Məhkəmə qərarları › İş №3(060)-2896/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2896/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2896/2025 26.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, xx.xx.1989-cu il tarixdə Mingəçevir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də işləyən, Yevlax rayonu, Havarlı ərazi dairəsi, Hacıselli kəndi qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün məhkəməyə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərara əsasən vəzifəli şəxs Şəxs –"xxxx" MMC-nin əməyin mühafizəsi üzrə mühəndisi vəzifəsində işləyən, “Əməyin mühafizsəi standartları sistemi, İşçilərin mühafizə vasitələri, Ümumi tələblər və təsnifatı, DÜST 12.4.011-89 DÜST”-ün 2.5-ci bəndinin və “Əməyin mühafizəsi üzrə mühəndisin vəzifə təlimatı”nın 2.17-ci bəndinin tələblərini pozaraq,15 avqust 2025-ci il tarixdə ,saat 20:40 radələrində "xxxx" MMC-də inşaat fəhləsi işləyən Zərərçəkmiş şəxs təhlükəli və zərərli istehsalat amillərindən qorunma üçün nəzərdə tutulmuş fərdi mühafizə vasitəsi olan əlcəklə təmin edilmədən işə buraxılmasına yol verdiyinə görə, Zərərçəkmiş şəxs zavodun “Keyfiyyətə nəzarət sahəsi” adlanan zonasında defektli məhsul götürüb kənara qoymaq istəyərkən keramik plitənin qırılması zamanı sonuncuya dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən sol saidin aşağı 1/3-nin ön-iç səthinin kəsilmiş yarası, orta sinirin və 1-2-ci barmaqların bükücü vətərlərinin kəsilməsi xəsarəti yetirilmiş, bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətasını törətmişdir. xx.xx.2025-ci il tarixində məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər Prokurorunun nümayəndəsi X1 bildirmişdir ki, Şəxs "xxxx" MMC-nin əməyin mühafizəsi üzrə mühəndisi vəzifəsində işləyən, “Əməyin mühafizsəi standartları sistemi, İşçilərin mühafizə vasitələri. Ümumi tələblər və təsnifatı, DÜST 12.4.011-89 DÜST”-ün 2.5-ci bəndinin və “Əməyin mühafizəsi üzrə mühəndisin vəzifə təlimatı”nın 2.17-ci bəndinin tələblərini pozaraq,15 avqust 2025-ci il tarixdə, saat 20:40 radələrində "xxxx" MMC-də inşaat fəhləsi işləyən Zərərçəkmiş şəxs təhlükəli və zərərli istehsalat amillərindən qorunma üçün nəzərdə tutulmuş fərdi mühafizə vasitəsi olan əlcəklə təmin edilmədən işə buraxılmasıına yol verdiyinə görə, Zərərçəkmiş şəxs zavodun “Keyfiyyətə nəzarət sahəsi” adlanan zonasında defektli məhsul götürüb kənara qoymaq istəyərkən keramik plitənin qırılması zamanı sonuncuya dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən sol saidin aşağı 1/3-nin Ön-İç səthinin kəsilmiş yarası, orta sinirin və 1-2-ci barmaqların bükücü vətərlərinin kəsilməsi xəsarəti yetirilmiş, bununla da o, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətasını törətmişdir. xx.xx.2025-ci il tarixində məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, "xxxx" MMC-də keyfiyyətə nəzarət bölməsində işləyir. Vəzifə funksiyası qüsurlu olan malları müəyyən etməkdir. Hadisə baş verən gün üzərində ləkə olan kafellərdən birini götürdüyü zaman kafel ikiyə bölünmüş, bu zaman kafelin böyük parçası sol əlinin, digər parçası isə sağ əlinin üstünə düşərək yaralamışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirir ki, işə başladığı ilk gün təlimat verilsə də, heç vaxt əməyin mühafizəsi vasitələri ilə təmin olunmamışdır. Hadisə baş verən zaman da adi mülki geyimdə olub, heç bir mühafizə vasitəsilə, əlcəklə təmin olunmayıb, təlimat keçirilməyib. Bildirir ki, təlimatlar SƏTƏM tərəfindən keçirilir. Müvafiq nəzarəti isə SƏTƏM və qrup fəhlələri gecə və gündüz növbələri üzrə həyata keçirir. Qeyd edir ki, bu müəssisədə işçilərin bir qismi əməyin mühafizəsi vasitələri və geyimlərlə təmin olunsa da, bəzi qismi təmin olunmamışdır Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onların qrup rəhbəridir. Hal-hazırda Şəxs həmin müəssisədə fəaliyyət göstərir, özü isə aldığı xəsarətlərlə bağlı olaraq işləmir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-ci maddəsində nəzərdə tutulan əməli törətməsi Zərərçəkmiş şəxs izahatı, məhkəmə-tibbi və məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizalarının rəyləri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Prokurorluğunun müstəntiqi X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-in 39.1-1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs və "xxxx"MMC barəsində inzibati icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1317 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol saidin aşağı 1/3-nin ön-iç səthinin kəsilmiş yarası.Orta sinirin və 1-2-ci barmaqların bükücü vətərlərin kəsilməsi xəsarətləri vardır. Qeyd olunan xəsarətlər kəsici kənarlı alətlə, ola bilsin ki, zərəçəkənin göstərdiyi şəraitdə kafel parçasının sol saidi kəsməsi nəticəsində əmələ gəlmişdir, müddəti zərərçəkənin Sumqayıt TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/6284 saylı əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyindən görünür ki, "xxxx"MMC-də inşaat fəhləsi işləyən Zərərçəkmiş şəxs təhlükəli və zərərli istehsalat amillərindən qorunma üçün nəzərdə tututlmuş fərdi mühafizə vasitəsi olan əlcəklə təmin edilmədən işə buraxılması keramik plitənin qırılması zamanı sonuncunun əlindən xəsarət almasına gətirib çıxarmışdır. Baş vermiş hadisə ilə əlaqədar, “Əməyin mühafizsəi standartları sistemi. İşçilərin mühafizə vasitələri. Ümumi tələblər və təsnifatı. DÜST 12.4.011-89 DÜST”-ün 2.5ci bəndinin və “Əməyin mühafizəsi üzrə mühəndisin vəzifə təlimatı”nın 2.17-ci bəndinin tələbləri pozulmuşdur. "xxxx"MMC-də inşaat fəhləsi işləyən Zərərçəkmiş şəxs təhlükəli və zərərli istehsalat amillərindən qorunma üçün nəzərdə tututlmuş fərdi mühafizə vasitəsi olan əlcəklə təmin edilmədən işə buraxılmasına yol verildiyinə görə, “Əməyin mühafizsəi standartları sistemi. İşçilərin mühafizə vasitələri. Ümumi tələblər və təsnifatı. DÜST 12.4.011-89 DÜST”-ün 2.5-ci bəndinin və “Əməyin mühafizəsi üzrə mühəndisin vəzifə təlimatı”nın 2.17-ci bəndinin tələbləri cəmiyyətin əməyin mühafizəsi üzrə mühəndisi tərəfindən pozulmuşdur. Müəyyən edilmiş pozuntularla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmaması hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətindən kənardır. Zərərçəkmiş şəxs fərdi mühafizə vasitəsilə təmin olunmadan istehsalat sahəsində işlərin görülməsinə buraxıldığını nəzərə alaraq, onun tərəfindən qayda və təlimatların pozulması halı müəyyən edilmir. İş materiallarında olan Şəxs izahatından görünür ki, 1 avqust 2023-cü ildən "xxxx" MMC-nin əməyin mühafizəsi üzrə mühəndisi işləyir. 15 avqust 2025-ci il tarixdə, saat 20də o, 12 saatlıq növbə əsasında zavoda işə başladı. Saat 20:40 radələrində Keyfiyyətə nəzarət sahəsində inşaat fəhləsi işləyən Zərərçəkmiş şəxs hazır kafel məhsulunu əlinə alıb kənara qoyarkən kafelin parçalanması və bir hissəsinin sol qoluna düşüb kəsməsi nəticəsində xəsarət aldı. Həmin vaxt hadisəni görməmişdir, lakin zavodun ərazisində idi. Ona məlumat verilən kimi o dərhal Zərərçəkmiş şəxs Sumqayıt şəhər TTYX-na apardı. Orada Zərərçəkmiş şəxs tibbi yardım göstərilərək yarasına cərrahi tikiş qoyuldu. Zərərçəkmiş şəxs işə rəhbərlik və nəzarəti onun qrup rəhbəri və Keyfiyyətə nəzarət sahəsinin rəisi olan Çin Xalq Respublikası vətəndaşı həyata keçirir. Onun ad və soyadını dəqiq bilmir. Sahə rəisi qrup rəhbərinə işin görülməsi ilə bağlı göstəriş verir, qrup rəhbəri də öz növbəsində işçilərə, yəni Zərərçəkmiş şəxs işlərin görülməsi ilə bağlı göstəriş verir. Hadisə vaxtı Zərərçəkmiş şəxs əməyin mühafizəsi və əmək təhlükəsizliyi qaydalarına riayət etməsinə nəzarət edən və cavabdeh olan şəxs qrup rəhbəri olmuşdur. O, Zərərçəkmiş şəxs hadisə vaxtı xüsusi geyim, əlcək, çəkmə, maska, qolçaq və digər ləvazimatlarla təmin edilməməsinin səbəbini bilmir. O hər dəfə mütəmadi olaraq işçilərə təhlükəsizlik qaydalarını izah edirəm, onlardan bunu tələb edir. Lakin işçilər bunu yerinə yetirməyəndə faktiki olaraq onun digər tədbirləri görməyə səlahiyyəti çatmır. Bu səbəbdən də aktiv olaraq bu məsələlərə müdaxilə edə bilmirəm. MMC-də rəhbər vəzifələrdə işləyən Çin Xalq Respublikası əməkdaşları ilə bu məsələlərdə anlaşılmazlıq yaranır. Buna görə də bu məsələlərə müdaxilə etmək olmur. Qeyd olunan avadanlığın sənədləri ilə tanış olmamışdır. Hadisənin baş verməsinin texniki səbəbi Zərərçəkmiş şəxs hadisə vaxtı təlimatlandırılmasına baxmayaraq təhlükəsizlik qaydalarını pozaraq kafeli öz bədənin yaxın vəziyyətdə götürməsi və fərdi mühafizə vasitələrindən yəni, xüsusi geyim, qolçaq, əlcək və çəkmədən istifadə etməməsi olmuşdur. Belə ki, o dəfələrlə işçiləri təlimatlandırmışdır ki, kafeli üfüqi istiqamətdə götürüb kənara qoysunlar ki, kafel sındığı halda onların üzərinə deyil kənara düşsün. Lakin hadisə vaxtı Zərərçəkmiş şəxs kafeli şaquli vəziyyətdə götürmüş və kafelin parçalanması halında onun üzərinə düşmüşdür. Bundan əlavə o xəstəxanadan hadisə yerinə qayıdıb onun yanında olmuş işçidən hadisə barədə məlumat alanda bildirdi ki, Zərərçəkmiş şəxs kafeli götürdükdən sonra avadanlığın kənarında olan metal çıxıntıya onu toxundurmuş və kafel bunun nəticəsində parçalanmışdır. Belə olduğu halda Zərərçəkmiş şəxs səhlənkarlıq edərək kafeli götürdükdən sonra onu qeyd olunan metal çıxıntıya toxundurmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs izahatından görünür ki, 2024-cü ilin sentyabr ayında Sumqayıt şəhəri Texnologiya Parkında yerləşən "xxxx" MMC-nin zavodunda inşaat fəhləsi kimi işə başlamışdır. Sonra oradan işdən azad edildi. 4 avqust 2025-ci il tarixdə yenidən MMC-də inşaat fəhləsi kimi işə qəbul edildi. Onunla əmək müqaviləsi bağlanmış və sosial tibbi sığortası həyata keçirilmişdir. O növbənin üzvü kimi 8 saatlıq iş növbələri ilə orada işləyirdi. 15 avqust 2025-ci il tarixdə, saat 16-da onun işlədiyi növbə işə başladı. O növbədə Keyfiyyətə nəzarət sahəsində işləyirdi. Ondan başqa 4 nəfər də həmin sahədə işləyirdi. Onlardan iki nəfər qadın Çin Xalq Respublikası vətəndaşı idi. Digər iki nəfər kişi isə Azərbaycan Respublikası vətəndaşlarıdır. Ad və soyadlarını xatırlamır. Onlardan biri köhnə işçi idi, digəri isə 2-3 ay olardı ki, işə başlamışdı. Zavodda xammaldan kafellərin tam avtomatik hazırlanması üçün dəzgahlardan ibarət sistematik qurğu quraşdırılmışdır. Mənim işlədiyim sahədə artıq qablaşdırmağa hazır olacaq kafellərin keyfiyyətinə nəzarət edirik. Lentin üstü ilə bizim işlədiyimiz yerə gələn kafellərdə qüsur olmadığı təqdirdə həmin kafellərə müdaxilə etmirlər. Lakin həmin kafellərin içərisində sınıq, əzilmiş və ya üzərinə ləkə düşmüş kafel olduqda həmin kafeli lentdən götürüb kənara qoyuruq. 15 avqust 2025-ci il tarixdə, saat 20:40 radələrində mən işdə olarkən üzərində nöqtəvarı ləkə olan kafeli lentin üstündə görüb onu hər iki əlimlə götürdüm, kafel əllərimdə olarkən ortadan sındı. Parçalarından biri sol bilək nahiyyəsinin üstünə düşdü və həmin nahiyyəmdə ağır xəsarət aldım. Məni dərhal işçilərin köməkliyi ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına çatdırdılar. Orada onun sol biləyinə tikiş qoyuldu, evə buraxıldı. Səhər saatlarında mən "xxxx" MMC-nə çağırıldım. MMC-nin maddi dəstəyi ilə Bakı şəhərində yerləşən Elmi Tədqiqat və Travmatologiya institutuna getdim, orada cərrahiyyə əməliyyatı olundu. Lakin həkimin bildirməsinə görə ən az 5 il müddətində sol əlimin heç bir barmağından istifadə edə bilməyəcəm. Bildirirəm ki, mən hadisə vaxtı maska və əlcək geyməmişdi. Çünki ona MMC tərəfindən maska və əlcək verilməmişdi. Belə ki, 11 avqust 2025-ci il tarixdə ona əlcək verilmişdi. Həmin əlcək 12 avqust 2025-ci il tarixdə artıq yararsız halda idi. Ona 12 avqust 2025-ci il tarixdə əlcək verilmədi.13 avqust 2025-ci il tarixdə o istirahət günü ilə bağlı işə getməmişdi. 14 avqust 2025-cı il tarixdə qrup rəhbəri ad və soyadını bilmədiyi şəxs istirahət günü ilə əlaqədar işə gəlməmişdi. Buna görə həmin gün də ona əlcək verilmədi. 15 avqust 2025-ci il tarixdə yenə o növbədə işə başlayanda əlcək verilmədi. Maska isə ümumiyyətlə verilməmişdir. Onun işinə qrup rəhbəri nəzarət və rəhbərlik edir. Həmin şəxs Azərbaycan Respublikası vətəndaşıdır Azərbaycanlı qrup rəhbəri isə Çın Xalq Respublikası vətəndaşı olan qrup rəhbərinə tabedir. İş prosesində əmək təhlükəsizliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarəti növbədə olan SƏTƏM işçisi həyata keçirir. Hadisənin baş verməsinin texniki səbəbi lentin üstü ilə gələn kafelin keyfiyyətsiz olması və kafelin ortadan bölünmə ehtimalına qarşı mənim hər hansı təhlükəsizlik vasitələrinin olmamasıdır. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə işə qəbul olanda tanış edilmişəm, müvafiq sənədləri imzalamış, lakın heç bir qayda izah edilməmişdir. Bundan sonra da təhlükəsizliklə bağlı heç bir sənədi imzalamamış, heç bır qayda izah edilməmiş, təlim keçirilməmişdir. Hər dəfə növbədə işə başlayanda işə gəlməkləri ilə bağlı sənədi imzalayıblar. O 4 avqust 2025-cı il tarixdən etibarən işə buraxılmağına baxmayaraq ona xüsusi geyim vasitəsi, çəkmə verilməmişdi. Hadisə vaxtı da üzərində həmin vasitələr olmamışdır. Məhkəmə qeyd edir ki, əməyin mühafizəsi üzrə mühəndisi vəzifəsində işləyən Şəxs vəzifəsi yalnız tabeçiliyində olan işçiləri təlimatlandırmaqla məhdudlaşmır, onun vəzifəsi həmçinin tabeçiliyində olan işçilərin işinə nəzarət edilməsi, sahədə texniki təhlükəsizlik və əməyin qorunması normalarını təmin etməkdən ibarətdir. İndiki halda Şəxs qeyd edilən vəzifələrini yerinə yetirməməsi, yəni tabeçiliyində olan işçinin işinə nəzarət etməməsi, onun işlədiyi sahədə texniki təhlükəsizlik və əməyin qorunması normalarını təmin etməməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İş üzrə məsuliyyəti istisna edən yaxud icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci bəndinin 5-ci yarımbəndinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi şəraitini təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda u Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə və 33-cü maddələrinə əsasən iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 198.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə məqsədə uyğundur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ekspertiza xərcləri dövlətə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar