Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2888/2024 25.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X1, zərərçəkmiş şəxs Həmidov Müşfiq İslam oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1983-cü ildə, Quba rayonu, Aşağı Atuc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, Quba rayonu, Aşağı Atuc kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi tərəfindən məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 16-nın dəhlizində Həmidov Müşfiq İslam oğluna məxsus Redmi 9C markalı telefonu oğurlamışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, baş leytenantı X3 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə özünə kirayə ev baxmaq məqsədilə Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 16 ünvanına getmiş, ev sahibi ilə danışdıqdan sonra yataqxananın dəhlizində Həmidov Müşfiq İslam oğlunun usta kimi işlədiyini görmüş, sərxoş olduğundan Həmidov Müşfiq İslam oğluna məxsus şkafın üzərində olan Redmi 9C markalı telefonu oğurlamışdır. Daha sonra Həmidov Müşfiq İslam oğlu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ona məxsus telefonun oğurlanmasına dair ərizə ilə müraciət etmişdir. Aparılan araşdırma nəticəsində inzibati xətanı törətmiş Şəxs xx.xx.2024-cü il tarixdə PB-nə gətirilmiş, verdiyi izahatında özünü təqsirli hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildimişdir ki, Sumqayıt şəhərində evlərdə usta kimi işləmiş, xx.xx.2024-cü il tarixdə kirayə qalmağa ev axtarmaq üçün 41-ci məhəllədə yerləşən yataqxanaya gəlmiş, yataqxananın dəhlizində bir nəfər tanımadığı şəxsin başının qarışıq olduğunu görüb telefonunu götürmüş və yataqxanadan çıxmışdır. Əməli törədərkən içkili halda olmuşdur. Həmin telefonu xx.xx.2024-cü il tarixdə bir nəfər tanımadığı şəxsə 35 manata satmışdır. Etdiyi əməldən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam ödəmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı yataqxananın dəhlizində fərdi fəaliyyətlə məşğul olarkən Şəxs onun yanında dayanıb suallar vermiş, onun fikri işə yayındığından telefonu götürüb yataqxananın arxa qapısından qaçıb getmişdir. Daha sonra baş vermiş hadisə barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə məlumat vermiş, aparılan araşdırma nəticəsində Şəxs müəyyən edilərək PB-nə gətirilmişdir. Bundan sonra Şəxs tərəfindən ona dəyən ziyanın tam ödənildiyini, Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam ödəmiş və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərəçəkmiş şəxs barışmış, dəymiş ziyan ödənilmiş, zərərçəkmiş şəxsin hazırda Şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351- 1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı ödədiyi üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 saata görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yradım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 39.2, 43, 48-51, 53, 114.1.4, 115-117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2888/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2888/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver