Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-288/2025 31.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X11, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X2 Taleh Əli oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi Müsabi Cabbarov izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsində yerləşən “Gold Qayalı” TM-nin yanında Şəxs X5 döyərək dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bununla bağlı ekspert rəyi də var. Göstərilən halları nəzərə alaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, özünü təqsirli bilmir. Samirə Pirməmmədovanın təhqirlərinə adekvat cavab olaraq o da Samirəyə cavab vermişdir. Samirə onun valideynlərini təhqir etdiyi üçün o, da Samirəni söymüşdür. Həmçinin, bildirmişdir ki, o, nişanlandığı və ailə qurmağa hazırlaşdığı üçün Samirə ondan belə acıq çıxır. O, Samirəni vurmayıb, ona heç bir şiddət göstərməyib. Sadəcə Samirə ona əl-qol atdığı üçün o, da əli ilə Samirənin çiyin nahiyəsindən itələmişdir. Özü də 04 yanvarda bölmədə izahat verdikdən sonra Samirə barəsində “102” xidmətinə, Sumqayıt şəhəri 4-cü Polis Bölməsinə şikayət etmişdir, lakin şikayətinə dair heç bir rəsmi sənədi yoxdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, cinayət işini başlanmasının rədd edilməsinə dair qərardan şikayət verməmiş, 4-cü Polis Bölməsində izahatını özü oxuyub imzalamışdır. Göstərilən halları nəzərə alaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında bildirmişdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “Qayalı” ticarət mərkəzində qızıl alış-verişi ilə məşğul olur. O, Şəxs ilə 2022-ci ilin noyabr ayının 15-də tanış olmuşdur. Sonradan aralarında sevgi münasibəti yaranmışdır. xx.xx.2024-cü il tarixdə Taleh onu mesaj vasitəsilə təhqir etmişdir. Taleh onun işlədiyi yerə gəlib, onu döymüş, sol yanağına şillə vurmuşdur. Hadisə baş verdikdən sonra o, polisə müraciət etmişdir. Daha sonra üzünün göyərdiyini görüb ekspertizaya getmişdir. Göstərilən halları nəzərə alaraq onun həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində təhqiqatçı birtərəfli araşdırma aparıb, faktla bağlı heç bir sübut yoxdur, buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlunun izahatı özünü müdafiə xarakterlidir, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində Sumqayıt şəhəri, 10-cu mkr, Babək küçəsində yerləşən “Gold Qayalı” TM-nin yanında , Şəxs, X5 döyərək dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X15 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 08 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X3 bədəni üzərində aşağıdakı xəsarət vardır: sol yanağın şişkinliyi-qançırı. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əllə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı Şamo Mehdiyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin qərar Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-in 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-288/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-288/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver