Məhkəmə qərarları › İş №3(060)-2889/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2889/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2889/2024 25.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvanını dəqiq bilmədiyi mənzildə kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 25 noyabr 2024-cü il tarixli MN1746773 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-494/2024 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş, nəticədə icra sənədi üzrə ümumilikdə 5280 manat məbləğində borcu ödəməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(004)-494/2024 saylı icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa münasibətdə 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında qərar və elektron icra sistemi vasitəsilə borcluya SMS göndərilmişdir. Borclu sentyabr ayına kimi İdarəyə gəlməmiş, xx.xx.2024-cü il tarixdə çağırışa əsasən İdarəyə gəlmiş, izahatı alınmış və hər ay ödəniş edəcəyini bildirmişdir. Lakin heç bir ödəniş olmadığına görə tələbkar alimentin ödənilməsi üçün müvafiq orqanlara müraciət etmişdir. Borclu barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərilmişdir. Bu gün borclu İdarəyə gəlmiş, izahatı alınmış, 500 (beş yüz) manat ödəniş etmək imkanının olduğunu bildirmiş, lakin tələbkar həmin məbləğdə ödənişi qəbul etməyərək aliment məbləğinin tam ödənilməsini tələb etmişdir. Borclunun 5280 (beş min iki yüz səksən) manat aliment borcu yaranmışdır. Ona görə də, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, heç bir ödəniş etmədiyini etiraf edir, lakin hər dəfə uşaqlarla görüşdükdə onlara paltar, telefon, məktəb vaxtı isə məktəb geyimləri və dəftər kitab ləvazimatları ilə təmin etmişdir. Atasının və anasının onun himayəsində olduğunu, avtomobilinin yandığını, əvvəllər işləmədiyini və maddi vəziyyəti zəif olduğu üçün aliment məbləğini ödəyə bilməmişdir. Hazırda işləyir, bu gün 500 (beş yüz) manat ödəniş etmək imkanı olduğunu, qalan məbləği isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Göstərilən halları nəzərə alaraq inzibati məsuliyyətə cəlb edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirmişdir ki, Şəxs hazıradək aliment məbləğindən heç bir ödəniş etməmiş və nəticədə 5280 (beş min iki yüz səksən) manat aliment borcu yaranmışdır. Şəxs bu gün aliment borcundan 500 (beş yüz) manat ödəniş etməsini qəbul etmir, aliment məbləğindən ən azı 1000 (min) manat ödənilməsini tələb edir. Borclu barəsində qanunamüvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs tələblə bağlı xəbərdar olunmuş, lakin mahiyyətini tam dərk etməmişdir. Ödəniş etməkdən yayınmaq fikri yoxdur. Hazırda qismən ödəniş etmək istəyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-494/2024 saylı icra sənədindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşağa münasibətdə 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 ödənilməli, alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixindən hesablanmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 494/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs bildirişi xx.xx.2024-cü il tarixdə rəsmi qaydada qəbul etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-494/2024 saylı icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşağa münasibətdə 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 ödənilməli, alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixindən hesablanmalıdır. İş üzə 26 aprel 2024-cü ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2024-cü il tarixdə rəsmi qaydada borcluya təqdim edilmişdir. Lakin, borclu ödənişləri etmədiyi üçün onun bu günə kimi 5280 (beş min iki yüz səksən) manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri etməməsi, həmçinin icra idarəsində gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 25 noyabr 2024-cü il tarixdən saat 16.40-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X5 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 25 noyabr 2024-cü il, saat 16.40-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar