Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2890/2024 25.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* seriyalı, xx.xx.2024-cü il tarixli protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4430/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş, ödəməli olduğu aylıq aliment məbləğini ödəmədiyi üçün ümumlikdə 4160 manat borcu yığılmış, həmin borcdan heç bir ödəniş etməmişdir. Protokolu tərtib etmiş icra məmuru Kənan Məhərrəmov izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd olunan icra vərəqəsinə əsasən Şəxs 4160 manat borc tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Həmin icra sənədi əsasında qəbul edilmiş icraata başlamaq haqqında qərar və bildiriş borcluya təqdim edilmiş, lakin tələb könüllü icra müddətində, nə də sonraki vaxtlarda icra edilməmişdir. Kənan Məhərrəmov qeyd edir ki, 2021-2022-ci illər ərəfəsində borclu tərəfimizdən icra idarəsinə dəvət olunmuş, qeyd olunan icra sənədinə əsasən aliment ödənişi barədə məlumat verilmişdir. Lakin, tələbkar Zərərçəkmiş şəxs şifahi danışıqları zamanı onlara heç bir şikayətinin olmadığını, bununla bağlı ərizə ilə yazılı müraciət edəcəyini bildirmişdir. Daha sonra iş yükünü çoxluğu ilə əlaqdar təkrar borclunu dəvət edə bilməmişlər. 2024-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs yenidən ərizə ilə müraciət edərək, ərizə verildiyi tarixə kimi 3800 manat aliment ödənişinin borclu Şəxs tərəfindən ödənilməsini tələb etmişdir. Bildirir ki, borclu ümumi aliment borcundan bu günə kimi 1000 manat ödəmişdir. Təxminən 2 ay öncə borclu ilə telefon vasitəsilə əlaqə saxlanılmış, lakin borclunun işi ilə əlqədar ölkə xaricində olduğunu, ölkəyə qayıtdıqdan sonra İcra idarəsinə yaxınlaşacağı vədi verdiyini, ölkəyə geri döndükdən sonra idarəyə yaxınlaşmadığını bildirmışdır. Borclu Şəxsla yenidən əlaqə saxlamış, lakin o gəlməmişdir. Kənan Məhərrəmov qeyd edir ki, borclu barəsində axtarış verilmiş, axtarış nəticəsində gətirilmişdir. Qeyd edir ki, borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Elektron İcra İnformasiya sistemindən rəsmi gəliri 345 manat göstərilsə də, borclu ilə danışıqlar zamanı məlum olmuşdur ki, sistmedə göstərilənlər formal xarakterlidir. Əmək haqqı borcluya fərdi şəkildə ödənilir. Qeyd edir ki, hazırda borclu ilə tələbkar arasında borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə edilmiş, barışmışlar. Protokolu müdafiə edir, qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbkar Zərərçəkmiş şəxs ilə bu günə kimi eyni evdə yaşadıqlarını, sosial yardım almaq üçün formal olaraq boşandıqlarını bildirmişdir. O, borclunun tələbi ilə razı deyil, aliment ödənişlərini qəbzlə etməsə də, zəruri ərzaq xərclərini, uşaqlarının məktəb ehtiyaclarını, kommunal ödənişləri özünün qarşıladığını qeyd edir. Məhkəmə iclasında elan edilmiş qısamüddətli fasilə zamanı yığılmış aliment məbləğini hissə-hissə ödəyəcəyi barədə tələbkarla qarşılıqlı razılığa gəlmişlər. Yığılmış borcu hər ay davamlı olaraq minimum 300 manat olmaqla ödəyəcəyinə söz verir. Tələbkarla razılaşdıqlarının nəzərə alaraq icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclunun bügünki günə ona ödənilməmiş 4040 manat borcu var. İndiyərədən bir yerdə yaşasalar da borclu Şəxs yalnız ara-sıra komunal ödənişlərin ödənilməsində kömək etmişdir. İndiyədək ona ödənilməli alimentdən cəmi 1000 manat ödənilmiş, qalan borc qalmaqdadır. Bildirir ki, məhkəmə iclasında qısamüddətli fasilə zamanı borclu ilə yığılmış aliment borcunun hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Hazırda şikayət və tələbi yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim edir. Odur ki, məhkəmənin icraatında olan hazırki inzibati xəta haqqında iş üzrə icraatda xitam verilməsini xahiş edir. Barəsində protokol tərtib edilmiş Şəxs vəkili Vəkil borclunun hərəkətlərində hər hansı qərəz olmadığını, aliment borcunu qəbzlə təsdiq etmək mümkün olmasa da, tələbkarla eyni evdə yaşadıqlarını, birgə təsərrüfat apardıqlarını bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Bakı şəhəri Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4430/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2021-ci il tarixdən başlayarq, xx.xx.2015-ci il təvəllüdlü Hüseyn və xx.xx.2021-ci il təvəllüdlü Eynulla Cəfərovların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra vərəqəsinin könüllü icrası barədə bildirişdən görünür ki, Şəxs qərarı və könüllü icra barədə bildirişi xx.xx.2021-cü il tarixdə qəbul etmişdir. “Borclunun axtarılması haqqında” 18.09..2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, borclunun tələbkara 3800 manat aliment borcu vardır. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş Axirə Şıxalıyeva borclu Şəxsla borcun hissə-hissə ödənilməsi barədə razılaşmış, hazırda şikayət və tələbi yoxdur, odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borclu Şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla bugünki tarixədək ödənilməmiş 4040 manat aliment borcu yaranmış, məhkəmə iclasında tərəflərlə aparılan profilaktik söhbətdən sonra onlar aralarında borcun hissə-hissə ödənilməsi barədə razılaşmış, zərəçəkmiş şəxs inzibati işin icrraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərəçəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, icra məmuru “İcra Haqqında” qanunda nəzərdə tutulmuş bütün mümkün icra tədbirləri həyata keçirmədən, elektron sistemdə borclunun əmək haqqı alması barədə qeyd olunmasına baxmayaraq tələbin əmək haqqıya yönəldilməsini təmin etmədən, o cümlədən borcun ödənilməməsinin nəticələri barədə borclu ilə profilaktik söhbətlər aparmadan daha sərt inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Bundan başqa, göründüyü kimi borclu ilə zərəçəkmiş şəxs (tələbkar) arasında borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə edilmiş, Axirə Şıxalıyeva (Cəfərova) inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində hazırki vəziyyətdə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqqı hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2890/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2890/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver