Məhkəmə qərarları › İş №3(060)-2868/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2868/2022

04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2868/2022 04.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunu sədrliyi, X3 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru - X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5, İcra sənədi üzrə tələbkar – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən 04 noyabr 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3974/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Mərdanzadə Cəsur və Mərdanzadə Rəsul yetkinlik yaşına çatanadək 240 manat Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməli olsa da, hal-hazırda icra sənədini üzrsüz səbəbdən icra etmir. 1466 manat borc yaranmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3974/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Mərdanzadə Cəsur və Mərdanzadə Rəsul yetkinlik yaşına çatanadək 240 manat Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməli olsa da, hal-hazırda icra sənədini üzrsüz səbəbdən icra etmir. İcra sənədinə əsasən 1466 manat borc yaranmışdır. Borclu müharibə iştirakçısıdır və onun iş yeri olduğu vaxtlarda alimentlə yanaşı yaranmış borcdan da əmək haqqına yönəldilməklə tutulmuş, lakin mart ayından, yəni işdən çıxdığı vaxtdan məhkəmə qərarı ilə müəyyən edilmiş 240 manat deyil, hər ay 100-200 manat ödəniş edir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, işlədiyi dövrdə maaşından tutulmalar olmuşdur. Daha sonra işdən çıxdığı üçün hər ay 150-200 manat ödəniş etsə də, tam məbləği ödəyə bilməmişdir. Yəni hər ay imkanı olduqca aliment borcundan ödəniş etmişdir. Müharibə iştirakçısıdır. Müharibədə xəsarətlər almışdır və hal-hazırda müalicə olunur. Yaranmış borc müharibədə olduğu müddətdə və yaralandığı üçün müharibədən sonra hospitalda müalicə aldığı dövrə aiddir. Odur ki qeyd olunanların nəzərə alınmasını, barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi X8 bildirdi ki, borclu imkanı olduqca ödənişlər etmişdir. İcra sənədinin icrasından qəsdən yayınmamışdır. İşlə təmin olunduqda ödənişləri edəcəkdir. Odur ki, hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədinin qərəzli olaraq üzrsüz səbəbdən icra etməmək kimi bir niyyətinin olmadığını, buna görə də şəxsin əməlində inzibati xəta tərkibinin olmadığından iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, icra sənədi üzrə olan borcunu tələb edir. Borclu hər ay ödəniş etsə də, məhkəmə qərarında göstərilən 240 manatı ödəmir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3974/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Şəxs hər uşağa görə hər ay 120 manat olmaqla, ümumilikdə 240 manat alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron arayışından görünür ki, Şəxs xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. İş materillarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-341/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İş materiallarında olan X6 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdən Məşğulluq altsistemində işsiz kimi qeydiyyatdadır. İş materiallarında olan İ-7829 nömrəli, İ-13897 nömrəli, İ-20524 nömrəli, İ-49416 nömrəli vəsiqələrin surətindən görünür ki, Şəxs “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, müdafiəçinin və vəkilin çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində icra sənədinin qəsdən icrasında yayınma və ya icra məmurunun qanuni tələblərinə əməl edilməməsi kimi hal yoxdur. Belə ki, Şəxs ödənişləri gecikdirməsinin və borcun yığılmasına səbəb onun müharibədə iştirakı və ondan sonrakı dövrdə aldığı xəsarətlərə görə xəstəxanada müalicə alması ilə bağlı olmuşdur. Eyni zamanda Şəxs işlədiyi dövrdə hər ay məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğlə yanaşı yaranmış borc üzrə də ödənişlər etmişdir. Sonradan işdən çıxması ilə əlaqədar olaraq hər ay aliment ödəsə də, məhkəmə qərarı ilə müəyyən edilmiş 240 manat əvəzinə 200 manat, bəzi hallarda 100 manat ödəniş etmişdir. Bu hal iş materiallarında olan qəbzlərdən, özünün, tələbkarın və icra məmurunun ifadəsi ilə təsdiq olunur. Buna görə də Şəxs hərəkətləri onun qərəzli olaraq icradan yayınması və ya icra məmurunun qanuni tələblərinə əməl edilməməsi kimi qiymətləndirilə bilməz. Odur ki, onun əməlində inzibati xəta tərkibinin olmadığına görə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. X12 Heybət tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar