Məhkəmə qərarları › İş №3(060)-290/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-290/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-290/2022 28.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunu sədrliyi, X4 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru - X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X6, İcra sənədi üzrə tələbkar – X1 iştirakı ilə xx.xx.1968-ci ildə Cəbrayıl rayonu, Qumlaq kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 8 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Toğrul Baxşəliyev tərəfindən 25.01.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (069)-262/2018 saylı, 30.04.2018-ci il tarixli icra vərəqəsi ilə müəyyən edilmiş tələbin icrası ilə bağlı icra məmurunun tələbini üzrlü səbəb olmadan icra etməmiş və 2894 manat borcun ödənişini təmin etməmişdir. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (069)-262/2018 saylı, 30.04.2018-ci il tarixli icra sənədi üzrsüz səbəbdən icra edilmir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Baxşəliyev bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (069)-262/2018 saylı, 30.04.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3.814 ( üç min səkkiz yüz on dörd) manat dəymiş maddi ziyan və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, cəmi 3844( üç min səkkiz yüz qırx dörd) manat alınaraq iddiaçı X2 verilməlidir. İcra sənədi üzrə ödənilməyən borc məbləği hazırda 2894 manat təşkil edir. İcra işi üzrə bütün zəruri icra tədbirlərinin görülməsinə baxmayaraq borclu şəxs tərəfindən bu günədək icra sənədinin tam icrası mümkün olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, həqiqətən də Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-262/2018 saylı, 30.04.2018-ci il tarixli icra vərəqəsinə əsasən ondan 3844 manat alınaraq iddiaçı X2 verilməlidir. İcra sənədi üzrə bu günədək 950 manat ödəniş etmişdir. Sonuncu dəfə 2021-ci ilin aprel ayında manat ödəniş etmişdir. Səhhətində problemlər olduğu üçün iş tapa bilmədiyini, Ölkədə mövcud olan pandemiya səbəbindən iş yeri bağlandığından sonradan borcundan ödəniş edə bilməmişdir. Borcunu ödəməmək kimi bir niyyəti yoxdur, lakin hazırda ödəniş etməyə maddi imkanı çatmır. Odur ki, barəsində inzibati iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar X3 çıxışında bildrimişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (069)-262/2018 saylı, 30.04.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs tərəfindən ona ödənilməli olan 2894 ( iki min səkkiz doxsan dörd) manatdan 1000 ( bir in) manat ödənilmişdir. Hal-hazırda o barəsində protokol tərtib edilmiş şəxs Şəxs ilə barışmışdır. Belə olan halda Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra sənədi üzrə tələbkarın izahatlarını və müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2 (069)- 262/2018 saylı, 30.04.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3.814 ( üç min səkkiz yüz on dörd) manat dəymiş maddi ziyan və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, cəmi 3844 ( üç min səkkiz yüz qırx dörd) manat Şəxs tutularaq tələbkar X2 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş icra sənədi üzrə tələbkar şəxsin 28.01.2022-ci il tarixli ərizəsindən görünür ki, barəsində inzibati xətaq haqqında protokol tərtib edilmiş şəxs Şəxs tərəfindən ona verilməli olan 2894 ( iki min səkkiz doxsan dörd) manat pulun 1.000 (bir min) manatı ödənilmişdir və o borclu ilə barışmışdır . Odur ki, Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə Şəxs tərəfindən hazırda ödəniş edilməsi və gələcəkdə də ödənişlər etməkdən imtina etməməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil X8 tərəfindən göstərilmiş 4 saat hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar