Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2897/2024 05.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ24761997 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ24761997 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ24761997 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə dayanma (durma) qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. O, həmin qərarla razı deyil. Belə ki, həmin ərazidə, yəni Sumqatır şəhəri, 12-ci mikrorayon, 7A ünvanında Sumqayıt Dəmiryol Vağzalının yanında 01 ilə yaxındır ki, avtomobilini park edir. Qeyd edilən yer yolun hərəkət hissəsi deyil, heç bir qadağan edici 3.27 və ya 3.28 nişanları yoxdur. Qərara əlavə edilmiş fotoşəkillərdə də heç bir qadağan edici nişan əks olunmamışdır. Məhkəmə iclasında iştirak edən X3 şikayətinin maiyyətinə uyğun çıxış edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ24761997 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ24761997 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş “Asan Pay” ödəniş portalından, “SMS Radar” mobil tətbiqindən çıxarışlardan və fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ24761997 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ilə “Nissan” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqatır şəhəri, 12-ci mikrorayon, 7A ünvanında dayanmasına görə X3 Azərbaycan Respublikasının İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, avtomobil ara yolda saxlanılmış, həmin ərazi yol kənarı deyil, həmçinin ərazidə dayanma və durmanı qadağan edən hər hansı nişanın olmasını təsdiq edən müvafiq fotoşəkil materiallara əlavə edilməmişdir. Qərara üç foto şəkil əlavə edilmişdir (avtomobilin öndən və arxadan çəkilmiş fotoşəkilləri, həmçinin kənardan çəkilmiş avromobilin salonunun fotoşəkili) Beləliklə də, “Nissan” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanma və durma qaydalarının pozulması ilə park edilməsi öz təsdiqini tapmamışdır. Göstərilən səbəbdən də məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, EQ24761997 saylı elektron inzibati tənbeh vermə haqqında qərar üzrə sürücü inzibati xəta hadisəsi mövcud olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-in 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ24761997 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ24761997 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 adına qeyd edilmiş xx.xx.2024-cü il tarixli, EQ24761997 saylı elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2897/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2897/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver