Məhkəmə qərarları › İş №3(060)-2900/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2900/2023

30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2900/2023 30.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 27 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının (konsolidə edilmiş) 2023-cü ildə audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirilməməsi göstərilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 27 noyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Hazırda məhkəmədə baxılan inzibati protokol tam əsassız olmaqla bərabər eyni zamanda ciddi prosessual pozuntulara yol verilməklə tərtib edilmişdir. Protokol Cəmiyyətin hər-hansı bir səlahiyyətli şəxsinin iştirakı olmadan, yalnız Maliyyə Nazirliyinin əməkdaşı tərəfindən imzalanaraq tərtib edilmişdir. Maliyyə Nazirliyi tərəfindən göndərilmiş məktubdan aydın olur ki, MN № ******* saylı inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi əsas götürülərək Maliyyə hesabatların mətbu orqanda və ya internet səhifəsində dərc edilməməsinə görə tərtib edilmişdir. Maliyyə Nazirliyi inzibati xəta haqqında protokolu onunla əsaslandırmışdır ki, müəssisə konsolidə edilmiş maliyyə hesabatını 30 iyun 2022-ci il tarixindən gec olmayaraq təşkilatın rəsmi internet səhifəsində yerləşdirməmişdir. Qaydalara nəzər yetirdikdə aydın olur ki, iyun ayının 30-u tarixi ilə əlaqədar tələb yalnız maliyyə hesabatlarının təqdim edilməsinə aiddir, maliyyə hesabatlarının dərc edilməsi ilə bağlı sonuncu dərc edilmə tarixi nəzərdə tutulmamışdır. Yuxanda qeyd edilənlərdən də tam aydın olur ki, protokol maddi və prosessual qayda pozuntusu ilə əsassız olaraq tərtib edilmişdir. Ona görə də, iş üzrə icraata xitam verilməlidir. Nümayəndə qeyd edilən etirazını yazılı şəkildə də məhkəməyə təqdim etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında isə "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmişdir. Ona görə də iş materiallarının Maliyyə Nazirliyinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən tərtib edilmiş 27 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının (konsolidə edilmiş) 2023-cü ildə audit rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirilməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2005-ci il tarixli 108 nömrəli Qərarına əsasən Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığortaçılardan, təkrarsığortaçılardan, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyridövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri aşağıdakı kimi müəyyən edilmişdir; İllik gəlir 200 milyon manat, hesabat ili ərzində işçilərin orta hesabla sayı 1500 nəfər, balansın yekun məbləği 500 milyon manat. Məhkəmə qeyd edir ki, meyarlara görə, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurum hesab olunması üçün təşkilatın illik gəliri 200 milyon manat, hesabat ili ərzində işçilərinin orta hesabla sayı 1500 nəfər, balansın yekun məbləği isə 500 milyon manat olmalıdır. Protokol tərtib etmiş orqan isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin illik gələrinin 200 milyon manat, hesabat ili ərzində işçilərinin orta hesabla sayının 1500 nəfər, balansın yekun məbləğinin isə 500 milyon manat olması ilə bağlı hər hansı araşdırma aparmamış və ya bu istiqamətdə araşdırma aparılmışsa belə məhkəməyə göndərilmiş materiallara bu barədə hər hansı sənəd əlavə etməmişdir. Həmçinin məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin sənədlər iş məhkəmədə olduğu dövrdə də təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar