Məhkəmə qərarları › İş №3(060)-2876/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2876/2025

24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2876/2025 24.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, X7 xidməti tərəfindən X9 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN №1871365 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, AR ƏƏSMN yanında X7 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN №1871365 saylı inzibati tənbeh vermə haqqında Qərarına əsasən o, "xxxx" MMC-nin qaraj müdiri vəzifə maaşı ilə işləyən X4 İXM-nin 198.1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Müvafiq qərara əsasən müəyyən olunmuşdur ki, onun tərəfindən "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş ‘‘Qaraj müdiri vəzifə təlimatının” 1.13-cü bəndinin (qarajdakı fəaliyyətin yoxlanması, tamamlanan işlərin müvafiq təhlükəsizlik qaydalarına uyğunluğuna, həmçinin yaranmış nasazlıqların və mövcud olan qüsurların aradan qaldırılmasına nəzarət etmək) tələblərinə əməl olunmamış, əməyin mühafizəsi standartlarının, normalarının və qaydalarının tələblərinə əməl olunmamışdır. Hörmətli Məhkəmə, aşağıda qeyd olunanlara əsasən hesab edirdi ki, X7 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN №871365 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir: Belə ki, bədbəxt hadisə xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində X3 "xxxx" MMC-nin Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən avtomobil qarajında təmir işləri aparmaq üçün uzunluğu 3 metr, ölçüsü 10x10 sm olan taxtanın bir tərəfini evakuatorun nasaz hissəsinə (lapanın yerləşdiyi hissə), digər tərəfini isə evakuatorun yük götürən hissəsinin aşağısına qoyarkən taxtanın sıxılaraq qırılması və zərbənin onun əlinə dəyərək xəsarət yetirməsi nəticəsində baş vermişdi. Müvafiq bədbəxt hadisə qanunvericiliklə müəyyən edilmiş qaydada AR ƏƏSMN yanında X7 Xidməti tərəfindən araşdırılaraq xx.xx.2025-ci il tarixində təhqiqat aktı tərtib edilmişdi. Məlum idi ki, təhqiqat aktı ilə səlahiyyətli orqan tərəfindən baş vermiş hadisənin səbəbi və hadisə üzrə məsuliyyət subyekti müəyyən olunurdu. Təhqiqat aktının 4-cü bəndindən görünürdü ki, hadisənin səbəbi Cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Qaraj müdiri”nin vəzifə təlimatının 1.13-cü bəndinin (qarajdakı fəaliyyətin yoxlanması, tamamlanan işlərin müvafiq təhlükəsizlik qaydalarına uyğunluğuna, həmçinin yaranmış nasazlıqların və mövcud olan qüsurların aradan qaldırılmasına nəzarət etmək) tələblərinə və “Ustanın vəzifə təlimatı”nın 1.11-ci bəndinin (əməyin mühafizəsi texniki təhlükəsizlik qaydalarına riayət etmək) tələblərinə riayət edilməməsi olmuşdu. Təhqiqat aktının 6-cı bəndində səlahiyyətli orqan pozuntu edən şəxslər kimi onun – X2 və X3 cavabdehliyini müəyyən etmişdi. Belə ki, təhqiqat aktında hadisə üzrə onun cavabdehliyi müəyyən olunsa da, konkret olaraq hansı hərəkət və ya hərəkətsizliyindən dolayı bu hadisəyə birbaşa səbəb olduğu aydın deyildi. Belə ki, aktda göstərilənlərin əksinə olaraq tərəfindən vəzifə öhdəliyi kimi qarajdakı fəaliyyətin yoxlanılması, tamamlanan işlərin müvafiq təhlükəsizlik qaydalarına uyğunluğunu, habelə yaranmış nasazlıqların və mövcud olan qüsurların aradan qaldırılmasına nəzarət etmək üçün bir sistem və mexanizm qurulmuşdu. Qəbul ediləndir ki, nəzarət etdiyi 50 nəfər işçinin işinə eyni saniyədə birbaşa fiziki nəzarət mümkün olmadığından, habelə işəgötürən tərəfindən də hər 50 işçinin hər birinin üzərində fiziki nəzarətçi qoyulması mümkün olmadığından bir sistem və mexanizm qurulması zəruri olmuşdu ki, bu sistem də tərəfindən layiqincə və optimal şəkildə qurulmuşdu. Məhz ərazi üzrə fiziki yoxluğu zamanı belə, partnyorluq müqaviləsinə uyğun olaraq digər əməkdaşları da nəzarətçi kimi verilən tapşırıqların işçilər tərəfindən icrasına, işin gedişinə baxmasını və lazımi köməklik etməsini təmin etmişdir. Ümumiyyətlə isə, burada əsas meyar məhz ustanın düzgün üsul və vasitələri seçməsi, olmadığı təqdirdə işi dayandırması idi ki, öncədən və dəfələrlə keçirilən təlimatlarda da bu məqamlar birbaşa Bəkirov Elxana bildirilmişdi. O, isə təlimatlara riayət etməmiş, heç kəsə əlavə dəstək və ya vasitə barədə hər hansı məlumat verməmişdi. Yəni, hazırkı bədbəxt hadisənin baş verməsində təqsir işçinin qərarında olmuş, təqsirkar isə işçinin özü idi. Habelə təhqiqat aktında da göstərildiyi kimi, iş üzrə Sumqayıt Şəhər Prokurorluğu tərəfindən icraat aparılan zaman (xx.xx.2025-ci il tarixli 2-2-443/3-075069/2025 məktub) Bəkirov Elxan izahatında özü də etiraf etmişdi ki, iş görən zaman məhz öz səhlənkarlığı nəticəsində xəsarət almış, bu səbəbdən də hər hansı şikayəti və tələbi yoxdur. Göründüyü kimi, hadisənin baş verməsinə səbəb onun birbaşa və ya dolayı hər hansı xətası olmamışdı. Tərəfindən həm əmrdə göstərilən, həmçinin təlimatlarda göstərilən bütün tələblər tək-tək icra edilmişdi. Göründüyü kimi, Əmək Müfəttişliyi Xidmətinin bu qənaətə gəlməsi üçün hər hansı faktı, faktını əsaslandıran hər hansı sübutu yox idi. X7 Xidməti tərəfindən o, – X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN №1871365 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş edir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən zaman X5 şikayətinin mahiyyətinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X6 şikayəti əsassız hesab edərək bildirdi ki, "xxxx" MMC-nin qarajında baş vermiş hadisə ilə bağlı təhqiqat komisiyyası yaradılmış və komissiyanın gəldiyi nəticə belə olub ki, hər iki şəxs yəni X2 və X8 qaraj müdiri olaraq təhlükəsizlik qaydalarının 1.13-cü bəndinə əsasən riayət etməmişlər. Hər iki şəxs cavabdeh şəxs kimi təhlükəsizlik qaydalarına dair yoxlama aparıb hər hansı nasazlıq aşkar olunduqda aradan qaldırılmalıdır. Protokolun tərtib olunmasına səbəb usta tərəfindən iş görülərkən mövcud avadanlıqlar olmadığı üçün taxta parçasından istifadə etmiş və həmin taxta parçası təzyiqə dözməyərək parçalanaraq ustanın iki barmağını sındırmışdır. Təhlükəsizlik qaydalarına cavabdehliyi qaraj müdiri daşıdığı üçün barəsində protokol tərtib olunmuşdur. Qeyd olunanları nəzərə alıb şikayətin təmn edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 20 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, "xxxx" MMC-nin qaraj müdiri vəzifə maaşı ilə işləyən X4 İXM-nin 198.1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsi ilə 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsinə görə Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X8 xx.xx.2024-cü il tarixində saat 13:00-da radələrində X3 "xxxx" MMC-nin Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən avtomobil qarajında əmək funksiyalarının icrası zamanı xəsarətlə nəticələnən hadisənin təhqiqatı zamanı qarajın müdiri X4 tərəfindən əməyin mühafizəsi üzrə standartların pozulması və qaydaların tələblərinə əməl edilməmişdir. Bunun əksini təsdiq edən dəlillər məhkəməyə təqdim edilməmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 20 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə şikayət ərizəsi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 20 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar