxsin tutulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 müdafiə etdiyi şəxs Şəxs evli olduğunu nəzərə alaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-3308/2018 nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2014-cü il təvəllüdlü qızı X4 və 25 noyabr 2015-ci il təvəllüdlü oğlu X6 20 fevral 2018-ci il tarixindən başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-3308 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası üçün vaxt verilmiş və bildiriş borcluya təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Şəxs barəsində Sumqayıt ŞPİ tərəfindən xx.xx.2018-ci il tarixli 732725 saylı axtarış işi açılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(060)-2420/2018 nömrəli qərardadından görünür ki, Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(060)-2478/2018 nömrəli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ icra sənədi üzrə yaranmış borcun ödənilməsinədək məhdudlaşdırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-3308/2018 nömrəli qətnaməsi ilə cavabdeh Şəxs xx.xx.2014-cü il təvəllüdlü qızı X4 və 25 noyabr 2015-ci il təvəllüdlü oğlu X6 20 fevral 2018-ci il tarixindən başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi müəyyən edilmişdir. İş üzə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrasına dair bildiriş borcluya təqdim olunmuş, borclu çağırışlara gəlmədiyi üçün barəsində axtarış işi açılmışdır. Borclu ödənişləri etmədiyi üçün onun bu günə kimi 28644 manat aliment borcu yaranmışdır. İşin təsviri hissəsində göstərilən hallardan görünür ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs barəsində olan icra sənədlərini qanunla müəyyən edilmiş müddətdə icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, borclu Şəxs sənədləri itdiyi üçün işləyə bilmədiyini bildirsə də, bu hal onun qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə icra məmurunun tələblərini yerinə yetirmək öhdəliyinin icra edilməsindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə iclasında İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, qaçıb gizlənərək icra sənədini yerinə yetirməkdən boyun qaçırmasını, icra sənədləri üzrə ödənişlər etməməsini nəzərə alır və belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 17:15-dən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 17:15-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar