Məhkəmə qərarları › İş №3(060)-287/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-287/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-287/2025 30.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X1, Məhkəmə iclas katib: X2, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru: X4, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin 8İ-7375 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq 3400 manat borcu qərəzli şəkildə ödəməkdən yayınır. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 bildirdi ki, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin icra qeydi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuşdur. Borclu icra idarəsinə dəvət olunaraq xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar və bildirişlə tanış olmuş, sonradan borclu icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq xx.xx.2023-cü il tarixdə barəsində axtarış haqqında qərar qəbul olunmuş və icra olunması üçün polis idarəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə borclu polis əməkdaşları tərəfindən saxlanılaraq icra idarəsinə təhvil verilmiş, borcluya təkrarən hüquq və vəzifələri izah olunmuş, borcun ödənilməsi ilə bağlı tələb diqqətinə çatdırılmışdır. Buna baxmayaraq borclu həmin gün iltizamla üzərinə öhdəlik götürərək 300 manat ödəniş etmiş və 700 manatı səhərisi gün, 3000 manatı isə xx.xx.2023-cü il tarixdə ödəyəcəyini qeyd etmişdir. Buna baxmayaraq xx.xx.2023-cü il tarixdə borclu təkrar icra idarəsinə dəvət olunaraq yenə də borcu ödəmədiyi aşkar olunmuş, xx.xx.2023-cü il tarixdə yenidən izahatı alınmış, borcu ödəyəcəyi ilə bağlı iltizama imza etmiş, lakin bir nəticə çıxmamışdır. Bundan sonra borclunun yaşayış yeri məlum olmadığına görə, icra məmurunun qanuni tələblərinə məhəl qoymadığına görə, çağırışlara gəlmədiyinə görə borclu barəsində xx.xx.2023-cü il tarixdə barəsində qərar qəbul olunaraq axtarışa verilmiş, bundan sonra borclu bir dəfə polis əməkdaşları tərəfindən saxlanılaraq izahatı və iltizam alınmış, bundan sonra yenə də heç bir çağırışlara məhəl qoymamış, borclu bu gün axtarış qərarı ilə polis əməkdaşları tərəfindən evindən məcburi qaydada çıxarılaraq icra idarəsinə təhvil verilmişdir. Bu gün borcluya bir daha tələbkarla razılığa gəlməsi üçün vaxt verilmiş, hüquq və vəzifələri izah olunmuş, borclu heç bir ödəniş etməmiş, sonuncu ödənişi 2023-cü ilin sentyabr ayında 300 manat olmuşdur. Bu günə 3400 manat ödənilməmiş borc qalmışdır. Borclu ümumiyyətlə icra məmurunun telefonlarına cavab vermir, həyat yoldaşı ilə bəzən əlaqə saxlanılır, bir dəfə də oğlu icra idarəsinə gələrək atasının barəsində olan axtarış qərarının götürülməsini xahiş etmişdir. Borclunun rəsmi iş yeri yoxdur, lakin hansısa işlə məşğuldur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, imkanı olmadığına görə çağırışlara gəlməmişdir. Hər ayın 15-20 arası 200 manat ödəniş edə bilər, ona vaxt verilməsini xahiş edir, əgər ödəməzsə növbəti dəfə həbs olunar. Məhkəmədən barəsində cərimə tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, borclunun imkanı vardır, həyat yoldaşı gözəllik salonunda işləyir, oğlu hərbiçidir, 1000 manat maaş alır, qızı “McDonalds”da işləyir, 500-600 manata yaxın maaş alır, anası 400 manat təqaüd alır. Sonuncu dəfə sentyabr ayından sonra razılığa gəlmişlər ki, ayda 150 manat ödəniş etsin, lakin etməmiş, zənglərə də cavab verməmişdir. Əgər həbs olunarsa ödəniş edəcəklər. Məhkəmədən borclunun həbs edilməsini xahiş edir. Məhkəmə icra məmurunu, barəsində protokol tərtib edilmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sumqayıt şəhər 4 saylı Notariat ofisinin 8İ-7375 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X3 xeyrinə Şəxs 4600 manat tutulmalıdır. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində axtarış elan edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs tərəfindən icra sənədinin lazimi qaydada icra edilməməsi Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin: - 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar