Məhkəmə qərarları › İş №3(060)-2883/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2883/2024

23.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2883/2024 23.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müdafiəçisi Sumqayıt Regional Vəkillər Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1980-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 60, mənzil 29-da qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 23 noyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 18.00 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində avtomobili ilə hərəkətdə olan zaman Sumqayıt ŞPİ DYPŞ-nin YPX əməkdaşının saxla əmri verdikdən sonra küçədə səs-küy salaraq, ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin polis sahə rəisi X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18.00 radələrində Şəxs idarə etdiyi “Opel” markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol hərəkəti qaydasını pozmuş, YPX inspektoru sürücüyə avtomobili saxla əmri verdikdə avtomobili saxlamış, YPX inspektoru ona etdiyi qayda pozuntusunu izah etdikdə aqressiv halda ucadan qışqıraraq qayda pozuntusu etmədiyini bildirmiş və küçədən keçən şəxslərin diqqətini özünə cəlb etməyə çalışmış, eləcə də dialoq zamanı ünvansız yerə nalayiq ifadələr işlətmişdir. Buna görə də, YPX inspektoru tərəfindən həmin əraziyə PPX əməkdaşları dəvət olunmuş və Şəxs aidiyyəti üzrə Sumqayıt ŞPİ 1-ci PB-yə gətirilmiş, sonuncu barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati protokol tərtib olunaraq xx.xx.2024-cü il tarixdə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə tərəfindən təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 22 noyabr 2024-cü il tarixdə saat 18.00 radələrində Sumqayıt şəhəri ərazisində avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmuş, YPX əməkdaşının saxla əmrindən sonra avtomobilini saxlamış və xəstəliyi ilə əlaqədar onunla kobud danışmışdır. Şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq əməli törədərkən ətrafında digər şəxslərin olduğunu, onların diqqətini özünə cəlb etdiyini, əməlindən peşman olduğunu, həmin polis əməkdaşına üzrxahlıq etdiyini, xəstəliyinin və yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alaraq cərimə inzibati tənbehinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 bildirmişdir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsinə əsasən hazırlanmış materiallarla tanış olmuş, onun səmimi peşmançılığını və himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq ona İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Sumqayıt ŞPİ DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X5 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18.00 radələrində xidmətdə olduğu zaman “Opel” markalı ** LL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydlarını pozduğu üçün tərəfindən saxlanılmış, sürücüyə yaxınlaşaraq özünü təqdim edib törətdiyi qayda pozuntusunu ona izah etdikdən sonra inzibati protokol tərtib etmək istəyən zaman sürücü aqressivlik nümayiş etdirmiş, yüksək səslə qışqıraraq ətrafda olan şəxslərin nəzərini öz üzərinə çəkmiş, ünvansız nalayiq ifadələr işlətmiş, bu səbəbdən aidiyyəti üzrə Sumqayıt ŞPİ 1-ci PB-yə gətirilməsi təmin olunmuş, polis bölməsində öz peşmançılığını bildirmiş, üzrxahlıq etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 32-ci maddəsinə əsasən Şəxs təqsirini etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan inzibati qaydada tutma barədə protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19.00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cı maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115.1, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 100 (yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs Sumqayıt ŞPİ 1-ci PB tərəfindən xx.xx.2024-cü il tarixdə saat 19.00-da tutularaq saxlanması nəzərə alınsın və onun üzərində 50 (əlli) manat cərimə tənbehi saxlanılsın. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar