Məhkəmə qərarları › İş №3(060)-2893/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2893/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2893/2024 26.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Fövqəladə Hallar Nazirliyində sürücü vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat bağları, ünvan 2şayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Sultanlı X7 rayon Məhkəməsinin 2(034)-70/2024 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə üzürlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və qərar üzrə 12126 (on iki min yüz iyirmi altı) manat tələbkarın xeyrinə ödəniş etməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 bildirmişdir ki, Zəngilan rayon Məhkəməsinin 2(034)-70/2024 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 12.000 (on iki min) manat məbləğində borc və 126 (yüz iyirmi altı) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Borcluya icraata başlamaq haqqında elektron icra sistemi vasitəsilə SMS göndərilmişdir. Sumqayıt şəhər 3 saylı notariat ofisinin xx.xx.2023cü il tarixli icra qeydinə əsasən Şəxs 4000 (dörd min) manat və tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 4025 manat 00 qəpik (dörd min iyirmi beş manat sıfır qəpik) pul tutularaq X2 ödənilməlidir. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsində hər iki icra sənədi bir icraatda birləşdirilmiş, hazırda 4025 (dörd min iyirmi beş) borc tələbi üzrə icra sənədinə əsasən borclunun əmək haqqından hər ay 50% tutulur. Borclu İdarəyə gəlmiş, ondan icra sənədini icra etmək tələb olunmuş, o, borcun tam ödəməsinə imkanı olmadığını bildirmiş və əgər ödəniş etməsə onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddədi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı izah edilmişdir. Borclunun izahatı alınmış, protokol tərtib olunanadək borclu və tələbkar razılığa gəlməmiş, barəsində protokol tərtib olunmuş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, borcu olmasını qəbul edir, hazırda borcun hissə-hissə ödənilməsi barədə tələbkarla razılığa gəldiklərini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirmişdir ki, hazırda borcun ödənilməsi ilə bağlı borclu ilə aralarında razılıq əldə edilmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 bildirmişdir ki, işin hallarından da hüquqlarını müdafiə etdiyi şəxsin heç bir təqsirinin və ya qərəzinin mövcud olmadığı görünür. Belə ki, qalan borcla bağlı da tələbkarla aralarında razılıq əldə edilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan rayon Məhkəməsinin 2(034)-70/2024 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 12.000 (on iki min) manat məbləğində borc və 126 (yüz iyirmi altı) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 3 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, Şəxs 4000 (dörd min) manat və tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 4025 manat 00 qəpik (dörd min iyirmi beş manat sıfır qəpik) pul tutularaq X2 ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zəngilan rayon Məhkəməsinin 2(034)-70/2024 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-ci il tarixli bildirişdən görünür ki, Zəngilan rayon Məhkəməsinin 2(034)-70/2024 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-ci il tarixli bildirişdən görünür ki, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydi üzrə tələbi könüllü icra etməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər 3 saylı notariat ofisinin 8İ-13075 saylı, 19.11,2023-cü il tarixli və Zəngilan Rayon Məhkəməsinin 2(034)-70/2024-025 saylı xx.xx.2024-cü il tarixli icra sənədlərinin “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən ümumi icraatda birləşdirilmişdir. İş materillarına əlavə olunmuş zərərçəkmiş şəxs X1 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə razılığa gəlmişlər, razılıq əldə olunduğu üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu tərəfindən ödənişlərin gecikdiriməsi halları olsa da, həmin hallar onun qərəzli münasibətindən irəli gəlməmişdir. İş məhkəmədə baxılan zaman ödəniş barədə tələbkarla razılıq əldə edilmişdir. Qeyd edilən hallar isə borclunun qərəzli olmamasını təsdiq edir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmələrə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar