Məhkəmə qərarları › İş №3(060)-2874/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2874/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2874/2024 16.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi ünvanı Sumqayıt şəhəri, Corat ŞTQ, məhəllə 71, ev 3 ünvanında olan hüquqi şəxs Şəxs ASC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 19 noyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC 1261189.30 Rusiya rublu məbləğində vəsaiti 17 oktyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1261189.30 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 18 oktyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi Nümayəndə2 protokola etiraz edərək izahatında bildirmişdir ki, Şəxs ASC barəsində tərtib olunan protokol əsassızdır. Belə ki, Şəxs ASC tikinti şirkətidir, yəni tikinti materiallarının müxtəlif ölkələrdən idxalı ilə məşğuldur. İki müqavilə və köçürmələr haqqında məlumatları məhkəməyə təqdim etmişdir. Bundan başqa 89 gömrük bəyannaməsi var ki, malların idxal olunmasını birbaşa təsdiq edir. Gömrük orqanı tərəfindən sistemə iki bəyannamə yerləşdirilmiş, “Ekspressbank”a pul köçürmüşlər. Həmin bankda tarixi sıralama pozulduğuna görə 1 ədəd bəyannamə açıq qalmış, yəni 89 bəyannamə qeydiyyata alınmış, 1 bəyannamə tarix uyğunsuzluğu ilə bağlı qeydiyyata alınmamışdır. Bununla bağlı Sumqayıt Şəhər, Sumqayıt və Bakı Apellyasiya Məhkəmələrində analoji işlər olmuşdur. İXM-nin 430-cu maddəsində ölkədən çıxarılan pulu və ya onun əvəzində malların ölkəyə daxil olması göstərilmişdir. Sənədlədə təsdiq edir ki, həqiqətən də mallar ölkəyə idxal edilmiş, lakin texniki səhv olmuşdur. Bununla bağlı tərəflərindən “Ekspressbank”a 2 məktub ünvanlanmış, onlardan biri sənədlər üzrə malların ölkəyə daxil olması, ikincisi isə bəyannamənin qeydiyyata alınmamasının səbəbləri barədə arayış verilməsini tələb etmişlər. Müqaviləyə əsasən mallar hissə-hissə gətirilir, yəni əgər 200000-lik müqavilə bağlanırsa mallar 10000 və ya 20000 dəyərində TİR-larla və ya dəmiryolu vasitəsilə gətirilir və bəyannamə yazılır. Onu müəyyən etmək üçün müqavilə üzrə bütün köçürülən vəsaitin məbləğini və gələn bəyənnamələrin məbləğini hesablamaq lazımdır. Hesablama zamanı görülür ki, köçürülən vəsaitin məbləğində mallar ölkəyə daxil olmuş və ya cüzi məbləğ qalmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №-li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na görə geri qaytarılmayan məbləğ 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda məsuliyyət yaranır. Şəxs ASC tərəfindən "xxxx" ASC-yə məktub ünvanlanaraq Şəxs ASC ilə “AO Evraz ZSMK” şirkəti arasında bağlanmış müqavilələr üzrə köçürülmüş vəsaitlərin məbləği barədə arayış verilməsini xahiş etmişdir. “Ekspressbank”ın Sumqayıt filialı da köçürməni arayış şəklində tərtib edərək onlara göndərilmişdir. Bundan başqa banka müraciət edərək bütün bəyannamələrin qeydiyyata alındığı, lakin 1 bəyannamənin qeydiyyata alınmadığının səbəbi barədə məlumat vermələri xahiş edilmiş və bank bütün malların ölkəyə idxal olunduğunu bildirmişdir. Bu barədə arayış verilməsini xahiş etmişlər və onlar da cavab verərək bəyannamənin tarixinin uyğun gəlmədiyini, ona görə də qeydiyyata almaq mümkün olmadığını göstərmişlər. Bu tarixi uyğunsuzluğu bank da öz məktubu ilə təsdiq etmişdir. Tarixi uyğunsuzluq olması o demək deyildir ki, mallar ölkəyə daxil edilməmişdir. Bankda qeydiyyat üzrə sıralama pozulduğuna görə belə bir nəticə gəlinmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs ASC barəsində tərtib edilmiş inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - inzibati xəta haqqında protokoldan görünür ki, 1261189.30 Rusiya rublu məbləğində vəsaiti 17 oktyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1261189.30 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 18 oktyabr 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında, yəni Sumqayıt şəhəri, Corat ŞTQ, məhəllə 71, ev 3 ünvanında baş vermişdir. - xx.xx.2020-ci il tarixli **********0170 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq “EVRAZ ZSMK” tərəfindən Şəxs ASC-yə mallar göndərilmişdir. - Şəxs ASC ilə “AO Evraz ZSMK” arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli DQNT6T002915 nömrəli müqavilələr üzrə Gömrük Bəyannamələrindən də göründüyü kimi ASC ilə “AO Evraz ZSMK” uzun illərdir əməkdaşlıq edir və köçürülmüş vəsait hesabına mallar ölkəyə idxal olunur. Həmin müqavilələr üzrə 15 970 473.10 Rusiya rublu və 4 813 597.00 ABŞ dolları məbləğində vəsaitdən 1 457 009.50 Rusiya Rublu və 500 ABŞ dolları geri qaytarılmış, qalıq 14 252 274.28 Rusiya Rublu və 4 813 097.00 ABŞ dolları heabına alınan 13 252 274.28 Rusiya Rublu və 4 831 633.21 ABŞ dolları dəyərindəki tikinti məhsulları Azərbaycan Respublikasına idxal olunmuşdur. - Expressbank ASC-dən xx.xx.2024-cü il tarixli 200/200/0486/2024 nömrəli məktubdan görünür ki, “Diadem ASC” tərəfindən “AO Evraz ZSMK” şirkətinə xx.xx.2022-ci il tarixində köçürülmüş 1 261 189.30 RUB vəsaitin qarşılığında təqdim olunmuş **********0170 saylı gömrük bəyannaməsinin tarix uyğunsuzluğu səbəbindən qeydiyyatı mümkün deyildir. Məhkəmə hesab edir ki, “Diadem ASC” tərəfindən “AO Evraz ZSMK” şirkətinə xx.xx.2022-ci il tarixində köçürülmüş 1 261 189.30 RUB vəsaitin qarşılığında təqdim olunmuş **********0170 saylı gömrük bəyannaməsinin tarix uyğunsuzluğunun olması, “Diadem MMC”-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas deyil. Şəxs ASC ilə “AO Evraz ZSMK” arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli DQNT6T002915 nömrəli müqavilələr üzrə Gömrük Bəyannamələrindən də göründüyü uzun illərdir əməkdaşlığın olması və köçürülmüş vəsait hesabına malların ölkəyə idxal olunması, xüsusən çoxsaylı yayma prosesində alınan oyuqları, çıxıntıları, şırımları və ya digər deformasiyaları olan və ya yaymadan sonra burulmuş (armatur) növündə malların idxal olunması, eləcə də, köçürülmüş vəsait hesabına idxal olunan malların ayrı-ayrı vaxtlarda, hissələrlə ölkəyə gətirilməsi, **********0170 saylı gömrük bəyənnaməsinin texniki səhv səbəbindən vaxtında müvəkkil banka təqdim edilməməsini mümkün edir. Həmçinin, texniki səhvin “Diadem MMC”-nin işçisi tərəfindən törədilməsi həmin hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas deyil. Çünki, 19 noyabr 2024-cü il tarixli EP ******* inzibati xəta haqqında protokola əsasən xaricə köçürülmüş 1261189.30 Rusiya Rubl vəsait hesabına faktiki olaraq mallar ölkəyə gətirilmişdir. Azərbaycan Respublikasının İXM-in 430.4-cü maddəsinin dispozisiyasından da məlum olduğu kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar idxal edilməməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18,4, 40, 43, 53.1.1, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar