Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-290/2025 31.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi hərbi polis qarnizonunda qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3322 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 600 (altı yüz) manat tələbkar X5 ödənilməli olsa da, üzürsüz səbəbdən borclu 1800 (min səkkiz yüz) manat aliment borcunu ödəməkdən qərəzli yayınmışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X9 bildirmişdir ki, borclu Şəxs borclu olduğu müvəqqəti təminat tədbiri ilə bağlı aliment işi xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. İcra sənədi İcra İdarəsinə daxil olduqdan sonra borclunun elektron informasiya sistemindən əldə olunmuş məlumata əsasən aliment borcunu ödəyə biləcək təqaüdü olduğuna görə mütəmadi olaraq alimenT məbləği 2024-cü ilin oktyabr ayına kimi tutulmuşdur. Oktyabr ayından təqaüd dayandırıldığından noyabr, dekabr və 2025-ci ilin yanvar aylarında aliment ödənilməmişdir. Bu barədə tələbkarın Ədliyyə Nazirliyinə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanladığı şikayətləri olmuşdur. Borclu noyabr ayında onun telefon zənglərinə cavab versə də, dekabr və yanvar aylarında onun zənglərinə cavab verməmiş və xx.xx.2025-ci il tarixdə onun barəsində axtarış elan olunaraq icra olunması üçün Sumqayıt ŞPİ-yə göndərilmişdir. Bu gün borclu polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Borclunun ödənilməyən 1800 (bir min səkkiz yüz) manat borcu olmuş, bu gün həmin borcdan 750 (yeddi yüz əlli) manat ödəniş etmiş və cəmi 1050 (bir min əlli) manat aliment borcu qalmışdır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2-ci Qarabağ Müharibəsi iştirakçısıdır, 3-cü qrup müharibə əlilidir, son 3 aydır ki, Azərbaycan Respublikası ƏƏSMN tərəfindən təqaüdü dayandırılıb, bu səbəbdən 1800 (bir min səkkiz yüz) manat aliment borcu yaranıb. Alimenti ödəməkdən qərəzli olaraq yayınmır, uşaqları saxlamaq vəzifəsinin olduğunu bilir, xəstəliyi ilə əlaqədar özünə iş tapa bilmir, müharibə əlilliyinin bərpa edilməsi məqsədi ilə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verib. Hazırda 1800 (bir min səkkiz yüz) manat borcdan 750 (yeddi yüz əlli) manatını ödəmişdir. Barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 hüquqlarını müdafiə etdiyi Şəxs əlilliyinə xitam verilməsi, müharibə iştirakçısı olması, hazırda 1800 (bir min səkkiz yüz) manat borcdan 750 (yeddi yüz əlli) manat ödəməsini nəzərə alaraq Şəxs barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3322/2024 saylı, xx.xx.2024-cü tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2024-cü ildən başlayaraq hər uşaq üçün ayda 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub xx.xx.2023-cü ildə doğulmuş X6 və xx.xx.2017-ci ildə doğulmuş X7, xx.xx.2015-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X5 verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3322/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu qərarla tanış edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında Şəxs tərəfindən təqdim edilmiş, iş materiallarına əlavə edilmiş 141364 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqədən məlum olur ki, Şəxs müharibə veteranıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmurunun, Şəxs izahatlarından və iş materiallarından göründüyü kimi icra sənədi üzrə borclu tərəfindən ödənişlərin gecikdirilməsi halları olsa da, həmin hallar onun qərəzli münasibətindən irəli gəlməmişdir. Borclu əvvəllər ödənişlər etmiş, bu günədək məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğindən 1800 (min səkkiz yüz) manat borcu yaransa da, məhkəmə iclası başlamazdan əvvəl 750 (yeddi yüz əlli) manat ödəyərək aliment borcunu 1050 (bir min əlli) manata endirmişdir. Şəxs müharibə əlilliyinə görə ödənilən müavinətin dayandırılmasından sonra borcun yaranması, onu aliment borcunu ödəməkdən azad etməsə də, qeyd edilənlər borclunun qərəzli olmamasını təsdiq edir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmələrə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 04 saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-290/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-290/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver